DYP-dən sürücülərə müraciət
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı müraciət yayıb.
“Qafqazinfo” İdarəyə istinadən xəbər verir ki, müraciətdə deyilir:
“Sinoptiklərin məlumatına görə, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəriti qeyri-sabit keçəcək. Bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan havanın kəskin dəyişməsi gözlənilir.
Baş DYP İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormozlama etməkdən çəkinməyi tövsiyə edir.
Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət