Slimfit
  1. AZƏRBAYCANLI

Dünyanın ən hündür zirvəsinə bayrağımızı sancan azərbaycanlı

Dünyanın ən hündür zirvəsinə bayrağımızı sancan azərbaycanlı
Sakura

Dünyanın ən hündür zirvəsinə bayrağımızı sancan azərbaycanlı

İsrafil Aşurlı: “Arzusunda olduğum dağın zirvəsində dayanarkən inanılmaz gözəl hiss keçirirəm” 

"Onunla oturub 5 dəqiqə söhbət edirsən, duranda evə yox, birbaşa dağlara getmək istəyirsən”. Gənc səyyahlardan biri onun haqqında bu cümləni yazmışdı. Əslində, belə olması təbiidir, çünki, o, dağlara olan sevgisinin ardınca gedib bu sahədə adını tarixə yazdıran bir şəxsdir. Söhbət Azərbaycan alpinizminin canlı əfsanəsi adlandırılan İsrafil Aşurlıdan gedir.
 

Qeyd edək ki, İ.Aşurlı dünyanın ən hündür zirvəsi hesab olunan Everestə Azərbaycan bayrağını sancan, Şimal qütbünü fəth etmiş ilk azərbaycanlıdır. Eyni zamanda keçmiş SSRİ-nin beş ən hündür zirvəsinin hamısını fəth edib və "Qar bəbiri” fəxri adını qazanan ilk azərbaycanlıdır. O, həm də dünyanın bütün qitələrinin ən hündür zirvələrini fəth edən doqquzuncu alpinist olub. Bu yaxınlarda isə dünyanın 4-cü ən yüksək zirvəsi olan Lxotseni fəth edib.

Yazmaqla bitməyəcək dərəcədə nailiyyətləri o, 20 il ərzində əldə edib. Hazırda 50 yaşı olan müsahibimiz deyir ki, bu yaş alpinistin dağlara getməsi üçün əla dövrdür.
 

- İndiyə qədər bir neçə alpinistlə söhbət etmişəm, hamısından dağa olan sevginin səbəbini də soruşmuşam. Fərqli cavablar olub, amma nədənsə o sevgini sözlə tam olaraq ifadə edə bilməyiblər. Söhbətə elə dağlara sevgiylə başlayaq...

- Heç kim sizə dağları niyə sevdiyini və nəyə görə hər dəfə dağlara geri qayıtmaq istədiyini 2-3 cümlə ilə qısa və dəqiq şəkildə izah edə bilməz. Bu asılılığı təsvir etmək elə də asan deyil. Bunu bədənin bütün hüceyrələri ilə hiss etmək lazımdır. Eyforiya, cəsarət, gərginlik, sevinc hisslərini izah etmək çətindir. Əfsanəvi Corc Mellorinin bir fikri həmişə xoşuma gəlib. O, jurnalistin "Nə üçün Everestə qalxmaq istəyirsiniz?" sualına qısaca olaraq belə cavab verib: "Çünki o var".
- Bizdə bir çox alpinistin böyük həvəslə arzuladığı zirvələri fəth etmisiniz. O arzulayanların danışanda üzündə bir ifadə olur ki, gəl görəsən. Siz də əvvəl yəqin ki belə həvəsli olmusunuz. Zirvələri fəth etdikdən sonra o həvəs hansı duyğu ilə əvəz olunur?
- Mən də onlar kimi bir xəyalpərəstəm. Sadəcə, mən artıq arzularımın bəzilərini həyata keçirməyə nail oldum, onlarda isə hələ hər şey qabaqdadır. Əsas odur ki, bu yalnız sadə bir arzu olaraq qalmasın. Arzuları həyata keçirmək üçün səy göstərmək lazımdır. Kiminsə bu səyləri sizin əvəzinizə edəcəyini gözləmək lazım deyil. Mən bizim gənclərimizin yüksək motivasiyasına inanıram və bəzilərinin yüksək potensialını görürəm. Əminəm ki, daha çox gənc var, hansı ki, mən hələ şəxsən tanış deyiləm. Alpinizm mənim həyatımın bir hissəsidir. Dağları sevirəm, ailəmin və işimin mənə imkan verəcəyi qədər dağlara çox vaxt ayırıram. Mən dağlara ilk düşdüyüm andan vuruldum. Anladım ki, imkanım olduğu qədər dağlara gedəcəm. Arzuladığım və çıxa bildiyim zirvələr olub. Hazırda arzularla yaşadığım zirvələr var və ümidvaram ki, bu zirvələrə də çıxmağa nail olacam. Arzusunda olduğum dağın zirvəsində dayanarkən - hansı ki, bu arzuya çatmaq üçün mən çox şey vermişəm - inanılmaz gözəl bir hiss keçirirəm.
 
Burada ruh yüksəkliyi də, eyforiya da, sevinc də var. Yüksək və çətin dağlardan danışırıqsa, daha sonra yorğunluq gəlir və bərpa olmaq üçün zaman tələb olunur. Amma sonra mən yenə yeni zirvəyə çıxmaq arzusu ilə alışıb yanıram və yeni arzumun gerçək olması üçün yenidən yol qət edirəm.
- Yorğunluğu atmaq üçün nə qədər zaman lazım olur? Bunun üçün nələr edirsiniz? 
- Bu ekspedisiyanın çətinliyindən asılıdır. Məsələn, 2011-ci ildə Kançencanqa zirvəsinə qalxmaq olduqca çətin idi və mən ora çox fiziki və mənəvi güc sərf etdim. Bu ekspedisiyadan sonra mən "sıxılmış limon" kimi idim. Ekspedisiyadan sonra təxminən altı ay bərpa olunmaq mərhələsi getdi. Amma ümumiyyətlə, yüksək olmayan dağlardan sonra bərpa çox sürətlə gedir.
 
- Bu maraq sizdə nə vaxt yarandı? 
- Əvvəllər dağların arzusunda deyildim. 1999-cu ildə mənə Hindistana səfər etmək və dünyanın üçüncü ən hündür zirvəsi olan Kançencaqanın (8586m) ətəyinə - Qoça La (5000 m yüksək) aşırımına trekkinq etmək təklif olundu. Bu səfərə gedərkən dağlar və onlara gedən insanlar haqqında heç bir şey bilmirdim. Mənim üçün bu, keçmiş SSRİ sərhədləri xaricinə ilk səfər idi. Bu səfər mənim ürəyimdə dərin silinməz təəssürat yaratdı. Himalay zirvələri mənim ürəyimi fəth etdi. Bu ekspedisiyada hansısa zirvəyə çıxmaq kimi hədəfimiz yox idi, biz müxtəlif yüksəkliklərdə olan aşırımları keçərək dağ yürüşü edirdik. Mən özümü əla hiss edirdim və hətta hündürlüyə bizim yürüşün digər iştirakçılarından daha tez adaptasiya olundum. Ətrafdakı zirvələr məni öz gözəllikləri ilə fəth etdi və daxili səsim mənə onlara gələcəkdə qalxa biləcəyimi söyləyirdi. Amma qarşımda bütün əzəməti ilə parlayan Kançencanqa zirvəsini görəndə və yürüşün rəhbərinin bu dağın fəthinin tarixi ilə bağlı hekayəsini dinləyəndə, hətta ağlıma belə gətirməzdim ki, bu nəhəng zirvəyə çıxa bilərəm. Amma 12 il sonra mən Kançencanqanın zirvəsində dayandım.
- Və elə dağlara getdiyiniz ilk illərdən artıq bu sahədə arzularınızı reallaşdırmağa başlamısınız...
- "Mən nə zaman arzularıma çatmağa başladım” sualına cavab olaraq, dərhal deyərdim. Artıq getdiyim o ilk yürüşün sonunda qrupun rəhbəri - məşhur alpinist Rufina Qriqoryevna Arefyevaya (SSRİ idman ustası) yaxınlaşdım və ona bu yürüşün çox xoşuma gəldiyini və gələcəkdə hər hansı bir zirvəyə getmək istədiyimi bildirdim. Rufina Qriqoryevna Afrikanın ən yüksək zirvəsi – Kilimancaroya (5895 m) ekspedisiya hazırladığını söylədi və məni iştirak etməyə dəvət etdi. Dərhal razılığımı verdim və 7 ay sonra, 31 yaşımı Tanzaniyada, Kilimancaroya uğurla çıxdıqdan sonra sevinərək qeyd etdim. Gəncliyimdə mənim sevdiyim yazıçılardan biri Ernest Heminquey idi. Və mənə Kilimancaroya səfər etməyi təklif edəndə, birinci yadıma düşən şey onun əsəri "Kilimancaro qarları” idi. Məndə olan nəşrdə heç bir illüstrasiya yox idi və oxuduğum zaman Klimancaro dağını, onun yamaclarında donmuş bəbiri və Afrikanın gözəl təbiətini yalnız düşüncələrimdə təsəvvür edə bilərdim. Bax, elə o vaxtdan bəri bu, belə olur. Məqsəd qoyuram və ona çatmağa çalışıram. Nəyisə dərhal həyata keçirə bilmişəm və bəzi zirvələrə isə ilk dəfədən çıxmaq mümkün olmayıb...
 
- Alpinistlər adətən, bir zirvəyə dəfələrlə çıxırlar. Bir dəfə fəth etdiyiniz zirvəyə növbəti dəfə getmək nə dərəcədə maraqlı olur?
- Zirvədən asılıdır. Məsələn, Elbrus dağının zirvəsinə tez-tez  qalxıram.  Bəzən ildə bir neçə dəfə. Mən bu dağı sevirəm və bura ilin müxtəlif vaxtlarında yürüş edərək məşq edirəm. Yayda Elbrus bir başqa dağ olur, qışda isə tamamilə fərqli. Bununla yanaşı, son bir ildə Azərbaycan dağlarına çıxış xeyli yaxşılaşıb. Hansı ki, mən bu dağlara qalxmağı çox sevirəm. Bu yay uzun bir fasilədən sonra mən doğma dağlarımızda bir neçə yürüş etməyi planlaşdırıram.
 
Bundan əlavə, "Bezengi” alpinist düşərgəsində təlimatçı olaraq işləyərkən, mən və Firuz Dadaşov idman qruplarını müxtəlif zirvələrə bir neçə dəfə aparmalı oluruq. Həmçinin, bələdçi qismində kommersiya qrupları ilə işləyərkən mövsüm ərzində bir neçə dəfə eyni dağa yeni iştirakçılarla da gedə bilərik. Amma bu, bizim işimizin bir hissəsidir.
- Dağa qalxmaq, alpinizm deyəndə çox adam işin qəza tərəfini də fikirləşir. Bir müsahibənizdə "Qəzaların böyük əksəriyyəti aşağı düşəndə baş verir” demisiniz. Bir az da zirvədən enməkdən danışaq.
- Təəssüf ki, çox vaxt qəzalar zirvədən enən zaman baş verir. Bəzən alpinistlər bütün qüvvələrini qalxmaya verərək, imkanlarını - güclərini səhv hesablayırlar, sonra düşən zaman ciddi problemlər yaşayırlar. Yorğunluq və diqqətin itirilməsi faciəyə gətirib çıxara bilər. Alpinist, reallıq hissini, özünü idarə etməyi və ətrafında baş verən hadisələrə nəzarəti itirməməlidir.
 
- Son vaxtlar həvəskar da olsa, dağçılığa maraq göstərənlərin sayında artım var. Sizcə, marağı artıran nədir?
- 20 ildir dağlara gedirəm. Bunu sevirəm və ümid edirəm ki, hələ uzun müddət gedə biləcəm. Əvvəllər dağlara özüm üçün gedirdim, təlimatçı və məşqçi işi barədə düşünmürdüm. Lakin 2017-ci ildə dağlarımızda baş verən faciədən sonra, gənc alpinistlər üçün lazımi təlim sisteminin hazırda olmadığını başa düşdüm. Əvvəllər belə bir sistem var idi, amma indi vakuum yaranıb. Belə ki, klublar var, amma kim və nə öyrədir, aydın deyil. Dostum və komanda yoldaşım Firuz Dadaşovla birgə, öz klubumuzu (Azərbaycan Alpinist Klubunu - AAK) yaratmaq qərarına gəldik. Burada biz uşaqları yetişdirə, təcrübə və biliklərimizi onlara ötürə bilərik. Biz xaricdə təlim keçib, alpinizm təlimatçı adı almışıq və hazırda Azərbaycanda fəal şəkildə çalışırıq. Bizim vəzifəmiz gənc alpinistlərin dağlara dırmanma zamanı ən əsas şeyi – təhlükəsizliyi unutmamağı öyrətməkdir. Bu gün AAK mükəmməl peşəkarlar komandasıdır.
 
Firuz Dadaşov və Rinat Rəhimxanov may ayında xaricdə ''Dağlarda xilasetmə'' təlimini keçiblər. Rauf Zeynalov isə Azərbaycanda buza dırmanma, idman dırmanması və qaydaya dırmanma üzrə yeganə sertifikatı olan marşrut qurucusudur.
 
İndi yay mövsümüdür. Bu mövsümdə biz həm bizim dağlara habelə xaricdəki dağlara ekspedisiyaları aktiv şəkildə təşkil edirik. Çox sevinirik ki özlərini dağlarda sınayanların, təlimlərə qoşulmağa can atanların sayı artmaqdadır.
- Dağa çıxanda qarşılaşdığınız ən təhlükəli durum hansı olub? 
- Ən çətin 2013 və 2014-cü illərdə idi. "Nanga Parbat” ekspedisiyası zamanı terroristlər ana düşərgəmizə hücum etdilər və 10 alpinist və bir pakistanlı aşpazı qətlə yetirdilər. Hücum zamanı bizi ölümdən dağda olmağımız xilas etdi.
 
Sonrakı il "Şişapangma” ekspedisiyası zamanı, 6800 m yüksəklikdə. Ciddi xəstələndim, lakin ağciyər ödəmi başlamasına baxmayaraq, aşağı düşə bildim. Sonrakı 5 il ərzində mən yüksəklik alpinizmi barədə düşünmürdüm və əsasən texniki marşrutlara qalxırdım və Elbrusun hündürlüyündən yuxarı qalxmırdım.
 
- Bu cür təhlükəli durumlarda hansı hissləri keçirirsiniz?
- Ən çətin və təhlükəli anlarda maksimum özümü toplamağa, tez qərar qəbul etməyə və hərəkət etməyə hazır olmağa çalışıram.
 
- Maraqlıdır, yaş artdıqca dağa çıxmaq çətinləşmir ki?
- Mənim 50 yaşım var. Bu alpinistin hündür dağlara getməsi üçün əla dövrdür. Bir qədər əvvəl mən planetin hündürlüyə görə dördüncü yerdə qərarlaşan Lxotse (8516 m) zirvəsinə ayaq basdım. Gələn ilə bizim Şimali Qafqazda bir sıra zirvələrə qalxmağı planlaşdırıram. Bundan başqa alpinizm üzrə təlimatçı olaraq, yeni başlayanlara və nisbətən təcrübəli idman dərəcəsi olanlara təlimlər keçirəm və hesab edirəm ki, təlimatçı-müəllim yalnız sözdə deyil, həm də real zirvə yürüşləri ilə öz bilik səviyyəsini göstərərək tələbələr üçün yaxşı nümunə ola bilər.
- Rəqabət apardığınız şəxs varmı? Ümumiyyətlə, dağçılarda rəqabət hissi necə olur? 
- Yox, dağlarda nə digər alpinistlərlə, nə də təbiətlə yarışmıram. Əgər belə demək olarsa, özüm özümlə yarışıram. Bütün nasazlıqlarımı və çətinlikləri fəth edərək özüm üzərimdə qələbə qazanıram.
 
- İsrafil müəllim, övladlarınızdan dağçılığa maraq göstərəni var?
- Kiçik oğlum Əli 6 yaşındadır. Bu yaxınlarda, Everest filmini televiziyada birlikdə izlədikdən sonra dedi ki, ata, böyüyəndə mən dağlara getməyəcəyəm, futbol oynayacağam. Mən onu məmnuniyyətlə dəstəklədim.
 
Böyük oğlum Aslan 10 yaşındadır. O, qayalara yaxşı dırmanır. Ötən il mənimlə Bezengi alpinist düşərgəsinə getdi. O, bu il yenidən oraya gedəcəyini vəd edir.
Mən uşaqları alpinizmlə məşğul olmağa təşviq etmirəm. Sadəcə olaraq, onlara ətrafımızdakı təbiətin gözəlliyini göstərirəm. Dağlara getmək və ya getməməyi isə zaman gəldikdə onlar özləri qərar verəcəklər.
 
- Adətən, valideynlər bu cür maraq dairələrinə təhlükəli baxdıqları üçün övladlarını qoymurlar. Valideyn kimi alpinizmə yanaşmanız maraqlıdır. Övladınız dağa sizdən ayrı getsə, gecə gözünüzə yuxu gedər? 
- Mən axı daşdan deyiləm. Əlbəttə ki, mən də hər valideyn kimi uşaqlarım üçün nigaran olardım. Dağlar insan həyatı üçün potensial təhlükəli mühitdir və alpinistin ambisiya dərəcəsi onun hazırlığının dərəcəsi qədər olmalıdır. Mən uşaqlara dağlara getməyi qadağan etməzdim, amma onlardan dağlara təhlükəsiz getmək üçün lazımi bilgi əldə etməyi tələb edərdim ki, həm fiziki, texniki, həm də mənəvi hazır olsunlar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR