Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyinatı olub
Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyinatı olub.
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 1-də yeni direktor Vüqar İsayev qoruğun kollektivinə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə İsayev Vüqar Ürfət oğlu Qobustan Milli Tarixi-Bədii Qoruğunda direktor təyin olunub.
Qeyd olunub ki, bundan əvvəl də Mədəniyyət Nazirliyi sistemində çalışan V.İsayev Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxışı zamanı bildirib ki, həyata keçirilən islahatlar nəticəsində nazirliyin tabeliyində olan qoruqlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilib.
R. Bayramov Qobustan Milli Tarixi-Bədii Qoruğunun fəaliyyətinin nazirlik tərəfindən diqqətdə saxlanıldığını, qoruğun ölkəmizə gələn xarici qonaqların həmişə marağında olduğu nəzərə alınaraq burada xidmət səviyyəsinin daha da artırılmalı olduğunu vurğulayıb.
Sonda çıxış edən Vüqar İsayev qarşıya qoyulan vəzifələrin icrası üçün çalışacağını diqqətə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət