Slimfit
  1. AZƏRBAYCAN

Dostu 20 Yanvar şəhidi haqqında - “Ananın göz yaşlarına dözmək olmur, qardaş”

Dostu 20 Yanvar şəhidi haqqında - “Ananın göz yaşlarına dözmək olmur, qardaş”
Sakura

Dostu 20 Yanvar şəhidi haqqında - “Ananın göz yaşlarına dözmək olmur, qardaş”

Xalqımızın azadlığı haqqında uğrunda canından keçən vətən övladlarının, şəhidlərin hər zaman xatirələrini əziz tutmaq hər bir vətəndaşın borcudur. Amma şəhidlərin itkisi onların dostları üçün ikiqat ağırdır. Elə 20 yanvar şəhidi Məmmədov Səxavət Meydərəli oğlunun ölümündən indiyə kimi əzab çəkən Maksim Yaqubovun “Hürriyyət”ə ötən ay yazdığı məktub da bunu göstərir. M. Yaqubovun dostu şəhid Səxavət Məmmədov haqqında yazdıqlarını ürək ağrısız oxumaq olmur.

M. Yaqubov məktubda xalqımızın azadlığı uğrunda canını qurban vermiş əziz dostu, dünyalar qədər sevdiyi 20 Yanvar şəhidi Səxavət Məmmədova xitabən yazır:

“Ananın göz yaşlarına dözmək olmur, qardaş”

“Əziz dostum, mən uzun illər yanvarın 20-də sənin ata ocağına, Bakının Digah kəndinə, sənin məzarını ziyarət etməyə gedirdim. Həmişə də məni Roza ana və qardaşın İntiqam qarşılayardı. Baxırdım ki, Roza ana ona tərəf baxıb, məndən soruşurdu: oğlum, bəs Səxavət hanı? Sonra da susub, gözləri yaşarırdı, qolumdan tutub evə aparırdı, özü isə o biri otağa keçib ağlayardı. Ananın göz yaşlarına dözmək olmur, qardaş. Evdə mənə məsləhət etdilər ki, daha Digaha getmə, Roza ana səni görəndə halı pisləşir, Şəhidlər Xiyabanına get. Mən də son illərdə Şəhidlər Xiyabanına gedib, sənin əziz xatirəni əziz tuturam. Mən bu kiçik yazını yazanda səninlə keçirdiyim o əziz, heç vaxt unudulmayan günlərimi xatırlayıram. O günlər gözüm önündə kino lenti kimi canlanır, ağlaya-ağlaya yazıram.

Əziz dostum, sən çox mehriban, dostluğa, yoldaşlığa sədaqətli idin. Mən səni heç vaxt əsəbiləşən görməmişdim, ta 1988-ci ilə qədər. Ancaq 1988-ci ildən sonra qonşularımızın gətirdiyi bu bəlaya yaman əsəbiləşirdin, Qarabağa getmək istəyirdin. Neçə dəfə səni sakitləşdirdim ki, çağıraralar, hamımız gedərik, tək gedib nə gedəcəksən? Elə hey deyirdin bunlara bax, qapımızda yallanıb, indi də it kimi ayağımıza diş atırlar”.

“Sizin əziz xatirəniz xalqımızın yaddaşından heç vaxt silinməyəcək”

“Əziz dostum, indi dekabr ayının 18-i 2018-ci ildir. Mən Şəhidlər Xiyabanından indi gəlmişəm. Sənin şəklini aralıdan görüb, həmişə ürəyimdə dediyim ağını yenə də demişəm.

Əynimdə çuxa mənim,

Şal mənim, çuxa mənim,

Səni ölümüş görüncə, ay Səxavət

Gözlərim çıxa mənim.

Həmişə də yazıçılarımızı, şairlərimizi qınayıram ki, niyə onlar sizin qəhrəmanlığınız haqqında yazmırlar. Axı, sizin hamınız qəhrəmansınız. Siz xalqımızın azadlığı uğrunda şəhid olmusunuz. Əli yalın, təpədən-dırnağacan silahlanmış Sovet-faşist ordusunun qabağına çıxmısınız. Siz o meydanlara çıxmaya da bilərdiniz. Sizi o meydanlara çıxaran öz vicdanınız, azad yaşamaq arzularınız oldu. Amma siz həyatdan nakam getdiniz, arzularınız çin oldu. Biz indi azadıq, sizsiz. Sağ olsun dövlət başçımız hər il yanvarın 20-də sizi xalqımızla bərabər yad edir, ruhunuza dualar oxuyur. Siz bizim and yerimizsiniz, əziz dostum. Hər il milyonlarla oğul-qızlarımız sizin xatirənizi əziz tutaraq Şəhidlər Xiyabanını ziyarət edir, ruhunuza dualar oxuyurlar. Siz əbədiyyətə qovuşmusunuz. Sizin əziz xatirəniz xalqımızn yaddaşından heç vaxt silinməyəcək. Nə qədər xalqımız var, siz də varsınız”,-deyə məktub müəllifi qeyd edir.

M. Yaqubov şəhid dostunun qardaşı İntiqamın ona danışdıqlarını da qeyd edib: “İntiqam mənə danışırdı ki, biz Səxavəti axtaranda əvvəl onun maşınını tapdıq. “Maşının sol tərəfi güllədən deşik-deşik idi. Şərfi də qana bulaşıq maşının yanına düşmüşdü. Mikayıl Müşviqin büstünün ətrafı isə qan gölməçələri, əzilmiş maşınlarla dolu idi. Səhər idi, orada dünyasını dəyişənlər də var idi. Ancaq Səxavət orada yox idi. Biz elə bildik ki, yaralanıb, bir dalana çəklib. Orada olanlardan Səxavətin maşınını göstərərək, “bu maşının yiyəsini görməmisiniz?” deyə soruşduq. Orada olanlar bu maşının yiyəsinə halal olsun, dedilər. Bizi gülləboran edəndə yaralılarımızı, dünyasını dəyişənləri yığdıq. Bu maşının sürücüsü od kimi maşını güllə altından çıxartdı, qoymadı onlar tanklar altında qalıb, əzilsinlər. Biz güllə altından çıxa bilmirdik. Binaların girişində daldalanmışdıq. Bir də gördük ki, həmin maşın yenə gəldi. Maşın nəzarətdə imiş. Maşını görən kimi əlləri ilə Olimp mağazasının damını göstərdilər, oradan snayeperlə atəşə tutdular, sonra bilmədik nə oldu.

Sonra mən həyat yoldaşı Şəhla xanımdan soruşdum ki, Səxavətin evdən çıxanda son sözü nə oldu? Şəhla xanım dedi ki, axşam işdən gələndə maşını gətirməmişdi. Soruşdum Səxavət bəs, maşın hanı? Dedi, “Şəhla, maşını Müşviqin büstünün qarşısında blokada da saxlamışam. Orada çox maşınlar var, narahat olma. Deyirlər Sovet-faşist qoşunları bu gün gecə hücuma keçəcək. Biz də onların qarşısını almaq üçün orada blokada qurmuşuq”. Elə ki, atışma başladı, Səxavət həyətə çıxdı. Dedim, Səxavət getmə. Elə həyətə çıxıram, dedi. 5-6 dəqiqə keçmiş qayıtdı, qapının ağzında dedi, “Şəhla, uşaqlardan muğayat ol, gedim maşını gətirim”. Getdi.. amma Səxavət bir də qayıtmadı...”,- dostu şəhidin həyat yoldaşının dediklərini də xatırladıb.

“Sənin yanına getməyimə az qalıb”

M.Yaqubov dostuna sonsuz hörmətlə xitab edərək yazır: “Əziz dostum, sənin ürəyinə dammışdı ki, bu sənin son gedişindir. Ona görə uşaqları, balaca Meydərəli ilə, balaca Güneli Şəhlaya tapşırıb getdi.

Əziz dostum, mən sənin şəhid olmağını yanvarın 22-də bildim. Sənin şəhərdəki evinə getmişdim, qonşularınız dedi. Oradan sənin ata ocağına, Digaha getdim. Məni qardaşların İntiqam, İnqilab, Vahid qarşıladı. Sən onların arasında yox idin, ürəyim sızıldadı. Sən həmişə sizə gələndə qabağıma çıxardın, qucaqlaşardıq, öpüşərdik. Bu dəfə isə mən sənin məzarını qucaqladım, torpağını öpdüm. Məni sənin məzarını ziyarət etməyə apardılar. Oradan qayıdanda Roza ana qabağıma çıxıb, ağı dedi.

Əzizyəm balabanı

Asta çal balabanı

Hamı gedənlər gəldi

Bəs, mənim gedənim hanı?

Əziz dostum, mən sənin xatirəni həmişə əziz tutmuşam, həmişə də əziz tutacam. İndi mənim 63 yaşım var. Sənin yanına getməyimə az qalıb. Bu yazını yazmaqla, o gecədəki qəhrəmanlığını xalqımıza çatdırmaq və yanına üzü ağ getmək istəyirəm. Ürəyimdə sənə qarşı elə hisslər var ki, onları sözə çevirib, yazmağa acizəm.

Allah sənə rəhmət eləsin, məzarın nurla dosun, əziz dostum. Sənin əziz xatirən önündə həmişə baş əymişəm, həmişə də əyəcəm”.

Mənbə: Hurriyyet.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR