DSX rəisi yüksək sürətlə at çapan qızın atasına iş verdi
Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə azyaşlı qızın yüksək sürətlə at çapma bacarığı nümayiş etdirməsinə dair videogörüntülər paylaşılmaqdadır.
Dövlət Sərhəd Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) həmin videodakı qız ilə maraqlanıb. Videoda görüntülənən 9 yaşlı Gülay və atası Fərzəliyev Vüsal Qəzənfər oğlu Federasiya prezidenti ilə görüşə dəvət olunublar.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Ağdam rayonunun Ətyeməzli kəndindən olan məcburi köçkün, hazırda Sumqayıt şəhərində məskunlaşmış Gülay və atası ilə görüşüb.
Görüşdə Gülay at sürməyə 4 yaşından başladığını, atçılıq idmanına böyük maraq göstərdiyini deyib. O, gələcəkdə atçılıq idmanı ilə peşəkar səviyyədə məşğul olmağın ən böyük arzusu olduğunu bildirib.
Söhbət zamanı Gülayın atçılıq idmanına olan marağının ARAF tərəfindən tam dəstəklənəcəyi vurğulanaraq, at sürən zamanı təhlükəsizlik qaydalarına riayət etməsinin vacibliyi ona izah olunub.
General-polkovnik Elçin Quliyev Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri süvari ləvazimatları ilə təchiz edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət