Slimfit
  1. MƏDƏNİYYƏT

Dünya şöhərətli pianoçu, pedaqoq, konsertmeyst Elmira Əliyeva -90

Dünya şöhərətli pianoçu, pedaqoq, konsertmeyst Elmira Əliyeva -90
Sakura

Dünya şöhərətli pianoçu, pedaqoq, konsertmeyst Elmira Əliyeva -90

Keçən yuzillik ərzində Azərbaycan fortepiano mədəniyyəti əsaslı və uğurlu təşəkkül yol keçib. Belə ki, fortepiano ifaçılıq mədəniyyəti inanılmaz dərəcədə yüksəlibr və bunu da Azərbaycan pianoçularının ölkə daxilində və onun hüdudlarından kənarlarda yüksək səviyyəli konsertlərlə çıxışları sübut edir.

Uzaq olmayan Azərbaycan peşəkar incəsənəti tarixinə nəzər salsaq görərik ki, fortepiano mədəniyyətinin kökləri öz başlanğıcını XIX əsrin sonlarından götürür. İllər ərzində o intensiv inkişaf yolu keçərək, müasir bədii yaradıcılıq zirvəsinə ucalıb və hal-hazırda Azərbaycan yetkin fortepiano məktəbinə malikdir.

Müasir dövr Azərbaycan fortepiano ifaçılığı tarixində Əməkdar müəllim, professor Elmira Mirzə Ağa qızı Əliyevanın rolu olduqca böyükdür. O, xeyli sayda istedadlı tələbə yetişdirməklə yanaşı, eyni zamanda milli fortepiano məktəbinin ən görkəmli nəslini tərbiyə edir.

Bakının tanınmış və yüksək zövqü ilə seçilən zərgəri Mirzə Ağa Kərbəlayi Ağabala oğlu Ağayev və uşaq xəstəxanadında diş həkimi vəzifəsində çalışan Suğra Məşədi Əliabbas qızı Sultanovanın ailəsində 1929-cu il iyunun 3-də Elmira xanım dünyaya göz açıb. Ailəsindəki milli musiqiyə olan böyük hörmət və qiymət kiçik yaşlarında Elmira xanıma təsir edərək onda musiqiyə qeyri-adi həvəs yaradıb. Qeyd edək ki, o, Musiqi Texnikumunda fortepiano təhsili alan böyük bacısı Mələk Sima Ağayevadan ona fortepianoda ifa etməyi oyrətməyi xahiş edirdi. Valideynləri onun musiqiyə olan həvəsini nəzərə alaraq, onu musiqi məktəbinə aparmağı qərara aldılar. Qısa bir müddət ərzində gənc pianoçunun həvəsi və bacarığı müəlliməsi Mariya Pavlovna Yablonkonun diqqətini cəlb etdi.

Üçillik musiqi məktəbindəki təhsildən sonra onillik musiqi məktəbinin 4-cü sinfinə daxil olan Elmira xanım orada Georgi Georgiyeviç Şaroyevin tələbəsi olan Lidiya Nikolayevna Yeqorovanın sinfində təhsil alırdı. Onillik musiqi məktəbindəki təhsili müddətində Georgi Georgiyeviç Şaroyevin tələbəsinin və konservatoriyadakı təhsili müddətində Mayor Rafailovi, Brennerin ifaçılıq məktəbinin ənənələri onun bir professional ifaçı kimi yetişməsində əvəzsiz rol oynamışdır. O, 1947-1952-ci illər ərzində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Elmira xanım tələbəlik illərinin Konservatoriyada fortepiano fakültəsinin parlaq dövrünə təsadüf etdiyini qeyd edir.

Məzh həmin dövrdə Qərbi Avropa, Rus və Azərbaycan milli mədəniyyətinin sintezi və vəhdəti, həmçinin Azərbaycan mədəniyyətinin formalaşması prosesi Elmira xanımın musiqi təfəkkürünün formalaşmasında istisna rol oynayıb. Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət və milli bəstəkarlıq məktəbinin özülünü qoymuş Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Konservatoriyada peşəkar pedaqoji kadrların hazırlanması məqsədi ilə müxtəlif fənnlər üzrə ən yaxşı pedaqoqlar dəvət olunurdu. İstedadlı pianoçular Georgi Georgiyeviç Şaroyev və Mayor Rafailoviç Brenner xüsusi fortepiano kafedrasında fəaliyyət göstərmək və fortepiano ifaçılığının inkişafı naminə dəvət olunan ən yaxşı pedaqoqlardan idilər.

Konservatoriyadakı təhsil müddətində Elmira Əliyeva Xalq artisti Mayor Rafailoviç Brennerdən dərs alırdı. Qeyd edək ki, Leninqrad Konservatoriyasının məzunu olmuş Brenner Bakıya 1935-ci ildə Azərbaycan Konservatoriyanın ixtisas fortepiano sinfininə pedaqoq kimi Üzeyir Hacıbəyli tərəfindən dəvət olunub. O, öz müəllimi Mayor Rafailoviçdən bəstəkarın mətninə xüsusi diqqətlə yanaşmanı, yüksək səviyyəli peşəkarlıq, incə və məharətli pedal istifadəsi, intellekt və emosiyaların harmoniyasına nail olmaq və digər bu kimi keyfiyyətləri əxz etmişdir.

Konservatoriyada oxuduğu müddətdə gənc pianoçu həm solo, həm də ansambl ifalarda çıxışlar edirdi. Əsərin fakturasına diqqətlə yanaşması, mükəmməl transpozisiya etmə bacarığı, peşəkar şəkildə musiqi mətninin üzdən oxuma bacarığı bütün bu keyfiyytlər onun müəllimi olan Mayor Rafailoviçin diqqətindən kənarda qalmırdı. Məhz bu keyfiyyətlərə görə gənc bəstəkarlar öz yeni əsərlərini ifa etmək istədikdə Elmira xanıma müraciət edirdilər. O, qeyd edir ki, tələbəlik illərindəki konsertlər, müsabiqələr, rəssamlıq sərgiləri bir sözlə inkişafda olan Azərbaycanın mədəniyyət və incəsənət həyatı onun yaradıcılığında mühüm rol oynayıb.

Elmira xanım tələbəlik illərində yaradıcılıq əlaqələri nəticəsində gələcək həyat yoldaşı olacaq Sabir Əliyev ilə tanış olur. İlk dəfə 1950-ci ildə Bakı Dövlət Filarmoniyasında Sabir Əliyev (violonçel), Tofiq Bakıxanov (skripka), Elmira Əliyeva (piano) triosu ilə çıxış ediblər. Qeyd edək ki, Sabir Əliyev 1960-cı ildə “violonçel üçün 10 etüd”, 1966-cı ildə violonçel və fortepiano üçün “Pyeslər” əsərlərini bəstələmiş, 1968-ci ildə “Pyeslər” əsəri, 2008-ci ildə ölümündən sonra ibtidai siniflər üçün “Violonçel məktəbi” adlı dərsliyi çap olunub. Sabir Əliyev 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1968-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Sabir Əliyevin tələbəlik illəri də maraqlı olub. Belə ki, o, Musiqi məktəbini müvəffəqiyyətlə bitirəndən sonra 1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında Leonid Rostropoviçin tələbəsi İsaak Turiçinin sinfində təhsil alıb. Onu da qeyd edim ki, daha sonralar Əliyevlər ailəsinin Leonid Rastrapoviçin oğlu dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçlə möhkəm dostluq əlaqələri yaranıb.

Onların övlədları Azad Əliyev (1951-2014) də öz həyatını musiqi ilə bağlayıb. O, maraqlı vokalist, pianoçu və yüksək peşəkar dirijor idi. Azad müəllim Azərbaycanın Əməkdar incəsənət xadimi, professoru olub. Bir müddət Sumqayıt Musiqi Texnikumunun direktor müavini və direktoru işləyib. Sonra öz işini Azərbaycan Dövlət Konserdatoriyasının SSRİ Xalq artisti Şövkət Məmmədova adına Opera Studiyasının direktoru kim davam etdirib. Sonra Azteleradio Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (2006-2014) kimi çox cavabdehli işdə də çalışıb.

Sabir və Elmira Əliyevlərin 1956-cı ildə qızları Leyla Əliyeva dünyaya gəlib və o, 1979-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirib. Leyla Əliyeva Azərbaycan bəstəkarı, Əməkdar artist, skripkaçı Fərhəng Rəhim oğlu Hüseynovla ailə həyatı qurub.

Elmira Əliyeva pedaqoji fəaliyyətinə 1952-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi kollecində başlasa da, lakin 1952-1956-cı illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında konsertmeyster kimi çalışıb. O, 1950-1953-cü illər ərzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Dövlət triosunda solist olaraq çıxış edib. Elmira müəllimə 1956-cı ildən taleyini Dövlət Konservatoriyası ilə bağlayıb. Beləliklə, 1956-cı ildən 1962-ci ilə qədər Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1962-1987-ci ilə qədər baş müəllim, 1987-1995-ci ilə qədər dosent vəzifəsində çalışıb. 1995-ci ildən indiyə kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur. Elmira Əliyeva 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb.

İfaçı-pedadqoq və konsertmeyster fəaliyyəti ilə yanaşı Elmira Əliyeva elmi-publisistik fəaliyyəti ilə də məşğul olub. Görkəmli pedaqoq Mayor Rafailoviç Brennerdən aldığı təhsil onun pedaqoji fəaliyyətində ifaçılıq metodunun formalaşmasına böyük kömək edib. O, hesab edir ki, ifaçılıq metodu nəzəri biliklər ilə praktiki fəaliyyətin bir-biri ilə əlaqəli şəkildə istifadəsindən yaranır. Elmira Əliyeva hər bir əsərə tədqiqat mənbəyi kimi baxır, individual pianist keyfiyyətlərinə böyük üstünlük verir. Məhz bu baxımdan nəzəri və təcrübi əlaqə onun üçün vacib cəhətlərdəndir və dərs prosesində də nəzəri bilikləri ifa zamanı həyata keçirir.

Dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, mərhum Arif Məlikov onun yüksək elmi-tədqiqat və professional redaktorluğunu xüsusi qeyd edərək, yeni əsərlərin redaktəsində onun müstəsna xidmətlərini xüsusən vurğulayırdı. Onun elmi-metodiki fəaliyyətini pedaqoji fəaliyyətdən ayırmaq çox cətindir. Müəllifi olduğu bir sıra elmi-metodik vəsaitlərin məzmunu bunu bir daha sübut edir. “Tofiq Bakıxanov “Uşaq pyesləri”, “5 perlüduya”, “Fərhəng Hüseynovun sonatinası” və sairə bu kimi vəsaitərdə ifaçılıq problemləri, ifaçılıq təcrübəsinə əsaslanaraq bacarıq və vərdişlərin analizi öz əksini tapıb. Elmira Əliyevanın uzun illər əvvəl çap etdirdiyi metodik vəsaitlər müəllimlərin pedaqoji fəaliyyətində mühüm rol oynayaraq, onların təcrübəsinin gələcək nəsillərə ötürülməsində öz aktuallığını indi də itirməmişdir.

Şübhəsiz ki, Elmira Əliyevanın ifaçılığı Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindəndir. Lakin o, Azərbaycan fortepiano ifaçılığı məktəbinin inkişafına görkəmli pedaqoq kimi daha böyük töhfələr bəxş edib. Onun həyatı uzun illərdir Bakı Musiqi Akademiyası ilə qırılmaz surətdə bağlıdır. Elmira xanımın bədii və estetik fərdiliyi məhz onun pedaqoji fəaliyyətində parlaq ifadəsini tapıb. Qeyd edək ki, o, musiqiçi-pedaqoq üçün zəruri olan bütün mürəkkəb xüsusiyyətlər kompleksinə malik mütəxəssidir.

Konservatoriyada fəaliyyəti ərzində Elmira Əliyeva yüzdən artıq gənc pianoçu, konsertmeyster yetişdirib. Onun yetirmələri arasında görkəmli musiqiçilərin sayı kifayət qədərdir. Azərbaycanın Xalq artisti, professor Zöhrab Adıgözəlzadə, Tofiq Bədirxanov, bəstəkar Nazim Bağırov, Əməkdar müəllimlər Zemfira Şəfiyeva, Dilatrə Mirzəquliyeva, Azərbaycanın Xalq artisti, professor, bəstəkar Ceyhun Allahverdiyev, Sənətşünaslıq üzrə fəlsəfə doktorları Afaq Qəniyeva, Nərgiz Salmanlı, Rəfiqə Quluzadə, Ayla Paşayeva və bir çox başqalarının adlarını qeyd etmək olar.

Hər bir görkəmli pedaqoqun tələbələrinin müxtəlif dərəcəli müsabiqələrdə qazandığı uğurlar onun fəaliyyətinin yüksək zirvəsindən xəbər verir. Belə ki, Elmira Əliyevanın tələbələrinin müxtəlif illərdə qazandırları müsabiqənin nəticələrinə nəzər salaq. Zaqafqaziya müsabiqəsinin laureatları Elmira Əmiraslanova, Loretta Ağacanova, Məryəm Qonçarskaya və başqaları.

Dörd Zaqafqaziya müsabiqəsi və violonçel ifaçılarının Ümumittifaq müsabiqəsinin laureatı olmuş professor Elmira Əliyeva çox gözəl ansambl ifaçısı, həssas və diqqətli konsertmeysterdir. Azərbaycan musiqisinin təbliğində böyük rol oynamış Elmira xanım Azərbaycan bəstəkarlarının kamera əsərlərinin bir çoxunun ilk ifaçısı olub. Onun müxtəlif illərdə Moskvada keçirilən Azərbaycan incəsənətinin dekadalarında, Azərbaycan Bəstəkarlar İttifaqının qurultay və plenumlarında daimi iştirakı musiqi mədəniyyətimizə əvəzsiz xidmətlərindəndir.

Bir pedaqoq kimi Elmira xanımın sinfində dərslərin necə təşkil oluduğuna nəzər salsaq görərik ki, onun dərslərinin başlıca məzmunu və məqsədi səs üzərində işdən ibarətdir. Hər hansı bir əsər üzərində iş zamanı hər bir musiqi frazasının aydınlığına və ifadəliliyinə can ataraq, son dərəcə tələbkarlıqla o, tələbəni dinamik qanunauyğunluqları dərk etməsinə can atır. Dərslərdə adətən tələbyə, əsəri əzbər ifa edirir və qeyd edir ki, əsər nə qədər tez müddətdə əzbərlənərsə digər elementlər üzərində iş daha keyfiyyətli olar. Tələbənin ifasına diqqətlə qulaq asaraq, onu dayandırmır. Qeyd edim ki, bu metod onun müəllimi olmuş professor Mayor Rafailoviçin metodlarından biridir. Daha sonra əsər üzərində iş müxtəlif istiqamətlərdə aparılır. Məsələn, bəzən interpretasiya qiymətləndirilir, bəzən isə əsərin ayrı-ayrı vacib epizodlarının müsbət və ya mənfi cəhətləri üzərində dayanır. Lakin hər bir halda o, öz fikrini konkret şəkildə ifadə edir.

Bundan əlavə o, təkidlə hər bir xanənin lazımlı dərəcədə səslənməsinə nail olur və səs üzərində çox incə, zərgər işi aparmağın yolunu musiqi məzmununun dərindən dərk olunmasında görür. Buna nail olmaq üçün çox zaman əsəri digər alətdə göstərmək metodu ilə yəni, ikinci royalda tələbə ilə birgə çalır, digəri üçün oxuyur. Əsər üzərində iş zamanı hər bir xanəyə son dərəcə diqqət ayırmasına baxmayaraq, sonda tamlığa nail olmağı bacarır. O, dinamik, aqogik elementlərin koməyi ilə ümumi emosional təəssüratlara nail olmağı üstün tutur.

Pedaqoji fəaliyyəti dövründə Elmira Əliyeva öz tələbələri ilə Bakı və Sumqayıt Musiqi kollecində, musiqi məktəblərində dəfələrlə konsert proqramı ilə çox uğurla çıxış edib.

Elmira Əliyeva 1999-cu ildən bəri Sumqayıt Musiqi Kolleci ilə sıx əlaqə salayaraq hər il bu Kollecdə ustad dərsləri verib və tələbələrinin konsert proqramları çıxışlarını təşkil edib. Bundan əlavə Elmira müəllimə Kollecin müəllimlərinə metodiki dəstəyini heç zaman əsirgəməyib. Məhz buna görə də Sumqayıt Musiqi Kollecinin tələbələri həmişə respublikada və xarici ölkələrdəki festifallardakı çıxışlarına görə ən yüksək pillərəldə olublar. Həmişə doğma Sumqayıta mükafatlarla qayıdıblar. Bu müqəddəs işdə əllbəttə ki, Sumqayıt Musiqi Kollecinin direktoru, Əməkdar müəllim Rasim Quliyevin əməyini danmaq olmaz. Çünki Elmira Əliyeva məhz onun təşəbbüsü ilə bu Kollecdə ustad dərsləri keçir və öz təcrübəsini burada çalışan müəllimlərə və təhsil alan tələbələrə böyük həvəslə öyrədir.

Əməkdar müəllim, professor, dünya şöhrətli musiqiçi Elmira Əliyeva həyatını, zəhmətini Azərbaycan incəsənətinin, xüsusən fortepiano ifaçılığı məktəbinin rifahı naminə həmişə yorulmadan sərf edib və etməkdədir. Ona bundan sonrakı həyatında da can sağlığı və Azərbaycan incəsənətinin inkışafındakı xidmətlərində bir daha uğurlar arzu edirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR