Dərc edildi: Baxış sayı: 858
Əbülqasim Nəbati - Ay nədir, nədir
Başına döndüyüm, bu necə haldır,
Dinməmiş deyirsən: ay nədir, nədir?
Başım çıxmaz mənim sənin dilindən,
Buyurginən görüm ay nədir, nədir?
Qurban olum üzündəki həyayə,
Qəmzə oxun mindirginən hey yayə,
Nə baxırsan maral kimi hey ayə?
Cəmalın yanında ay nədir, nədir?
Gözüm qan kasası, ürəyim şişə,
Məni kabab kimi çəkmisən şişə,
Rəqibi görüm ki, dam kimi şişə!
İllər-illər çəkə, ay nədir, nədir.
Nə baxırsan o sultanə, bu xanə?
Çox adamlar gəldi getdi bu xanə.
Genə bu gün işıqlanıb bu xanə,
Bilmirəm görünən ay nədir, nədir?
Həmd olsun Allaha, getdi a çillə!
Nəbati, az qaldı güllər açilə,
Bu müşgülüm, yarəb, kimdən açilə?
Yar dəstində tutan iynədir nədir?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət