Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq? - Professor peyvəndlərin təsiri barədə gerçəkləri açdı

Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq? - Professor peyvəndlərin təsiri barədə gerçəkləri açdı
Sakura

Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq? - Professor peyvəndlərin təsiri barədə gerçəkləri açdı

Rusiyalı virusoloq, tibb elmləri doktoru, Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin professoru Anatoli Altşteyn koronavirusa qarşı hazırlanan peyvəndlərin əhəmiyyəti və təsiri barədə vacib faktları açıqlayıb.

Ens.az Publika.az-a istinadən professorun bu barədə müsahibəsini təqdim edir.

- Alimlər qeyd edir ki, koronavirusa yoluxan hər kəsdə virusa qarşı qazanılmış antikorlar zamanla yox olur. Bu, o deməkdir ki, COVID-19-a qarşı effektiv peyvənd yaratmaq mümkün deyil?

- Effektiv peyvəndin yaradılması mümkündür. Lakin koronavirusa qarşı effektiv peyvənd haqqında danışmaq üçün hələ tezdir. Peyvənd sınaqları bütün mərhələlərdən keçdikdən və etibarlı nəticə əldə etdikdən sonra bu barədə dəqiq fikir söyləmək mümkün olacaq. Əlavə edim ki, Rusiyada hazırlanan COVID-19 əleyhinə peyvəndlərin təsirli olacağına inam böyükdür.

Qamaleya adına Araşdırma Mərkəzimizdə hazırlanan peyvəndlər artıq insanlar üzərində sınaqdan keçirilib. Peyvəndin istifadəsini yolverilməz hala gətirən heç bir açıq əks təsir yoxdur, könüllülərdə antikorlar yaranıb. Ancaq bu antikorların insanları nə qədər qoruduğu sınaqların yalnız sonrakı mərhələlərində müəyyən olunacaq. Bu peyvəndin geniş istifadəsinə sentyabr ayında başlayacaqlar, sonra minlərlə insana tətbiq ediləcək. Və yalnız bundan sonra peyvəndin nə qədər təsirli olduğu aydın olacaq.

- Yəqin ki, 2009-cu ildə donuz qripi adı ilə tanınan H1N1 peyvəndi haqqında xəbəriniz var. Virusa qarşı peyvənd hazırlandı və Almaniya hökuməti tərəfindən alındı, peyvənddə 50 milyona qədər insanın iştirak edəcəyi güman edilirdi. Şimali Reyn-Vestfaliya Səhiyyə Nazirliyinin sonrakı hesablamalarına görə, bir milyona yaxın sakin “donuz qripi”nə qarşı peyvənd edildi. Lakin hakimiyyət tərəfindən satın alınan 7,4 milyon dozadan 6,4 milyonu istifadə edilməmiş qaldı. Nəticədə tələb olunmamış vaksinin alınmasına AFR-in bütün federativ əyalətlərinin ümumi xərci 27,6 milyon avro təşkil etdi. Eyni ssenari Rusiyada təkrarlana bilərmi?

- Rusiyada da əhalinin önyarğısı böyük rol oynaya bilər. Ancaq əminəm ki, peyvəndlənmək istəyən həssas insanlar çox olacaq - xüsusən də peyvəndlər pulsuz olarsa. Peyvəndin insanlara fəsadları ola bilməz, yenə təkrar edirəm, onun təsirli olacağına ümid böyükdür.

- Ümumdünya Səhiyyə Təşkilatı peyvənd və ya dərman vasitəsi ilə pandemiyanı dayandırmağın mümkünlüyü barədə fikrində haqlıdırmı?

- ÜST demək olar ki, haqlıdır, ancaq başa düşməliyik ki, virus dəyişir, zəifləyə də bilər. Koronavirus artıq bu zarafatı insanlığa iki dəfə edib.

2002-2003-cü illərdə Vyetnamda və Çində SARS epidemiyası yayılmışdı, çox ağır idi, bir neçə min insan virusa yoluxmuşdu, ancaq aralarında ölüm nisbəti təqribən 10% idi. Alimlər SARS əleyhinə peyvəndlər hazırlasa da, onlara tələbat olmadı, çünki virus dəyişdi və praktik olaraq yox oldu.

Başqa bir hekayə 2012-ci ildə oxşar epidemiyanın başlandığı Yaxın Şərqdə baş verdi - törədici indiki ilə çox oxşar idi. Cəmi 2-3 min yoluxma var idi, lakin yoluxanların demək olar ki, 30%-i öldü. Bu koronavirusa da qarşı peyvənd hazırlandı, amma istifadə edilmədi. Virus sanki ərimişdi - onun ştammları ifraz olunur, ancaq ölümcüllük baxımından eyni deyildi.

Odur ki, mövcud koronavirusun da dəyişəcəyinə və ölüm hallarının azalacağına ümid edirik. Bir sıra ölkələrdə ölüm nisbəti artıq 1-2%-dir. İnanmaq istəyirəm ki, bundan sonra virusun yalnız zəif forması yayılacaq, epidemiyalar da onların nəticəsi olacaq.

Təkamül yolu göstərir ki, virus zaman keçdikcə çoxalmağa doğru gedir və daha az patologiya meydana gətirir. Bir virusun çoxalması, lakin ölüm riskinin aşağı olması “daha sərfəlidir”. İnsan virusun ağır formasına yoluxduqda və öldükdə çox sayda viral maddə yox olur, virusun yayılması zəifləyir. Ancaq yumşaq formalarda virus yaxşı yayılır - odur ki, təkamül bu istiqamətdə gedir.

- İsraildə COVID-19-un ikinci dalğası müşahidə olunur?

- Xeyr, bu ilk dalğanın davamıdır. İsraildə həqiqətən yoluxma artdı, sonra demək olar ki, zəiflədi. Bu ikinci dalğa kimi görünür, amma bir şeyi unutmamalıyıq. İsraildə yumşalmadan sonra kifayət qədər insan yoluxmuşdu, karantin tədbirləri zəiflədikcə yoluxma sayı yenidən artmışdı. Ancaq Qərbi Avropa ölkələri və Amerikanın bəzi ştatları ilə müqayisədə İsraildə ölüm səviyyəsi aşağıdır.

- Koronavirusa qarşı vaksin hazır olarsa, əhalinin kütləvi peyvəndlənməsinə ehtiyac varmı?

- Məncə, kütləvi peyvəndlənmə lazımdır. Virus çox yoluxucudur, görünən odur ki, onun bizdən “əl çəkmək” fikri yoxdur. Həm bu il, həm də 2021-ci ildə və bəlkə də 2022-ci ildə onun təzyiqi, təsiri altında yaşayacağıq. Odur ki, kütləvi peyvənd çox arzuolunan olardı. Ancaq bunu həyata keçirmək çətindir - çox miqdarda peyvənd tələb olunur.

Səhiyyə Nazirliyi aparılan araşdırmaların nəticələrini təsdiqləyərsə, peyvəndlər Rusiyada avqust ayında artıq təqdim olunacaq. Sözsüz ki, peyvəndin yaranmasından tutmuş geniş yayılmasına qədər uzun müddət lazım olacaq: çox miqdarda vaksin istehsal etmək o qədər də asan deyil. Düşünürəm ki, rusiyalı alimlər peyvəndi qışa qədər ala bilməyəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR