Slimfit
  1. AZƏRBAYCAN

Dünyanın nüfuzlu muzeylərində saxlanılan nadir Azərbaycan xalçaları üzə çıxır

Dünyanın nüfuzlu muzeylərində saxlanılan nadir Azərbaycan xalçaları üzə çıxır
Sakura

Dünyanın nüfuzlu muzeylərində saxlanılan nadir Azərbaycan xalçaları üzə çıxır

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) qarşısına qoyulan vəzifələrdən biri də xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəmizə mənsubluğunun göstərilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsidir.

“Azərxalça”dan AZƏRTAC-a bildirilib ki, cəmiyyət bu istiqamətdə gördüyü işləri Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirir. Dünyanın müxtəlif nüfuzlu muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan qədim Azərbaycan xalçalarının fotoşəkilləri əldə olunur, onların çeşniləri əsasında “Azərxalça”nın filiallarında xalçalar toxunur.

Nadir Azərbaycan xalçalarının saxlanıldığı mədəniyyət ocaqlarından biri də ABŞ-da fəaliyyət göstərən “Metropoliten” Muzeyidir. Yeddi min eksponatın qorunduğu muzeydə 45 xovlu və xovsuz Azərbaycan xalçası, namazlıqlar nümayiş etdirilir. Bu xalçalar Bakı, İrəvan, Naxçıvan, Qarabağ, Qazax-Borçalı, Quba, Şirvan və Təbriz qruplarına aid qiymətli sənət əsərləridir. Həmin xalçaların fotoşəkilləri ilə yanaşı, muzeydəki inventar nömrəsi və toxunduğu dövr barədə də məlumatlar əldə olunub. “Metropoliten” Muzeyində sərgilənən ən qədim Azərbaycan xalçaları XVII əsrdə toxunub. Həmin dövrə aid Quba və Qarabağ xalçaları, 1797-ci ildə toxunan, naxış kompozisiyasına görə seçilən İrəvan xalçası Azərbaycan xalqının istedadının, zəngin mədəniyyətinin göstəricisidir. Muzeyin kolleksiyasındakı xalçaların çoxu XIX əsrə aiddir. “Metropoliten”də sərgilənən xalçalar ölçülərinə görə fərqlənir və onlar əsasən yun xalçalardır.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti “Metropoliten” Muzeyindən fotoşəkilləri əldə olunmuş qədim Azərbaycan xalçalarının çeşniləri əsasında həmin xalçaların toxunmasını qarşısına məqsəd qoyub. Nəinki bu muzeydə, dünyanın müxtəlif ölkələrindəki muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılan xalçaların da çeşniləri əsasında yeni sənət əsərləri yaradılır.

Xatırladaq ki, “Metropoliten” Muzeyi ABŞ-ın Nyu-York şəhərində yerləşir. Muzeyin ekspozisiyası 600 kvadratmetrdən çoxdur. Muzeyi bir il ərzində beş milyondan çox insan ziyarət edir. “Metropoliten”ə eksponatların böyük hissəsi şəxsi kolleksiyaçılar tərəfindən verilib. Burada Rembrandtın avtoportireti, Velaskesin “4-cü Filipin portreti” kimi şah əsərlər, məşhur İtaliya rəssamlarından Bottiçellinin, Tisianın əsərləri yer alıb.

Muzeydə Asiya qitəsinin incəsənətinə dair nadir eksponatlardan ibarət böyük kolleksiya sərgilənir. “Metropoliten”də Asiyanın bütün sivilizasiyalarını, tətbiqi incəsənətini, rəssamlığını, heykəltəraşlığını, bədii metal tökmə sənətini əks etdirən bir çox eksponatlar vardır. Bu eksponatların sırasında sərgilənən qiymətli Azərbaycan xalçaları xalqımızın zəngin mədəniyyətini nümayiş etdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR