Dərc edildi: Baxış sayı: 1066
"Düşmən nə etməlidir ki, sən onun cavabını verəsən, başqa nə etsin?!"
Son on gündə Azərbaycan ordusu cəbhə bölgəsində artıq ikinci şəhidini verir.
Belə ki, may ayının 30-da tabur komandiri Aqil Ömərov, dünən isə Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən düşmən gülləsinə qurban gediblər.
Azərbaycan tərəfinin cavabı isə “Ermənistan sülh danışıqlarını pozmağa cəhd edir”dən o yana keçmir.
Keçmiş xüsusi xidmət orqanları zabiti İlham İsmayıl cəbhədə son baş verənlər və Azərbaycan tərəfinin səssiz qalması ilə bağlı Yenicag.az-a açıqlama verib.
İlham İsmayıl bildirib ki, Azərbaycan tərəfi atəş açanları cəzalandırır, düşmən isə mükafatlandırır:
“Ermənistan müdafiə nazirinin mətbuat xidmətinin açıqlamalarını oxudum. Ermənistan ordusunun komandanlığı bu işləri görən hərbçiləri təltif edib. Ümumiyyətlə, erməni tərəfi açıq-aşkar bəyan edir ki, Azərbaycanı “cəzalandırmaq əməliyyatına” başlayıblar. David Tonoyan Azərbaycan hərbçilərini şəhid edən erməni işğalçılarını mükafatlandırıb. Erməni tərəfi bu tapşırığın yüksək səviyyədə yerinə yetirildiyini də sözlərinə əlavə edib. Azərbaycan isə erməni təxribatına belə cavab verib: “Erməni tərəfinin bu addımları sülh danışıqlarını pozmaqdır və bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”. Bilirsiniz, bu biabırçılıqdır! Məsuliyyət sözünü o zaman deyərlər ki, sən hansısa bir addım atasan, qarşı tərəf də ciddi itkilər verə və çıxıb bəyanat verəsən ki, “məsuliyyət Ermənistanın üzərinə düşür””.
Azərbaycan tərəfinin “düşmən təxribata çəkir” fikirinə isə İlham İsmayıl bu cür münasibət bildirib:
“Ermənistan təxribata çəkirsə, lap yaxşı, əlində bəhanən var, get torpağını azad et! Bu müharibədir, bunun başqa tərəfi yoxdur. Kənardan baxan deyir ki, Azərbaycan tərəfi torpaqlarının azad edilməsində maraqlı deyil. Düşmən nə etməlidir ki, sən onun cavabını verəsən, başqa nə etsin?! Azərbaycanda, Müdafiə Nazirliyində, cəbhə bölgəsində əminəm ki, düşmənin üzərinə getmək istəyən hərbçilər var. Sadəcə olaraq onlar cəzalandırılır. Ona görə də, cəza almamaq üçün Azərbaycan əsgəri, hərbi qulluqçusu erməniyə cavab vermir”.
İlham İsmayıl qeyd edib ki, son baş verənlər təslimçi sülhə hazırlıqdır:
“Bütün baş verənləri görən Azərbaycan cəmiyyəti elə bilir ki, biz qorxağıq, müharibə başlasa düşmən daha çox torpaqları işğal edəcək. Millətdə qorxu hissi yaradırlar. Milləti təslimçi sülhə hazırlamağın yolu budur. Sonda isə təslimçi sülh olacaq. Bunun başqa adı yoxdur”.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət