Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Xidməti tarixi abidələrin konservasiya işlərini diqqətdə saxlayır

Dövlət Xidməti tarixi abidələrin konservasiya işlərini diqqətdə saxlayır
Sakura

Dövlət Xidməti tarixi abidələrin konservasiya işlərini diqqətdə saxlayır

Ölkəmizin hər yerində qədim tikililərə, memarlıq abidələrinə rast gəlmək olur. SİA xəbər verir ki, Gədəbəy rayonu da belə tarixi tikililərlə zəngin bölgələrimizdən biridir. Rayon ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy-Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəni irsin tərkib hissəsidir. Burada Tunc dövrünün sonuna aid siklopik tikililər, Qalakənd qalası (XVI əsr), Qız qalası (IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var. Bundan başqa, rayonun ərazisində Son Tunc - İlk Dəmir dövrünə aid olan Qarabağ qalası, Pir qalası, Koroğlu qalası, Parakənd qalası və s. tikililər mövcuddur.

Rayonun Söyüdlü kəndi abidələrlə xüsusilə zəngindir. Burada “Gədəbəy dəfinələri” adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli bəzək əşyaları, Səfəvi hökmdarı Təhmasibin hakimiyyəti dövrünə (1524-1576) aid edilən gümüş sikkələr olan küplər tapılıb. Dünya əhəmiyyətli arxeoloji abidə olan Böyük Qalaça abidəsi də Söyüdlü kəndi ərazisində yerləşir. Dövlət tərəfindən mühafizə olunan abidə Tunc-İlk Dəmir dövrünə aiddir. Dağlıq yerdə inşa edilmiş tikili digər qala və qalaçalar kimi müdafiə məqsədi ilə inşa olunub.

Söyüdlü kəndi ərazisində yerləşən daha bir qədim tikili ölkə əhəmiyyətli memarlıq abidəsi olan Qız qalasıdır (IX əsr). Kənd sıx meşəli dağlar arasında qərarlaşıb. Bu yerlərin gözəl təbiəti, heyrətləndirici dağ landşaftı var. Kənddən 7 km aralıda zirvəsinin qeyri-adi silueti ilə bir dağ diqqəti özünə çəkir. Qarşıda əzəmətli bir qala bu əlçatmaz yerlərdə insan əlinin möcüzəsi kimi yüksəlir. Qala əldən-ayaqdan uzaq bir yerdə, çox ağır dağ şəraitində tikilib.

Dağın ətəklərini iki yandan Şəmkir və Mis çayları yuyur.

Azərbaycanda olan digər Qız qalalarından fərqli olaraq Söyüdlüdə yerləşən qalanın daha yığcam, biçimcə monumental, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı var. Çətin dağ şəraitində belə aydın və dəqiq memarlıq quruluşu yaratmaq onu ucaldan memar və ustaların yüksək bacarığından soraq verir. Qalanın bucaqlarında dairəvi biçimli bürclər yüksəlir. Onun əzəmətli surətinin aparıcı elementləri bu bürclərdir. Qala sərt dağ relyefinə uyğun olaraq içəridə iki səviyyəlidir. Üst qatda, dağın ən uca yerində planda beşbucaqlı biçimli olan içqala yerləşir. Ondan xeyli aşağı səviyyədə qalanın ikinci bölümü birləşir. Plan quruluşu və memarlıq biçimləri dağlıq yerlə birlikdə qalanın dayanıqlı müdafiəsini təmin edib. Dağ qalaları bir qayda olaraq ətrafdakı qayalardan və çay yataqlarından gətirilən daşlardan inşa edilirdi. Bu qalanın başqa dağ qalalarından bir fərqi də ondan ibarətdir ki, onun azman memarlıq kütlələri bişmiş kərpicdən ucaldılıb, divar səthləri isə bayırdan bir sıra cilalı kərpiclə üzlənib. Yerli əhali arasında dolaşan əfsanəyə görə, vaxtilə həmin qalada saxlanılan və ya yaşayan qız namərdlərin əlinə keçməmək üçün özünü qaladan yerə atıb. Bu əfsanəyə əsasən tikili “Namərd qala” da adlandırılır.

Qız qalası Şəmkir çayının sahilində qayalıq yerdə ucaldılıb. Ətrafı yaşıllıq, meşə olan qalaya piyada qalxmaq mümkündür. Qala beş dairəvi sütundan ibarətdir. Giriş-çıxış yerləri görünməz vəziyyətdədir. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Abidənin divar və bürclərinin ortasından kəmər kimi keçən və yuxarıda onları tac kimi tamamlayan hissəsi zamanında qalanın müdafiəsini xeyli gücləndirməklə yanaşı, onun görkəminə də əzəmət qatıb.

Hazırda abidənin təmir-bərpa olunmağa ehtiyacı var. 2019-cu ildə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Qalada konservasiya işlərinin aparılması nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR