Dərc edildi: Baxış sayı: 984
Əbülqasim Nəbati - Sərməst yıxıldım genə meyxanələr içrə
Sərməst yıxıldım genə meyxanələr içrə,
Oldum genə rüsva neçə fərzanələr içrə.
Yaxdım oda səccadəvü dəstarü ridanı,
Bir ad elədim mən dəxi pərvanələr içrə.
Ey şuxi-pəritələtü, ey sərvi-güləndam,
Gəzmə, səni tari, belə biganələr içrə.
Ol nərgisi-məstin nə füsungərdi, xudaya,
Saldı məni Məcnun kimi divanələr içrə.
Gəl ver mənə bir cam də, ey saqiyi-gülfam,
Ta məst yazım bu sözü əfsanələr içrə.
Billah, bu büti-lalərüxün yoxdu nəziri,
Baxdım neçə min surətə bütxanələr içrə.
Ol gənci-xəfidən bir əsər bilmədim axir
Canım çürüdü heç yerə viranələr içrə.
Ey kövsər üçün ah çəkən zahidi-əbləh,
Meyxanədə gəl gör onu peymanələr içrə.
Qəvvas kimi qutə vurub bəhrə Nəbati,
Ol gövhəri istər tapa dürdanələr içrə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət