Dünyanı heyrətə gətirən əzəmət – Qarabağ qəhrəmanları!
44 günlük Vətən müahribəsinin ilk günündən Qarabağda yerləşdirilmiş düşmənin hava hücumundan müdafiə sistemləri, Şimal cəbhəsində isə silah-sursat anbarları aşkara çıxarılaraq məhv edilir, Suqovuşan qəsəbəsində yerləşdirilən düşmənə məxsus xüsusi hazırlıqlı hərbi hissəsi partladılır. Eyni vaxtda Azərbaycan hərbi bölmələri tərəfindən cəbhənin Goranboy istiqamətində Murov dağı silsiləsindəki Murov zirvəsi azad edilir. Nəticədə hərbi əhəmiyyətli 131 km-lik Basar-Keçər-Ağdərə avtomobil yolu ordumuz tərəfindən həm vizual, həm də atıcı silahlarla və artilleriya vasitələri ilə atəş nəzarətinə götürülür. Bu avtomobil yolu Ermənistanla işğal altında olan bölgələrimizi birləşdirdiyi üçün artıq düşmən hərbi yüklərini Kəlbəcər və Ağdərə istiqamətində daşıya bilmir.
28 sentyabr tarixində Talış kəndi istiqamətində hakim yükəskliklərdə təmizləmə işləri, 30 sentyabrda isə düşmən mövqeyinin dərinliyində yerləşən ehtiyat qüvvələrinin məhv edilməsi əməliyyatları aparılır. Daha sonra isə şəxsi heyət düşmənin dağılmış hərbi qüvvələrini ərazidən təmizləyir və mövqelərini möhkəmləndirirdilər. Bunula da düşmənin fəaliyyətini məhdudlaşdırır, minimum qüvvə ilə ona maksimum zərər vururdular. Hücum edən tərəf olmasına baxmayaraq itkilərin qarşı tərəfə nisbətdə qat-qat az olması, relyef baxımından olduqca mürəkkəb, həmçinin 30 il ərzində də saysız-hesabsız ağılagəlməz sayda gözlənilməz tələlərin qurulduğu müdafiə xəttləri və olduqca mürəkkəb mühəndis-istehkam tikililəri ilə əhatələnmiş bir bölgənin qısa bir zamanda, cəmi 44 günə azad edilməsi çox uğurlu hesab olunur. Məhz bu hərbi strateji fəaliyyət bir çox inkişaf etmiş – ABŞ, Rusiya, Çin, Yaponiya, Avropa Birliyinə daxil olan Almaniya, Polşa və s. ölkələr tərəfindən nəzəri olaraq öyrənilməsinə, hərb məktəblərində bu mövzuda məruzələr təşkil edilməsinə səbəb olmuşdur.
Azərbaycan dövlətinin uzun illər boyu torpaqların işğaldan azad edilməsi planı üzrə bütün mövcud imkanları dəyərləndirməyə çalışması, danışıqlar yolu ilə həllin mümükünsüzlüyü ehtimalına qarşılıq Beynəlxalq qanunlar çərçivəsində hərbi gücünü artırması özünü doğrultdu. Müasir texniki təhcizat, təcrübədən keçmiş mühüm əhəmiyyətli hücum və müdafiə sistemləri, bu sistemləri idarə edə bilən hərbi mütəxəsislər, ən əsası əsgərinə inanan Ali Baş Komandan və Komandanının hücum əmrini həyəcanla gözləyən əsgər və zabitlər – bütün bunlar Zəfəri reallaşdıran qarşısı alınmaz güclər idi. Azərbaycan dünyanın siyasi arenasında xüsusi pilləni məhz Ali Baş Komandanının yüksək diplomatik biliyi və sərkərdəlik bacarığı ilə qazandı. Beynəlxalq Hərbi Əməliyyatların təhlil və dəyərləndirilməsi prosesində əsgər və zabitlərimizin hərbi hazırlıq, bacarıq və cəsarətləri dünyanın tanınmış hərbi ekspertləri tərəfindən ən yüksək dərəcəylə qiymətləndirilmişlər. Cənab İlham Əliyev dəfələrlə müharibəni qazanan müasir silahlar və ya texnika deyil, müharibəni qazanan o torpağı qarış-qarış addımlayıb, canı və qanı hesabına orada bayraq sancan əsgərimizdir deməsi əslində ordumuzun əsgər və zabitlərinə Ali Baş Komandan tərəfindən verilən ən yüksək qiymət və dəyərdir. Əsl həqiqətdə ölkəmiz müharibə ərəfəsində torpaq uğrunda can verməyə istəkli olmaq miqyasına görə də dünyanı heyrətləndirən başqa bir ilkə də imza atdı. Bütün ölkəmizin və onun insanlarının Ali Baş Komandanın ətrafında birləşməsi, bu haqq yolda yalnız irəli şüarı ilə əsarətdə qalmış torpağının azadlığına can qurban vermək istəyi həqiqətən dünyanın görmədiyi və sahib olmadığı əzəmət idi.
Hər bir vətəndaş, hər bir əsgər, hər bir zabit vətən üçün can verməyi şərəf bildi. Şəhidlik mənə də qismət ola bilərmi, deyib ürəyində arzu qurdu, bu uca məqama layiq olmaq niyyəti ilə əzmlə döyüşlərə atıldı. Onun bu arzusu, bu niyyəti və təvəzökarlığı onu elə gücləndirdi, məğlubedilməz etdi ki, nə ayağı altında qurulan milyonlarla ölüm tələləri, nə başı üzərindən yağış kimi tokülən on minlərlə mərmi və raketlər, nə 3-4 metr dərinlikdə qazılan çıxılmaz səngərlər, nə də ən təpədə pusqu qurmuş snayperlər onları dayandıra bilmədi. Əliyalın əhalidən 4 ilə alınan torpaqları təpədən dırnağa silahlanmış düşməndən cəmi 44 günə geri qaytaran cəsur oğulların qəhrəmanlıq dastanları unudulmamalıdır. Tarixə salınmalı, etibarlı qorunmalı və gələcəyə layiqli şəkildə ötürülməlidir. Və bu tarixiləşdirmək fəaliyyəti davamlı, planlı, yüksək vətəndaş məsuliyyəti ilə reallaşdırılmalıdır. Bu fikir və təşəbbüs ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyev tərəfindən irəli sürülmüş, 2021-ci il yanvar ayının 28-də müvafiq qərara əsasən Mərkəzi Elmi Kitabaxanada Qarabağ müharibəsi qəhrəmanları fondunun yaradılmasına göstəriş verilmişdir. Mahiyyəti və kəsb etdiyi əhəmiyyəti baxımından kitabxana sistemində ilk olan bu fondun AMEA kimi tarixi ənənəyə, xüsusi dəyər və dərəcəyə malik olan elm ocağında qəhrəmanlarımızın adına layiq yaradıldı.
Vətən sevgisi uğruna özünü qurban verməyi şərəf bilən fədakar qəhrəmanların xatirəsini əbədiləşdirməyi, gələcək nəsillərə onların həqiqi həyat və döyüş yolunu ötürə bilməyi qarşısına məqsəd qoymuş bu fond, yarandığı gündən bütün əzmi və gücü ilə layiqli şəkildə fəaliyyət göstərməyə çalışır. Millət olaraq biz fədakarların əzminə görə fəxr edəcək qədər şanslı sayılırıq. Bizim övladlarımız, qardaşlarımız özlərini torpaq uğruna, Vətən, millət yoluna qurban verəcək qədər ürəklidirlər. Onlar fədakar olmağı yaşamaq səbəbi biləndən sonra zehinlərində və qəlblərində yalnız Vətən sevdasıyla şəhadətə qədər məsafə qət edirlər. Torpaq, yer, göy onların fədakarlıq zirvəsinə şahid durur şəhidliklərini qəbul edir, ruhları qarşısında təzim edirlər. Düşüncəli şəkildə, dərk edərək şəhid olmaq arzusu hər kəsdə yarana bilmir, bu yalnız fədakarların əzmidir. Mərkəzi Elmi Kitabxananın əməkdaşları bu fondun vasitəsilə canını Vətənimizin bütövlüyü uğrunda fəda etmiş şəhidlərimizin həyat yolunu təkrar-təkrar nəzərdən keçirir, onlara dair hər bir maddi və ya mənəvi xatirə parçasını həm əldə etməyə, həm də qorumağa çalışır. Hər bir şəhidimizin doğum günü üçün xatirə yaddaşı yaradılır, gün boyu fondumuzun infoköşkündə yayımlandırılır. Onlar haqqında çap edilmiş bütün kitablardan nüxsələr əldə edərək fondda nümayiş etidirir, bir-birindən fərqli guşələr yaradaraq qəhrəmanlarımıza dair materialları həm sərgiləyir, həm də mühafizə edirlər. Fondda olan bütün nəşriyyat nümunələri oxucu istifadəsinə təqdim edilmişdir. I və II Qarabağ müharibəsi qəhrəmanları – qaziləri, şəhidləri və iştirakçıları haqqında məlumat kitabçaları hazırlanır, fotoşəkilləri böyüdülərək müvafiq güşələrdə yerləşdirilir, videoçarxlar və slaydlar hazırlanaraq monitorlarda nümayiş olunur. Daha vacibi odur ki, yaranan gündən hər bir addımımızı şəhidlərimizin ailələri ilə birgə addımlayırıq.
Şəhidlik - bütün hərbi sınaqların, dərəcə və titulların ən üst olanıdır. Bu kimsənin poza bilməyəcəyi tarixi həqiqətdir ki, onu daşıyanın Vətən, millət, dövlət uğruna fədakarlıq ruhunu hər kəsin önündə təsdiq və sübut edir. Həyatını gələcək nəsillərin xoşbəxtliyi, Vətənin azadlığı uğruna qurban verməyi bacaran, şəhidlik məqamı ilə mükafatlandırılan bir insan Allah hüzurunda da ən ali zirvəyə çatmış olur. Ölümləri ilə ölümsüzlük qazanan şəhidlər “Torpaq – uğrunda ölən varsa - Vətəndir!” kəlməsini əməlləri ilə doğrultdular. Biz güclü dövlətimizin, əzmkar Ordumuzun sayəsində güvənliyik, inamlıyıq!
Röksanə Səfərzadə
AMEA Mərkəzi Elmi Kitabxanasının
Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət