Dünyanın ən yaxşı ali təhsil müəssisələri
Britaniyanın təhsil sahəsi üzrə “Quacquarelli Symonds” məsləhətxanası məzunlarının məşğulluq səviyyəsinə görə ali təhsil müəssisələrinin reytinqini dərc edib.
Oxu.Az xəbər verir ki, reytinq dünya üzrə 42 min işəgötürən arasındakı sorğuya əsasən tərtib olunub.
Reytinq hazırlanan zaman tələbələrlə işəgötürən arasındakı əlaqə, məzunların nəticələri, işəgötürənlərlə əməkdaşlıq, məşğulluq səviyyəsi və bir sıra digər göstəricilər əsas götürülüb.
Məzunlarının məşğulluq səviyyələri yüksək olan 10 ali təhsil müəssisəsini təqdim edirik:
10. Oksford Universiteti
İngiltərənin Oksford şəhərində yerləşən Britaniya universitetidir. Dünyanın ən qədim universitetlərindən biridir, Britaniya adalarındakı ilk ingilisdilli universitetdir. Universitetin yaradılmasının dəqiq tarixi məlum olmasa da, artıq 1096-cı ildə orada tədrisin verildiyi haqqında məlumatlar var.
Böyük Britaniyanın və İrlandiyanın “ən qədim universitetlər” qrupuna, həmçinin, Böyük Britaniyanın ən yaxşı 24 universitetinin “Rassel” elit qrupuna daxildir.
Təhsil ödənişlidir. Oksford Universiteti dünya universitetlərinin nüfuzlu reytinqində qabaqcıl yerdədir.
9. Sinxua Universiteti
Çin Xalq Respublikasının aparıcı universitetlərindən biri olan Sinxua Universitetinin əsası 1911-ci ildə qoyulub. Çinin “Liqa S9” adlı doqquz elit ali təhsil müəssisəsindən biridir.
Sinxua Universiteti Çin Xalq Respublikasının milli universitetlər reytinqində daima birinci yeri tutur. Universitetin məzunlarının arasında bir çox alim, incəsənət xadimi və siyasətçi, o cümlədən, Çin Xalq Respublikasının son iki sədri - Xu Tsintao və Si Tsinpin var. Həmçinin, universitet Pekinin şimal-qərbi hissəsində keçmiş “Şuymu Sinxua” İmperator Parkının yerində inşa edilmiş mənzərəli kampusu ilə məşhurdur.
8. Berklidə Kaliforniya Universiteti
Berklidəki Kaliforniya Universiteti Kaliforniya ştatının Berkli şəhərində yerləşən ABŞ dövlət araşdırma universitetidir. Kaliforniya Universitetinin on kampusundan ən qədimidir.
Universitet kompüter və İT, iqtisadiyyat, fizika sahələri üzrə ən yaxşı mütəxəssislərin hazırlanmasına görə dünyanın ən yaxşı mərkəzlərindən biri hesab olunur. Berklidən olan fiziklər İkinci Dünya Müharibəsi zamanı atom bombasının və müharibədən sonra hidrogen bombasının hazırlanmasında mühüm rol oynayıblar.
Berklidən olan elm adamları tsiklotronu kəşf ediblər, antiprotonu tədqiq ediblər, lazerin hazırlanmasında həlledici rol oynayıblar, fotosintezin əsasında duran prosesləri izah ediblər, siborgium, plutonium, berklium, lourensium və kalifornium kimi bir çox kimyəvi elementi kəşf ediblər.
7. Kembric Universiteti
Kembric Universiteti - Böyük Britaniyanın ən qədim universitetlərindən biridir (Oksforddan sonra ikincidir) və ölkənin ən böyük universitetidir. Tələbələrin və aspirantların təhsil və elmi işləri universitetin altı “məktəbində” təşkil edilib.
Hər bir “məktəb” administrativ olaraq bir neçə fakültədən ibarət tematik qruplardan (kafedralar məcmusu), elmi-araşdırma institutlarından, laboratoriyalardan ibarətdir.
Kembric Universiteti ilə əlaqəli olan şəxslər arasında 88 Nobel laureatı var ki, universitet bu göstəriciyə görə dünyanın ali təhsil müəssisələri arasında qabaqcıl yer tutur.
6. Melburn Universiteti
Melburn Universiteti Avstraliyanın dövlət və Viktoriya ştatının ən qədim universitetidir. Universitetdə təxminən 40 min tələbə təhsil alır, universitetin heyəti isə altı min nəfərdən ibarətdir. Burada incəsənət, humanitar və biotibbi elmlər daha çox inkişaf edib.
Dünyanın ən nüfuzlu universitetlərinin sırasına daxildir. Universitet 11 fakültə və təhsil bölməsindən ibarətdir.
5. Sidney Universiteti
Sidney Universiteti Avstraliyanın ən qədim dövlət universitetidir. Avstraliyanın ən yaxşı universitetlərindən biridir və bir çox parametrə görə dünyanın ən yaxşı 20 universitetindən biri hesab olunur.
Sidney Universiteti 16 fakültədən və məktəbdən ibarətdir. Təhsil alan tələbələrinin sayına görə ən böyük fakültələr humanitar və sosial elmlər fakültələri və sahibkarlıq məktəbidir.
4. Harvard Universiteti
Harvard Universiteti ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən biridir, ABŞ-ın ən qədim ali təhsil müəssisəsidir. Massaçusets ştatının Kembric şəhərində yerləşir (Boston şəhər aqlomerasiyasının tərkibinə daxildir). Universitetin tələbələri, müəllimləri və əməkdaşları arasında 75 Nobel mükafatçısı olub.
Harvard Universiteti milyarder məzunlarının sayına görə ölkədə birinci yeri tutur, onun kitabxanası isə ABŞ-ın ən iri akademik kitabxanasıdır və böyüklüyünə görə ölkədə üçüncüdür.
3. Kaliforniya Universiteti
Kaliforniya Universiteti 10 ictimai Kaliforniya universitetinin birləşməsidir. Universitet ABŞ Energetika Nazirliyinin bir sıra araşdırma mərkəzlərini (milli laboratoriyaları) idarə edir.
2. Stenford Universiteti
Stenford Universiteti ABŞ-ın özəl universitetidir. ABŞ-da və dünyada ən nüfuzlu və reytinqi yüksək olan universitetlərədn biridir. Palo-Alto şəhəri yaxınlığında yerləşir (San-Fransiskodan 60 km cənubda).
Burada hüquq, tibb, texniki, musiqi və digər fakültələrdə tədris üstünlük təşkil edir. Struktura müxtəlif məktəblər (Stenford ali biznes məktəbi kimi) və elmi-araşdırma mərkəzləri (CCRMA kimi) daxildir.
Universitet Silikon vadisində yerləşir. Onun məzunları “Hewlett-Packard”, “Electronic Arts”, “Sun Microsystems”, “Nvidia”, “Yahoo!”, “Cisco Systems”, “Silicon Graphics” və “Google” kimi şirkətləri yaradıblar.
1. Massaçusets Texnologiya İnstitutu
Massaçusets Texnologiya İnstitutu ABŞ-ın Massaçusets ştatının Kebric şəhərində (Boston yaxınlığında) yerləşən universitet və araşdırma mərkəzidir.
İnstitut dünya universitetlərinin nüfuzlu reytinqində lider mövqe tutur, robotexnika və süni intellekt sahələrində qabaqcıldır və onun mühəndis təhsil proqramları, informasiya texnologiyaları, iqtisadiyyat, fizika, kimya və riyaziyyat sahələrindəki proqramları milli universitetlərin reytinqini hazırlayan “U.S. News & World Report” nəşri tərəfindən ildən-ilə “ən yaxşı” seçilirlər.
İnstitut menecment, iqtisadiyyat, dilçilik, siyasi elmlər və fəlsəfə sahələrində də məşhurdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət