Dövlətə xəyanətdə ittiham olunan Rövşənlə Rəşada hökm oxundu
Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə təqsirli bilinən Rəşad Əhmədov və Rövşən Əmirova hökm oxunub.
“Ens.Az” “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Rəşad Əhmədov 18 il, Rövşən Əmirov isə 17 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, R.Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirib.
Həmçinin R.Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi R.Əmirov və digər şəxslərlə birgə ölkədə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən “Youtube” kanalları və digər sosial şəbəkələrdə paylaşılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaqı aparılmış cinayət işi üzrə Əhmədov Rəşad Əhməd oğlu Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa hazırlıq), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirli bilinirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət