Dövriyyədəki saxta manatlar – necə hazırlanır, necə tanıyaq?
Ötən həftə Sabirabad rayonunda saxta pul hazırlayan şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rəşad Xəlilzadənin evində 18 ədəd 100 manatlıq, 22 ədəd 50 manatlıq saxta əsginaslar aşkar edilib.
Qeyd edək ki, bundan əvvəl də bu cür hadisələr müşahidə olunub. Bəs saxta manatlar necə hazırlanır? Saxta əsginasları dövriyyədə necə tanıyaq?
İlk öncə qeyd edək ki, təkcə Azərbaycan manatının deyil, ABŞ dolları, avro və digər valyutaların saxtasına rast gəlmək mümkündür. Doğrudur, valyutaların mühafizəsi kifayət qədər güclü olsa da, unutmaq olmaz ki, bununla paralel hər gün inkişaf edən texnologiyanın imkanları vasitəsilə əsginasların surəti çıxarılır, kompüter emalı ilə skan edib, saxtalaşdırılır.
Ekspertlər bildirir ki, printerlər, skanerlər, kompüter və digər müasir texnikanın tətbiqi ortalığa çıxmazdan əvvəl poliqrafik çap üsulu ilə əsginasların üzü çıxarılırdı. Bu zaman saxta əskinası əslindən ayırmaq çətin olurdu.
Lakin texnologiya inkişaf etdikcə əsginaslar şırnaqlı printerin köməyi ilə, elektroqrafiya metodu, trafaret möhürü, ofset çapı, supersaxtakarlıq kimi texniki üsullardan istifadə edilərək saxtalaşdırılmağa başladı. Hər bir üsulun özünəməxsus çatışmazlıqları var. Məsələn, şırnaqlı printerin köməyi ilə saxtalaşdırma metodu daha asan olsa da, müəyyən vaxtdan sonra əsginasda şəkillər yayılmağa başlayır. Bu üsulla hazırlanan saxta əsginas kağızının incəliyinə görə əslindən seçilə bilir.
Elektroqrafiya metodu zamanı isə rəngli lazer printerləri və surət aparatlarından istifadə edilir. Bu üsulla saxtalaşdırma zamanı əsginasın səthi və təsviri parlaq halda olur. Böyüdücü şüşənin köməyi ilə əsginasın saxta olduğunu ayırd etmək olur.
Trafaret çap üsulu pulun ştamplaması çap formasının deşiyinin rənginin əyilməsi yolu ilə hazırlanır. Bu zaman əsginasın boyası qalın olur, hətta təsviri əl ilə yoxladıqda belə onun saxta olduğunu müəyyən etmək olur. Həmçinin diqqətlə baxan zaman cizgilərin dişli kənarlarını, təsviri böyütdükdə isə onların torlu strukturunu görmək olur.
Ofset üsulu ilə saxtalaşdırma zamanı isə rəng rezin səthə ötürülür, daha sonra kağıza köçürülür. Bu üsul zamanı saxta əsginas kifayət qədər səliqəli alınır, rəngi su ilə yuyulmur, cizgilərin kənarları isə bərabər sərhədə malik olur. Bu cür saxta əsginası lupa və ya mikroskopun köməyi ilə müəyyən etmək olur.
Aparılan araşdırmalar zamanı məlum olub ki, ölkədə əsasən 5 manatlıq əsginaslar saxtalaşdırılır. Daha sonra isə sırada 1 və 20, 10, 50 manatlıqlar gəlir. Yenicə dövriyyəyə buraxılan 200 manatlıq əsginasların hələlik saxtasına rast gəlinməyib.
Maraqlıdır ki, bəs digər ölkələrdə olduğu kimi Azərbaycanda da saxta pul mafiyası varmı? Ölkəmizdə saxta manat əsginası nə dərəcədə problemdir? Manatın mühafizəsinin daha da gücləndirilməsinə ehtiyac varmı?
Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov aşağıdakıları dedi: “Eramızdan əvvəl Şəkidə saxta pulların hazırlandığı aşkarlanıb. Yəni SSR-nin heç bir ərazisində bu cür qədim dövrdən saxta pul hazırlanmayıb. Lakin bu gün üçün deyə bilərəm ki, digər ölkələrlə müqayisədə Azərbaycanda saxta əsginasların hazırlanması o qədər də geniş yayılmayıb. Çünki saxta pullar əsasən mütəşəkkil cinayət dəstələri tərəfindən hazırlanır. Ölkəmizdə isə hüquq-mühafizə orqanları bu cür dəstələrin fəaliyyət göstərməsinə imkan vermir. Texnologiya inkişaf etdikcə onun yeni üsullarından istifadə etməklə saxta əsginaslar tez bir zamanda aşkara çıxarılır. Həmçinin manatın dizaynı, mühafizə elementləri müasir tələblərə uyğun hazırlanıb. Belə ki, manatı avro hazırlayan şirkətlər hazırlayır və nominalda müasir nəsil mühafizə elementləri öz əksini tapıb”.
Mənbə: Gəncailə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət