Dərc edildi: Baxış sayı: 904
Dollu Mustafa - Ağrın alım
Nə durubsan, astanada,
Qaşı qaytan, ağrın alım.
Səhər-səhər bağ içində,
Gülə batan, ağrın alım.
Büllur buxaq, bəyaz gərdən,
Ağlımı aparır sərdən,
Aşiqinə hərdən-hərdən,
Şivə satan, ağrın alım.
Qoynundakı əcəb nəstə,
Aləm görsə olar xəstə,
Əllərində dəstə-dəstə,
Nərgiz tutan, ağrın alım.
Cilvələn, süz, nazlı canan,
Gəl eyləmə baqrımı qan,
Qaşlarından qurub kaman,
Müjgan atan, ağrın alım.
Nə baxırsan yanı-yanı,
Olum gözlərin qurbanı,
Dərdə salma Mustafanı,
Ağcaqutan, ağrın alım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət