Slimfit
  1. DÜNYA

Dünyanın önəmli su kanalları və boğazları

Dünyanın önəmli su kanalları və boğazları
Sakura

Dünyanın önəmli su kanalları və boğazları

İstanbul boğazı 

İstanbul boğazı Qara dəniz və Mərmərə dənizini birləşdirir. İstanbul şəhərini iki hissəyə ayırır. Həmçinin, Avropa və Asiyanın sərhəddi hesab olunur. Dünyada aktiv beynəlxaq ticarət aparılan ən dar boğazdır. Uzunluğu təqribən 30 km-dir. Ən dar yeri Kandilli və Aşiyan arasındadır. Osmanlı İmperiyası dövründə burada boğazdakı donanmalara nəzarət etmək üçün iki istehkam tipli qala tikilib. Üstündə Avropa və Asiyadakı nəqliyyat yollarını birləşdirən iki körpü inşa olunub.

Çanaqqala boğazı 

Çanaqqala boğazının uzunluğu 65 km, ən dar sahili isə 1250 metrdir. Ən dərin hissəsi isə 106 metr təşkil edir. Mərmərə və Egey dənizlərinin bir-birinə bağlayan bu boğazın ən geniş yeri 5,8 kilometr, ən dar yeri isə 1,25 kilometrdir. Boğazın dibində tərs axın mövcuddur. 

 Cəbəllütariq boğazı 

Cəbəllütariq boğazı Aralıq dənizi ilə Atlantik okeanını birləşdirir. Boğazın uzunluğu 60 km, eni 14-45 km, maksimum dərinliyi 324 metrdir. Cəbəllütariq boğazı dünyanın mühüm keçid nöqtələrindən biri hesab olunur. İl ərzində buradan təxminən 7000-7500 arası əsasən yük gəmisi keçir. Daha əvvəl İspaniyanın, uzun müddət və hazırda Britaniyanın nüfuz dairəsində olan Cəbəllütariq bir neçə dəfə dövlətlər arasında münaqişələrə səbəb olub. Hazırda Mərakeş və İspaniya arasında hələ də Leyla adası məsələsində gərginlik mövcuddur. Mərakeş sahillərindən 250 metr məsafədə olan Leyla adasına İspaniya da iddia edir.

Süveyş kanalı

Dünyanın daha bir kilid su keçid bölgəsi heç şübhəsiz ki, Süveyş kanalıdır. Aralıq və Qırmızı dənizlərini birləşdirən 163 km uzunluğunda Süveyş kanalı 1859-69-cu illərdə inşa olunub. Kanal Misir ərazisində yerləşir. və 70-125 metr enliyindədir. İl ərzində kanaldan təxminən 17 min gəmi keçir. Dünya dəniz nəqliyyatının 8 faizinin bu kanaldan keçdiyi güman olunur.

Panama kanalı

Dünyada mühüm əhəmiyyət kəsb edən daha bir kanal Panama kanalıdır. 1914-cü ildə istifadəyə verilən Panama kanalının uzunluğu 77 km-dir. Hər il təxminən 14 min gəmi Panama kanalından keçməklə Atlantik okeanından Sakit okeana və ya əksinə keçid edə bilir. İl ərzində təxminən 203 milyon ton yük daşınan kanal dünya dəniz nəqliyyatının ən böyük keçidlərindən biridir. Panama kanalı eyni adlı dövlətin ərazisində yerləşir və bu kanala qarşı iddialar olmasa da, məhz strateji önəmi səbəbindən bu ölkə uzun illər qeyri-sabitlik dönəmini yaşayıb.

Babül-Məndəb boğazı

Ərəbistan yarımadasının cənub-qərbinin qurtaracağı ilə Afrika arasında boğazdır. Qırmızı dənizi Ədən körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Uzunluğu 109 km, ən ensiz yeri 26 km, farvaterdə ən dayaz yeri 31 metrdir. Perim adası boğazı iki keçidə (Böyük və Kiçik) bölür. Boğazın böyük iqtisadi və strateji əhəmiyyəti var. Avropadan Şərqi və Cənubi Asiyaya, Avstraliyaya yol Babül-Məndəb boğazından keçir.

 Hörmüz boğazı 

Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğazdır. Şimal sahilində, İran və cənub sahilində Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı Musandam yerləşir. Boğazın ən ensiz yerindəki genişliyi 54 km (34 mil) dir.Bu neft ixrac edən Fars körfəzinin geniş sahələri üçün açıq okeana yeganə dəniz keçididir və dünyanın strateji cəhətdən ən əhəmiyyətli tıxanma nöqtələrindəndir.

Messin boğazı

Siciliya adasını Kalabrinin cənub sahilindən ayırır. Ən dar yerdə eni 3,1 km, enli yerdə isə 16 km təşkil edir. Boğazın Sicilya sahillərində Villa-San Covanni, Kalabrii sahillərində isə Redjo-di-Kalabrii şəhəri yerləşir. 1957-ci ildə boğaz üzərindən yüksək gərginlikli elektrik xətti çəkilir və bu dünyada ən hündür xətt olur. Sonradan xətt sualtı xətt ilə əvəzlənir.

Berinq boğazı

Çukot dənizi ilə Berinq dənizini bir birinə bağlayır. Berinq boğazı, Asiyanın ən şərq nöqtəsi (169 ° 44 ‘W) ilə Amerikanın ən qərb nöqtəsi (168 ° 05’ W) arasında bir boğazdır. Rusiya ilə ABŞ (Alyaska) arasında coğrafi bir sərhəd mövqeyində olması ilə birlikdə Amerika və Asiya qitələrinin bir-birinə ən yaxın olduğu yerdir.

Boğaz təxminən 92 km genişliyində, 30-50 m dərinliyində olub şimalındakı Çukot dənizi (Şimal Buzlu okean) ilə cənubundakı Berinq dənizini (Sakit Okean) bir-birinə bağlayır. 1648-ci ildə Semyon Dejnev tərəfindən keçildiyi qəbul edilməsinə baxmayaraq, adını boğazı 1728-ci ildə keçən Rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən almışdır. Buzlaq dövründə boğazın bir quru körpü rolu oynadığı məlumdur. 

Magellan boğazı

Boğaz Odlu Torpaq arxipelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayırır. Boğazın bəzi yerlərdə eni 3,5 km-ə çatır. Sahil hissələrində fiortlara rast gəlinir ki, bu da həmin hissədə gəmiçiliyə mane olur. Boğazın şərqdən qərbə ümumi uzunluğu 575 km təşkil edir. Ən dayaz yeri 20 m-dir. Bu boğazı keçən ilk avropalı Fernando Magellan olub. Uzun müddət Cənub torpağı adlı qitəsinin bir parçası olma ehtimalı vardı.

Malakka boğazı

Malay yarımadasını Sumatra adasından ayırır. Hind okeanına daxil olan Andaman dənizini Sakit okeana daxil olan Cənubi Çin dənizi ilə birləşdirir. Boğazın uzunluğu 805 km, eni isə ən dar yerdə 2,5 km təşkil edir. Strateji əhəmiyyət baxımından Süveyş kanalı və Panama kanalı ilə əhəmiyyətə malikdir. Bu yol Hind okeanı və Sakit okean arasında olan əsas dəniz yoludur. İl ərzində boğazdan 50,000 gəmi keçir. Onlar müxtəlif ölçülərə malik olsa da, dünya üzrə gəmilərin ¼ təşkil edir. Şərqi Asiya istiqamətində gedən neft daşımaları bu boğaz vastəsi ilə həyada keçirilir. Bu istiqamətindəki, daşımaların böyük qismi Yaponiya,Çin və Cənubi Koreyanın üzərinə düşür. İl ərzində boğazdan tankerlər vastəsi ilə 11 milyon barel xam neft daşınır. Bu səbəbdən burada terror və pirat təhlükəsi yüksəkdir. Boğazın ən dayaz yerində dərinlik 25 m təşkil edir. Burada əgər iri tonnajlı gəmi batırılarsa onda boğaz əhəmiyyətini itirər. 

Korinf kanalı

Yunanıstan ərazisində yerləşir. Kanal Saronik körfəzini Korinf körfəzi ilə birləşdirir, Peloponnes yarımadasını isə Balkan yarımadasından ayırır. Kanalın çəkilişi ilə Peloponnes yarımadası artıq adaya çevrildi. Uzunluğu 6,5, eni 16,5, dərinliyi 8 metrdir.

Kiel kanalı

Baltik dənizinin dünya sularına çıxmasında mühüm əhəmiyyətə malik kanaldır. Şimal Dənizində Elbe Çayı sahilindəki Brünsbüttelkooqdan şərqdə Baltik Dənizi sahilindəki Kiel limanında yerləşən Holtenauya qədər 98 kilometr uzanır.  İki dəniz arasındakı ən təhlükəsiz, qısa və ucuz nəqliyyat yoludur. Eni 103 m, dərinliyi 11 metr olan kanalın üzərində təxminən 42 m hündürlükdə yeddi körpü inşa olunub.

 

Mənbə: Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR