Dünyanın ən hündür yeri necə zibilliyə çevrildi
Dünyanın ən böyük dağı sayılan Everest indi böyük bir zibilxananı xatırladır. Alpinistlər, zirvəyə qalxmaq istəyənlər özündən sonra burada məişət tullantılarını qoyub gedirlər.
Bizimyol.info xəbər verir ki, 8848 metrə yüksəkliyə doğru yolda atılmış çadırlar, alpinist ləvazimatları, boş kanistlər, hətta çürümüş insan nəşləri görmək mümkündür. Everestə yol alanları sanki ətraf mühit maraqlandırmır.
Beş il əvvəl Nepal hökuməti hər komandanın üzərinə 4 min dollar depozit şərtilə 8 kiloqram tullantı gətirmək öhdəliyi qoyub. Əks halda hər adam 100 dollar cərimə ödəməlidir.
Saqarmathanın (Nepalın şərq zonası) çirklənməsinə qarşı komitənin hesabatına görə, alpnistlər 2017-ci ildə 25 ton tullantı və 15 ton insan qalığı gətiriblər. Bu mövsüm daha çox zibil təmizləmək mümkün olub. Amma zibillənmənin miqyası ilə müqayisədə çox az görünür.
Alpinistləri depozitin məbləği də narahat etmir. Çünki səfərə daha çox pul xərcləyirlər (20-100 min dollar). Üstəlik, yerli məmurlar da qaydaları pozanları cərimələmək əvəzinə rüşvət alırlar.
Son 20 ildə Everestə maraq çox artıb. Təşkilatçılar ekspedisiyalara təcrübəsiz adamları cəlb etməyə başlayıb. Bu isə problemi bir az da dərinləşdirir.
Alpinistlər də daha əvvəlki kimi davranmır. Əşyaları daşımaq üçün və ya bələdçi kimi yerli adamları – şerpləri prosesə cəlb edirlər.
Ekoloqlar ehtiyat edir ki, tullantılar vadiyə tökülən su mənbələrini də çirkləndirə bilər. İndi düşərgələrdən axıdılan çirkli sular aşağıdakı kəndlərə tərəf üz tutur. Yağış mövsümündə bu sular çaylara yol tapacaq.
Mütəxəssislər problemin həlli üçün baş sındırır. Bir yol odur ki, bioqaz sistemləri quraşdırılsın. İnsan qalıqları gübrəyə çevrilsin. İkinci təklif isə zibilləri toplamaq üçün xüsusi komandaların yaradılmasıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət