Slimfit
  1. DÜNYA

Dünyanın üç ölkəsində oxşarı olan "Əshabi-Kəhf" mağarası

Dünyanın üç ölkəsində oxşarı olan "Əshabi-Kəhf" mağarası
Sakura

Dünyanın üç yerində- Kiçik Asiyada, Fələstində və Türkiyədə bənzəri olsa da, müsəlmanların çoxu Azərbaycanda,…

Dünyanın üç yerində- Kiçik Asiyada, Fələstində və Türkiyədə bənzəri olsa da, müsəlmanların çoxu Azərbaycanda, iki dağ arasında yerləşən bu mağaranı ziyarət edirlər. Hər il xarici ölkələrdən yüzlərlə müsəlman bu məkanı ziyarət etmək üçün Naxçıvan Muxtar Respublikasına üz tutur. Müsəlmanların müqəddəs Ramazan ayında isə mağaranı ziyarət etmək istəyənlər üçün hətta dünyanın müxtəlif yerlərindən Naxçıvana turlar da təşkil olunur. Yəqin ki, çoxunuz söhbətin Naxçıvanda yerləşən məşhur "Əshabi-Kəhf" ziyarətgahından getdiyini anladınız...

Sputnik Azərbaycan müsəlman turistlərin Ramazan ayında ən çox ziyarət etdiyi bu məkandan, "Əshabi-Kəhf" ziyarətgahından reportajı oxuculara təqdim edir...

Culfa rayonunda Xəçəparaq adlı xaraba kəndin ərazisində yerləşən "Əshabi-Kəhf" ziyarətgahını Naxçıvan Hava Limanından 12 kilometrdən bir qədər çox məsafə ayırdığından, ziyarətə gələnlərin çoxu taksi xidmətindən istifadə edir. Amma elə Hava Limanındaca öyrənirik ki, möcüzəvi sirləri özündə yaşadan "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksini Ramazan ayında ziyarət etmək istəyən çoxsaylı turistlərin, zəvvarların rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni Naxçıvan-"Əshabi-Kəhf"-Naxçıvan avtobus marşrutu fəaliyyətə başlayıb. Bu marşrut hər gün 2 reys olmaqla, gündə iki dəfə Naxçıvan şəhərindəki avtovağzaldan "Əshabi-Kəhf"ə və əks istiqamətə yola düşür. Həftənin şənbə və bazar günləri isə ziyarətgaha axın olduğundan, reyslərin sayı dördə çatdırılır. Amma biz vaxt məhdudiyyətindən ziyarətə taksi ilə yollanırıq.

Ziyarətgaha aparan yol abad, amma xeyli uzaq olsa da, yolda piyada insanlara da rast gəlirik. Taksi sürücüsü Fəridlə söhbət zamanı öyrənirik ki, "Əshabi-Kəhf"i ziyarət üçün insanlar daha çox minik maşınlarından istifadə etsələr də, zəvvarlar arasında niyyət edənlər diləkləri hasil olduğu üçün mağaraya piyada da gedirlər. Sürücü ziyarət yolunu ayaqyalın gedənlərin də az olmadığını söyləyir. Biz "Əshabi-Kəhf"ə çatdıqda sübh tezdən olsa da, artıq ziyarətgahda zəvvarlar dolaşırdı.

Bizi qarşılayan "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksinin əməkdaşı Səməd Qeybullayevlə söhbət zamanı öyrənirik ki, zəvvarlar bu məkanı günün bütün saatlarında ziyarət etsələr də, havalar isinəndən əsasən sübh vaxtı gəlirlər. Naxçıvanın Culfa rayonundan olan 61 yaşlı Səməd dayı artıq 22 ildir ki, ziyarətgahda çalışdığından, elə "Qurani Kərim"də adı keçən bu məşhur "Əshabi-Kəhf" mağarası haqqında ondan da məlumat alırıq. S. Qeybullayev deyir ki, hazırda Bənəniyar kəndinin ərazisində olan ziyarətgah nəinki Azərbaycanda, hətta dünyada da müqəddəs məkan kimi tanınır. Odur ki, ilin bütün aylarında "Əshabi-Kəhf"ə zəvvarlar gəlir. Ramazan ayında isə "Əshabi-Kəhf" mağarasına sözün əsl mənasında zəvvar axını olur:

"Əvvəla, "Quran"da adı keçən "Əshabi-Kəhf"in yeri tam dəqiq olmasa da, əsasən üç məkan üzərində dayanılır - Suriya, Türkiyə və Naxçıvan. Naxçıvandakı ziyarətgaha başqa ölkələrdən daha çox zəvvarların gəlməsi, diqqətin əsasən Naxçıvandakı "Əshabi-Kəhf" üzərində cəmləşdiyini deməyə əsas verir. "Əshabi-Kəhf ziyarətgahı" nəinki Azərbaycanda, dünyada tanınmış dini turizm obyektidir. Hətta el arasında belə bir deyim var ki, "Əshabi-Kəhf"i yeddi il ardı-ardına ziyarət etmək, Kərbala, Həcc ziyarətlərinə bərabər tutulur".

Səməd dayının sözlərinə görə, "Əshabi-Kəhf" zülmdən qaçanların qurtuluş yeri sayılır. Mağaranın müqəddəsliyi isə xalq arasında yayılmış və bir sira qaynaqlarda əksini tapmış rəvayətlə bağlıdır: "Rəvayətə görə, bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmünə dözə bilməyən vəzir Təmirxan bu zülmdən qurtarmaq üçün tək allahlığa inanan bir neçə dostu ilə şəhərdən qaçırlar. Qaçıb, yaxınlıqdakı mağaraya sığınırlar. Onları dərin yuxu aparır. Onlar bu mağarada üç yüz il yatırlar. Ayıldıqda isə artıq başqa dövr olduğunu öyrənirlər. İnsanlar bu möcüzəvi hadisəni bildikdən sonra mağaraya doğru axışırlar. Bundan qorxuya düşən Təmirxan və dostları Alahdan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir, hər biri qayaya söykəndikləri kimi də yox olur".

Səməd dayı deyir ki, mağaraya daxil olanlar orada dostların izlərini tapırlar və o vaxtdan mağara ziyarətgaha çevrilir.

Həmsöhbətimizin dediyinə görə, rəvayətlərdə Əhli-Beytin atası həzrəti Əlinin də bu mağaranı ziyarət etdiyi bildirilir: "Əshabi-Kəhf"də onun atı " Düldül" ün ayaq izləri bu gün də qayada qalır. İnsanlar, niyyət edib Düldülün ayaq izinin qaldığı həmin çalalara daş atırlar. Niyyəti hasil olanın daşı orda qalır. Bundan əlavə, "Əshabi-Kəhf"də ən çox ziyarət edilən, zəvvarların niyyət edib gəldikləri yer, "Damcıxana"dır. Elə ona görə də, buraya qədimdə "Damcılı Mağara" adı verənlər də olub."

Qeybullayev bildirib ki, havaların yağışlı və quraq keçməsindən asılı olmayaraq, burada damcı kəsilmir. Zəvvarlar, xəstələr, hər hansı bir arzusu olanlar niyyət edib oturur damcının altında. Əgər damcı başa və ya çiyinə düşərsə, niyyətin tez hasil olacağına, bədənin başqa yerinə düşərsə, nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli niyyət qəbul olmur".

İlandağ və Nəhəcir dağı arasındakı bu mağara təkcə müqəddəs məkan kimi yox, öz görünüşü ilə də bura gələnləri heyrətləndirir. Həmsöhbətimiz deyir ki, mağara dəniz səviyyəsindən 1666 metr hündürlükdə yerləşir: "1997-ci ilə qədər bu ziyarətgahda indi qalxıb-düşdüyünüz pilləkənlər yox idi. İnsanlar mağaraya ensiz, kələ-kötür pilləkənlərlə çıxıb-düşürdülər. 1998-ci ildən Ulu öndər Heydər Əliyevin tapşırığı ilə abadlıq işləri aparıldı. Tikintidə istifadə olunan daş və qum ziyarətgahdan götürülsə də, sementini və suyu əlimizlə daşıyıb bu pilləkənləri tikdik, ərazini abadlaşdırdıq. 200 metr yüksəklikdə dağın üzərində böyük məscid tikildi. Əvvəllər"Damcılı mağara"ya, "Cənnət bağı"na hər adam qalxa bilmirdisə, indi uşaqlar da rahat qalxıb-düşə bilirlər..." .

Ziyarətgahda olarkən buradakı zəvvarlarla da söhbətləşdik. Məlum oldu ki, zəvvarlar arasında bu "Əshabi-Kəhfi" ilk dəfə ziyarət edənlər olsa da, təkrar-təkrar ziyarət edənlər də az deyil. Türkiyə vətəndaşı Gülsüm Koç da artıq 6-cı dəfədir ki, "Əshabi-Kəhfi" ziyarət üçün Naxçıvana gəldiyini söyləyir. Bakı sakini Aysel Eyvazova isə "Əshabi-Kəhf"i ilk dəfədir ki, ziyarət etdiyini deyir. Onun sözlərinə görə, ziyarət üçün Ramazan ayını seçməsi isə bu ayın fəzilətindən yararlanmaq məqsədi güdür. Zəvvar bu ayda müqəddəs məkanda duaların daha tez qəbul olunacağına inandığını bildirir.

Elə bizim də "Əshabi-Kəhf"ə gəlişimizin bu günə təsadüf etməsi təsadüfi deyildi. Axı "Əshabi-Kəhf"in ən qonaqlı-qaralı günləri elə Ramazan ayı olur. Yolumuz uzaq olduğundan, təyyarəyə aldığımız uçuş biletinin vaxtına az qaldığından, Səməd dayı ilə sağollaşıb yola düzəldik. Biz möcüzələrlə dolu olan bu sirli və sehrli məkanı tərk etsək də, ziyarətgaha zəvvar axını davam edirdi...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR