Dərc edildi: Baxış sayı: 3833
Əbdülxalıq Yusif - Nihani bəslənir ləlin xəyalı can arasında
Nihani bəslənir ləlin xəyalı can arasında,
Bəli, can riştəsi vardır, deyirlər, qan arasında.
Qübari-məqdəmin didəmdə müşküldür məkan tutsun,
Nə nisbət var gədayi-məhz ilə sultan arasında.
Gözün tiği-müjənlə tökdülər bir ləhzədə qanım,
Vəli, məhv oldu bu qan çeşmilə müjgan arasında.
Camalın nurunu bu hüsnilə dərk eyləməz zahid,
O biçarə nə bilsin ki, nə var Quran arasında.
Zəminü asimanda hər qədər fərq olsa, vazehdir,
O qədri var məsafət zöhd ilə ürfan arasında.
Tikandan gül çıxar, adət budur, amma nə nisbət var
Nəzərdə xar ilə ol qönçeyi-xəndan arasında.
Əgər keyfiyyəti-mey, cəzbəyi-eşq olmasa, Yusif,
Təfavüt bəs nədir insan ilə heyvan arasında?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət