Dərc edildi: Baxış sayı: 645
Əbülhəsən Vaqif - Verdim könül, inandım bir bivəfa nigarə
Verdim könül, inandım bir bivəfa nigarə,
Aldatdı, cövr qıldı, dil oldu parə-parə.
Zövrəq kimi vücudum qərq olmaq islər indi,
Qəm mövci başdan aşdı, çək ey xuda, kənarə.
Göz yaşım oldu cari, şəb ta səhər, üzümdən,
Yoxdur göy üzrə billah böylə axan sitarə.
Yoxdur təbibi-haziq, avarə qalmışam mən,
Bu dərdimə kim eylər, xaliqdən özgə çarə
Ey çərxi-dun, bəsimdir canımda zəxmi-qəmlər,
Gəl bundan artıq vurma bu zəf canə yarə.
Keçdi bahar, gəldi fəsli-xəzan, yetişdi,
Ey əndəlib, könlüm ümidi yox baharə.
Vaqif deyildi Vaqif, təqdirə çarə yoxdur,
Ümmid əlin gətirdi dərgahi-girdikarə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət