Slimfit
  1. ƏDƏBİYYAT

Edqar Allan Po - Morq küçəsində qətl ( II hissə)

Edqar Allan Po - Morq küçəsində qətl ( II hissə)
Sakura

Edqar Allan Po - Morq küçəsində qətl ( II hissə)

- O biri küçəyə burulmamışdan qabaq, düzgün yadımda qalıbsa, gərək ki, atlar barəsində danışırdıq. Düz bu yerdə söhbətimiz kəsildi. Bax, bu küçəni keçərkən başında iri bir səbət olan göyərti satan cəld yanımızdan ötdü və sizi küçəni təmir etmək üçün bir yerə topalanmış daşların üstünə itələdi. Daşların birinə ilişib yıxıldınız. Çevrilib daş topasına baxdınız, sonra yolunuzu davam etdiniz. Hərəkətlərinizi xüsusi bir diqqətlə izləyirdim. Müşahidəçilik son zamanlar mənim üçün bir növ təlabata çevrilib. Onu deyim ki, sıx-sıx pilətələr döşənmiş Lamartin döngəsinə çatanadək baxışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə vardı. Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan bu nəticəyə gəldim ki, siz hələ də səki daşları barədə düşünürsünüz. Burada eyniniz açıldı, dodağınızın qaçmağını gördüm. Siz “stereotomiya” sözünü dediniz. Buna şübhə etmədim. Bu termin süni surətdə bu cür səki döşəmələri barədə deyilir. Başa düşdüm ki, “stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri gəlmişkən, Epikürün nəzəriyyəsi barəsindəki fikrə gətirib çıxaracaq. Bu, bizim yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə nəcib yunan aliminin son dərəcə heyrət doğuran dumanlı müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində əldə edilən nəticələriylə təsdiq edilməsindən və Epikürə lazimi qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı qaldırıb yuxarıya, Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər salacaqsınız. Siz yuxarı baxdınız və mən əmin oldum ki, sizin hərəkətlərinizi düz izləmişəm. “Müsenin” dünənki nömrəsində şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına tamamilə yaramazcasına sözlər yazmışdı: pinəçi faciə rolunda çıxış edərək çalışmışdır ki, öz adını dəyişdirsin. Latın müəllifindən bir sitat gətirmişdi. Həmin sitata söhbətlərimizdə bir neçə dəfə istinad etmişik. Bu sözləri nəzərdə tuturam: Bu sözləri nəzərdə tuturam: Perdid antiquum litera prima sonum* Sizə danışmışdım ki, burada Orion nəzərdə tutulur, bu söz keşmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də bildim ki, Orion sizi şantilyi haqqında düşünməyə sövq edəcək. Belə də oldu. Bunu sizin dodaqlarınızın qaçmasından bildim. Siz zavallı pinəçinin fədakarlığı barədə düşünürdünüz. Bura qədər yeriyərkən belinizi əymişdiniz, indisə gördüm ki, qəddinizi düzəltdiniz. Əmin oldum ki, siz şantilyinin balaca boyu haqqında üşünürsünüz. Elə bu yerdə düşüncələrinizə mane oldum. Dedim ki, bu şantilyi çox balaca olduğundan, “Varteye” teatrında oynasa daha yaxşı olardı. Bu söhbətdən azacıq sonra ikimiz də “Gazette des Tribunaux”-nun axşam nömrəsini nəzərdən keçirərkən, aşağıdakı başlıq diqqətimizi cəlb etdi. “Qeyri-adi qətl”: “Bu gecə saat üç radələrində Sen Rok məhəlləsinin sakinlərini aramsız dəhşətli qışqırtılar yuxudan oyatdı. Qışqırtılar Morq küçəsindəki madam L’Espanye və onun qızı madmazel Kamillanın yaşadığı binanın dördüncü mərtəbəsindən gəlirdi. Içəri girmək üçün bağlı darvazanı sındırmaq lazım gəldi. On nəfərə qədər qonşu iki jandarmın müşayiəti ilə içəri doluşdu. Artıq qışqırtılar kəsilmişdi. Amma dəstə pilləkənin birinci pilləsinə təzəcə qədəm qoymuşdu ki, yuxarıda iki-üç acıqlı kişi səsi eşidildi. Adamlar dördüncü mərtəbəyə çatanda bu səslər də kəsildi. Tam sakitlik çökdü. Dəstə bir neçə yerə bölündü. Onlar bir otaqdan o birinə qaçırdılar. Dördüncü mərtəbədəki böyük arxa yataq otağına çatanda (otağın qapısı içəridən açarla bağlandığından, onu da sındırmalı oldular), gördükləri mənzərə onları dəhşətə gətirdi. Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və hara gəldi tullanmışdı. Orada bir çarpayı qalmışdı. Onun da üstündən yorğan-döşək götürülmüş və otağın ortasına atılmışdı. Stulun üstündə qanlı ülgüc vardı. Buxarının məhəccərinə iki-üç qom uzun, sıx, ağarmış qanlı insan saçı yapışıb qalmışdı. Görünür tükləri dəri ilə birlikdə qoparmışdılar. Döşəmədə dörd dənə napoleondr, bir dənə topaz qaşlı sırğa, üç böyük gümüş qaşıq, üç balaca melxior qaşıq və içində dörd min franka yaxın qızıl pul olan iki kisəcik vardı. Küncdəki kamodun siyirmələri açılmışdı. Görünür kimsə qurdalanmışdı, bununla belə, siyirmələrdə hələ də çox şey qalmışdı. Balaca dəmir seyf yorğandöş əyin altından tapıldı. Seyf açıq idi, açar da qapısının üstündəcə qalmışdı. Onun içərisində bir neçə köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox idi. Madam L’Espanyedən əsər-əlamət yox idi, ancaq buxarının ocaq yerinə xeyli qum tökülmüşdü. Bacanı yoxladılar. (Söyləyəndə adam dəhşətə gəlir.) Qızın başıaşağı vəziyyətdə olan meyitini dartıb oradan çıxardılar. Meyit başıaşağı dar bacanın içinə — yuxarıya pərçim edilmişdi. Hələ istiydi. Müayinə edərkən məlum oldu ki, bir neçə yerdən dəri sıyrılıb. Bu da, şübhəsiz, zorakılığın izləriydi. Sifətində çoxlu dərin cırmaq izləri, boğazında isə tünd qançırlar, dərinə işləmiş dırnaq izləri qalmışdı. Sanki məhrumu boğub öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə heç nə aşkar edə bilməyib, binanın dal tərəfindəki daş döşənmiş kiçik həyətə sarı getdi. Orada isə yaşlı xanımın meyitinə rast gəldilər. Boğazı elə kəsilmişdi ki, meyiti qaldırmağa cəhd etdikdə, baş qopub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə elə eybəcər kökə salınmışdı ki, onda insana oxşayan heç nə qalmamışdı. Bu dəhşətli müəmmanı açmaq üçün, əlimizdə hələlik azacıq da olsa imkanımız yoxdur”. Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:

“Morq küçəsində faciə baş verib. Bu fövqəladə və dəhşətli hadisə ilə əlaqədar olaraq çox adam dindirilmiş, amma sirri açmaq üçün təzə heç nə aşkar edilməmişdir.

Əldə olan ifadələr aşağıda təqdim edilir.

Paltaryuyan Polina Dübur ifadə verir ki, o mərhumların ikisini də üç ildir tanıyır. Bu müddət ərzində onlar üçün paltar yuyub.

Yaşlı xanımla qızı yaxşı yola gedirdilər. Bir-birinə çox mehriban idilər. Onun zəhmət haqqını xəsislik etmədən verirdilər.

Onların həyat tərzi və yaşayış vasitələri barəsində heç nə demir. Güman edir ki, xanım fala baxır, bununla da dolanırdılar.

Xanımın çoxlu pulu olduğunu güman edir. Paltar yumağa çağırılarkən və paltarı yuyub geri qaytararkən evdə heç vaxt kənar adama rast gəlməyib.

Onların qulluqçusu olmadığına əmin idi.

Evin dördüncü mərtəbəsindən başqa, görünür, heç yerdə avadanlıq olmamışdır.

Tütün köşkünün sahibi Pyer Moro ifadə verir ki, dörd il müddətində xanım L’Espanyeyə az miqdarda tütün və burunotu satıb.

Mərhum xanımın və qızının cəsədləri tapılan otaqda yaşadıqları altı ildən çox olardı. Orada əvvəlcə bir zərgər yaşayar və üst otaqları müxtəlif adamlara kirayə verərdi.

Ev xanım L’Espanyenin şəxsi mülkiyyətiydi, kirayəçilər evə pis baxdıqlarından, onları evdən çıxarıb, yuxarı mərtəbəyə özü keçib. Kirayəşin saxlamaqdan imtina edib.

Yaşlı xanım uşaq kimi idi. şahid bu altı il müddətində xanımın qızını ən çoxu beş-altı dəfə görmüşdü.

Ana-bala həddindən artıq qapalı həyat tərzi keçirirmiş. Deyilənə görə onların pulu varmış.

Qonşular arasında xanım L’Espanyenin fala baxdığını deyənlər də vardı, amma şahid ona inanmırdı.

O, evə heç vaxt ana-baladan, arabir dalandardan və bəzən həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.

Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez baş çəkdiyini deyən olmadı. Xanım L’Espanye və qızının haradasa dostlarının olub-olmadığını da bilən yox idi. Küçəyə baxan pəncərələrin qapıları nadir hallarda açılardı.

Dördüncü mərtəbədəki böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr daim bağlı olardı.

Ev bir o qədər də köhnə deyildi və yaxşı vəziyyətdəydi. Jandarm Isidor Müze göstərir ki, onun arxasınca səhər saat üç radələrində gəlmişdilər.

O gələndə darvazanın yanında iyirmi-otuza qədər adam vardı. Onlar içəri keçməyə cəhd göstərirdilər.

Nəhayət, onlar qapını süngü ilə açdılar. Qapı ikitaylı olduğundan, yuxarı və aşağıdan siyirmə ilə bağlanmadığından onun açılması bir o qədər də çətinlik törətmədi.

Qışqırtılar darvaza açılana qədər davam etdi və sonra qəflətən kəsildi.

Yəqin ki, bunlar ağrıdan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı qışqırtısı idi. şahid qabağa düşüb yuxarı mərtəbəyə qalxdı.

Birinci pilləkənin başına çatanda acıqlı və ucadan eşidilən iki səs eşitdi. Səslərdən biri xırıltılı, o biri isə ciyiltili idi.

Çox qəribə səs idi. Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız sözləri idi. Əmin idi ki, o səs qadın səsi deyildi: “sacre” və “diable” sözlərini ayırd edə bilib.

Ciyiltili səs yadelli adamın səsi idi, amma şahid onun qadın və ya kişiyə məxsus olduğuna əmin deyildi.

O nə dedildiyini başa düşə bilməyib, ancaq yad adamın ispanca danışdığını güman edir.

Otaq və meyitlərin vəziyyəti şahid tərəfindən biz dünən təsvir etdiyimiz kimi verilib.

Qonşu, zərgər Henri Duval göstərir ki, o, evə birinci girən adamlardan olub, bütövlükdə Müzenin dediklərini təsdiq edir.

Giriş qapısından içəri daxil olan kimi onu yenidən bağlayıblar ki, gecə yarısı olmasına baxmayaraq, tezliklə oraya toplaşan camaat içəri doluşmasın. şahidin zənnincə, ciyiltili səs italyan səsinə, xırıltılı səs isə fransız səsinə oxşayırmış.

Ciyiltili səsin kişi səsi oldu1una əmin deyildi.

Qadın səsi də ola bilərdi. Onun italyan dili ilə tanışlığı yoxdur. Sözləri ayırd edə bilməyib, lakin intonasiyasından danışanın italyan olduğunu güman edir. şahid madam L’Espanye və onun qızını tanıyırmış.

Onlarla tez-tez söhbət edərmiş. Ciyiltili səsin məhrumların heç birinə aid olmadığından əmindir.

Restoran sahibi Oden Heymer, şahid kimi özü könüllü surətdə ifadə verməyə gəlmişdi, fransızca danışa bilmədiyindən, tərcüməçi vasitəsilə dindirilirdi.

O, Amsterdam vətəndaşıdır. Qışqırtılar gələn zaman evin yanından keçirmiş. Qışqırtılar bir neçə dəqiqə, bəlkə də, on dəqiqə davam edib.

Çox dəhşətli və ürək parçalayan imiş. şahid evə daxil olan adamlardan biri olub.

Özündən əvvəlki ifadəni bir şeydən başqa hərtərəfli təsdiq edir.

O, ciyiltili səsin kişi səsi olub, fransıza məxsus olduğuna əmindir. O da deyilən sözləri ayırd edə bilməyib.

Sözlər ucadan və tez-tez deyilirmiş, başa düşmək olmurmuş. Qorxudanmı və ya qəzəbdənmi səs ciyiltidən çox xırıltıya oxşayırmış.

Ciyilti deyə bilməzdim, xırıltılı səsli adam elə hey “sacre” və “diable” və bir dəfə isə “Mon Dieu” sözlərini deyib. Dileron küçəsindəki “Mino və Oğulları” firmasının bankiri, Mino qardaşlarının yaşca böyüyü şül Mino ifadə verir ki, xanım L’Espanyenin bir qədər pulu vardı.

Onun kontorunda hansı ilinsə (səkkiz il əvvəl) yazında hesab açdırmışdılar. Xırda məbləğlərdə tez-tez pul qoyardılar.

Çek yazmazdı, ölümündən üç gün əvvəl şəxsən özü dörd min frank məbləğində pul götürdü.

Pullar qızılla ödənildi və bankın işçisi xanımı evinə qədər ötürdü. “Mino və Oğulları” firmasının qulluqçusu Adolf Le Von şahidlik edir ki, təyin edilmiş vaxtda, təxminən günorta zamanı, xanım ’Espanyenin iki kisəyə qoyulmuş dörd min frank pulunu onun evinə aparmışdır.

Qapını madmazel L’Espanye açmış, əlindəki kisələrdən birini götürmüş, digərini isə xanım özü ondan almışdır.

Sonra baş əyərək çıxıb getmişdir. O zaman küçədə heç kəsi görməmişdi.

Dərzi Uilyam Berd ifadə verir ki, ingilisdir, iki il Parisdə yaşayıb. Evə daxil olan adamlardan biri idi. Pilləkənləri birinci qalxanlardan olub. Mübahisəli səslər eşidib.

Deyir ki, xırıltılı səs fransıza məxsus idi. Bir neçə sözü ayırd edə bilib, amma hamısını xatırlaya bilmir. “sacre” və “Mon Dieu” sözlərini aydınca eşidib.

Bu sözlərdən sonra bir-biri ilə dalaşan, cırmaqlaşan bir neçə adamın səsini də eşidib.Ciyiltili səs xırıltılı səsdən daha uca gəlirmiş.

Səsin ingilis səsi olmadığına əmindir. Daha çox alman səsinə oxşayırdı. Güman ki, qadın səsi idi. O, almanca başa düşmürdü.

Yuxarıda adları çəkilən şahidlərdən dördü ikinci dəfə sorğu-sual edilərkən göstərmişdi ki, madmuazel L’Espanyenin meyiti tapılan yataq otağının qapısı adamlar gələndə içəridən bağlı idi.

Hər tərəfdə sakitlik hörm sürürdü. Nə inilti, nə də səs-küy eşidilirdi. Qapı sındırılarkən heç kəs görünmədi.

Ön və arxa otaqların pəncərələri aşağı salınmış və içəridən möhkəm bərkidilmişdi. Iki otağın arasındakı qapı örtülü idi, amma bağlı deyildi.

Qabaq otaqdan dəhlizə açılan qapı bağlı idi. Açar da qıfılın üstündə idi. Dördüncü mərtəbədə dəhlizin sonunda yerləşən kiçik anbarın qapısı azacıq aralı idi. Otaqda köhnə çarpayılar, yeşiklər və s. əşyalar vardı.

Bu şeylər də otaqdan ehtiyatla çıxarılaraq nəzərdən keçirildi. Otaqda diqqətlə nəzərdən keçirilməmiş bir yer belə qalmadı.

Damdakı otaq nəzərə alınmasa, ev dördmərtəbəli idi. Evin damına açılan qapı mismarlanmışdı, görünür, çoxdan açılmamışdı.

Söyüş səslərinin eşidildiyi vaxtla qapının sındırılaraq açılması arasındakı vaxtı şahidlər müxtəlif cür şərh etdilər. Bəziləri üç, bəziləri beş dəqiqə dedilər.

Qapı güclə açıldı. Tabutqayıran Alfonso Qarsio şəhadət verir ki, Morq küçəsində yaşayır və mənşəcə ispaniyalıdır. Evə girən adamlardan biri olub.

Yuxarı qalxmayıb, əsəbi olduğundan həyəcanlanmaq istəməyib. Söyüş eşidib.

Təsdiq edir ki, xırıltılı səs fransıza məxsus idi. Nə dediyini tuta bilməyib. Ciyiltili səs isə ingilisə məxsus imiş.

O, buna əmindir. Ingilis dilini başa düşmür, intonasiyasına görə belə mühakimə yürüdür.

Kolleksioner Alberto Mentani şəhadət verir ki, pilləkənləri birinci qalxanlar arasında olub, haqqında danışılan səsləri eşidib. Xırıltılı səslə fransız danışırmış. Bir neçə sözü tuta bilib.

Danışan, görünür, kimisə söyürmüş. Zənn edir ki, səs rus səsinə oxşayırdı.

Ümumiyyətlə, ifadəni təsdiq edir. Kolleksioner özü italyandır. Heç vaxt rusla əlaqəsi olmayıb.

Bir neçə şahid ikinci dəfə çağırılanda ifadə verdi ki, dördüncü mərtəbədəki bütün otaqların buxarıları dardır, oradan adam çıxıb-düşə bilməz.

Oranı buxarıtəmizləyənlə təmizləyirlər. Buxarıtəmizləyən dedikdə, silindr şəkilli şotka nəzərdə tutulur.

Bu şotkalar evdəki bütün buxarılara aşağı və yuxarıdan salınıb çıxarıldı. Adamlar üst mərtəbəyə qalxarkən, caninin ehtiyat nərdivanı olmadığından, necə düşüb getməsi barədə fərziyyələr öyləyirdilər.

Madmazel L’Espanyenin meyiti buxarıya elə pərçim edilmişdi ki, yalnız dörd-beş adam köməkləşib onu aşağı düşürə bildi.

Həkim Pol Düma ifadə verir ki, sübh tezdən onu meyitləri müayinə etmək üçün çağırdılar.

Meyitlərin ikisi də madmazel L’Espanyenin tapıldığı otaqda çarpayılardan götürülmüş döşəklərin üstündə idi.

Madmazelin meyiti daha çox qançırlı və gömgöy idi. Bu o demək idi ki, onu buxarıya güclə pərçim etmişdilər.

Boğazı bərk siyrilmişdi. Çənəsindən aşağıda dərin cırmaq yerləri görünürdü. Bir neçə göy-qırmızımtıl ləkələr vardı.

Bu, dırnaq izləri idi. Sifəti dəhşətli dərəcədə göyərmiş, gözləri hədəqəsindən çıxmışdı. Dili az qala kəsilmişdi.

Qarnının aşağı hissəsində iri bir qançır vardı, görünür, dizlə bərk basılmışdı. Həkim M. Dümanın fikrincə, madmazel L’Espanye bir və ya iki şəxs tərəfindən boğulub öldürülmüşdü.

Anasının meyiti isə dəhşətli surətdə eybəcər hala salınmışdı. Sağ qıçının və qolunun sümükləri sındırılmış, sol böyründəki bütün qabırğaları və eləcə də sol baldır sümüyü qırılmışdı.

Bütün bədəni dəhşətli dərəcədə qançır və cırmaq yarası ilə doluydu. Bədəninə xəsarətin nə ilə vurulduğunu demək çətindir.

Ağır ağac dəyənək, yaxud enli dəmir çubuq, stul qıçı, ağır küt silah yalnız çox güclü adam əlində olarkən bu zədələri bədənə vura bilərdi.

Heç bir qadın bu xəsarətləri heç bir alətlə yerinə yetirə bilməzdi. şahid görəndə mərhum qadının başı tamamilə bədənindən ayrılmış, olduqca eybəcər hala salınmışdı.

Boğazı, görünür, çox iti bir alətlə, güman ki, ülgüclə əsilmişdi. Cərrah Aleksandr Etyen M. Düma ilə bir yerdə meyirləri müayinə üçün çağırılmış, verilən ifadələrə və M. Dümanın fikrinə şərikdi.

Bir neçə başqa şəxsin də dindirilməsinə baxmayaraq, vacib bir şey hasil olmadı. Indiyə qədər Parisdə bu qədər sirli, belə dolaşıq bir qətl baş verməmişdi

 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR