Ədəbi dilin normalarına riayət etməyənlərin cərimələnməsi təklif olunur
“Yeni fəaliyyətə başlayacaq Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs bir sıra işlər görməklə yanaşı xarici ölkələrdən Azərbaycana idxal olunan bəzi məhsulların içlik vərəqələrin monitorinqini də aparacaq”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
“Mərkəzin əsas fəaliyyət istiqaməti dilin saflığının qorunması və ədəbi dilin normalarına riayət olunmasından ibarətdir. Bununla yanaşı, xaricdən ölkəmizə idxal olunan məhsulların içlik vərəqələri Monitorinq Mərkəzindən müşahidədən keçiriləcək. Bir müddət əvvəl biz ölkəmizə idxal olunan dərmanların içliklərinin monitorinqlərdən sonra tərcüməsinə və anlaşıqlı şəkildə izahına nail olmuşuq. Bunun faydasını hamımız görürük”, - deyə, M.Nağısoylu əlavə edib.
Akademikin sözlərinə görə, Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzi bu ilin ortasına qədər fəaliyyətə başlayacaq: “Biz Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin nizamnaməsini, ştat vahidini, strukturunu hazırlayıb təkliflərimizi verdik. Biz öhdəmizə düşən bütün vəzifələrini yerinə yetirdik. Mərkəz geniş səlahiyyətli publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Biz Monitorinq Mərkəzi tərəfindən ədəbi dilin normalarına riayət etməyən müvafiq qurumların, fiziki və hüquqi şəxslərin cərimə olunmasını da təklif etmişik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət