Slimfit
  1. AZƏRBAYCAN

Dövlət vətəndaşları fəal prosesə cəlb edir - Bu, təhlükəsizlik məsələsidir

Dövlət vətəndaşları fəal prosesə cəlb edir - Bu, təhlükəsizlik məsələsidir
Sakura

Qida Təhlükəsizliyi Agentliyində (QTA) yaradılan mobil dəstək proqramı vasitəsilə vətəndaşlar quruma…

"Vətəndaşların göndərdiyi şikayətlər əsasında ciddi tədbirlər görülsə, cəzalar verilsə, müsbət nəticələr meydana çıxacaq"

"Qida Təhlükəsizliyi Agentliyində (QTA) yaradılan mobil dəstək proqramı vasitəsilə vətəndaşlar quruma qida sahəsində olan pozuntuları çatdıra biləcəklər".

Bunu QTA-nın sədri Qoşqar Təhməzli deyib. O, bu proqramın ictimai nəzarəti artırmaq məqsədilə istifadəyə verildiyini bildirib: "Mobil dəstək proqramı ilə vətəndaşlar istirahət zonalarında, yaşadıqları ərazilərdə, eləcə də ölkə daxilində istənilən ərazidə qida təhlükəsizliyinin pozuntusu halı ilə rastlaşarsa, bu barədə Agentliyə dərhal məlumat verə biləcəklər. Video və ya foto çəkib göndərdikləri zaman araşdırmadan sonra müvafiq tədbirlər görüləcək".

Sputnik Azərbaycan məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib. İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, bu, bir sıra ölkələrdə, həmçinin Avropada çox sıx tətbiq edilən modeldir: "Azərbaycanda bunun tətbiqi xeyli müddətdir təklif edilirdi. Bunun müstəqil şəkildə həyata keçirilməsi daha məqsədəuyğun olardı. Məsələn, Estoniyada bu cür fəaliyyətlər müstəqil qurumlar tərəfindən həyata keçirilir".

İqtisadçının sözlərinə görə, bu prosesdə vətəndaşların aktivliyi çox vacibdir: "Söhbət yalnız vaxtı keçmiş məhsullardan getmir. Bəzi hallarda saxlanma şəraiti yaxşı olmayan mağazalarda ərzaq məhsullarının satışı həyata keçirilir. Soyuducuda saxlanılmalı olan məhsullar soyuducuda saxlanılmır".

Ekspertin fikrincə, bu, istehlakçının nəzarətinin formalaşması anlamına gəlir: "İstehlakçının sahibkara nəzarətinin gücləndirilməsi baxımından vacibdir. Çünki istehlakçı hər hansı bir faktla bağlı müraciət edirsə, faktın araşdırılması, nəticələrinin də açıq şəkildə təqdimatı həyata keçiriləcək. Yəni portalda istehlakçının müraciəti, qarşılaşdığı problem və yekun qərar əksini tapacaq".

V.Bayramlı onu da əlavə edib ki, bu addım ictimai nəzarətin gücləndirilməsi baxımından da çox vacibdir: "Ümumiyyətlə Agentlik administrativ deyil, daha innovativ nəzarət mexanizmlərindən istifadə etməklə çatışmazlıqların aradan qaldırılmasına nail olmağa çalışmalıdır".

İqtisadçı-ekspert Natiq Cəfərli də bunu çox yaxşı təşəbbüs olaraq qiymətləndirib: "Belə olan təqdirdə qida təhlükəsizliyi ilə bağlı xüsusi qurumlara da ehtiyac yaranmır. Vətəndaş nəzarəti daha ciddi effekt verir. Məsələn, ABŞ-da hüquqları pozulan vətəndaş məhkəməyə müraciət edərək şirkətlərdən çox böyük məbləğdə kompensasiya ala bilir. Söhbət vaxtı keçmiş və yaxud keyfiyyətsiz qida məhsullarının satışa çıxarılmasından gedir. Bu da çəkindirici funksiya daşıyır".

"Vətəndaşların ciddi nəzarəti olduğuna görə şirkətlər bazara keyfiyyətsiz və yaxud da vaxtı keçmiş məhsullar çıxartmır. Çünki şirkətlər çox ciddi cərimələrə məruz qalır, kompensasiya ödəyirlər. Söhbət milyonlarla dollar məbləğində kompensasiyadan gedir. Bununla bağlı maraqlı faktlar da mövcuddur. Vaxtı keçmiş bir fincan kofeyə görə 2 milyon dollara yaxın kompensasiya ödənilən məhkəmə qərarları olub".

N.Cəfərlinin fikrincə, hazırda Azərbaycanda belə bir formulun tapılması çox yaxşıdır: "Həm Qida Təhlükəsizliyi Agentliyi var, həm də vətəndaşların nəzarət edə biləcəyi formalar yaradılır. Bu, daha effektiv yoldur. Çünki Agentliyin ştat cədvəli məlumdur, 100-dən çox əməkdaşı var və bunlarla Azərbaycan ərazisinə tam nəzarət etmək olmaz. Təkcə Bakı şəhərində 26 mindən çox ticarət nöqtəsi, satış dükanları fəaliyyət göstərir. Yəni nəzarəti bir qurumun həyata keçirməsi mümkün deyil".

Ekspertin qənaətincə, vətəndaşın nəzarəti daha effektivdir: "Vətəndaşların göndərdiyi şikayətlər əsasında ciddi tədbirlər görülsə, cəzalar verilsə, bu, həm biznesi çəkindirəcək, həm də vətəndaşların daha güvənli ərzaq almasına xidmət edəcək. Bunun məhkəmə ayağı olsa, daha da yaxşı olar. Yəni vətəndaş kompensasiya ala bilsə, şirkətlər də bazara keyfiyyətsiz məhsul çıxarmağa çəkinəcəklər"

Mənbə: Sputnik.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR