Slimfit
  1. CƏMİYYƏT

"Doğrudanmı bu 210 deputat müsəlmandır?" - Deputatdan İrana SƏRT SÖZLƏR

"Doğrudanmı bu 210 deputat müsəlmandır?" - Deputatdan İrana SƏRT SÖZLƏR
Sakura

"Doğrudanmı bu 210 deputat müsəlmandır?" - Deputatdan İrana SƏRT SÖZLƏR

"İran parlamentinin 210 deputatı Azərbaycan Respublikasının İsrail dövlətində səfirlik açmasını tənqid edən, onu pisləyən bir bəyanat qəbul edib. Bəyanatda qeyd olunur ki, guya Azərbaycan bu addımı atmaqla müsəlman birliyinə xələl gətirir, Fələstini qətlə yetirən sionist rejimin ortağı olur və eyni zamanda bu addım çox ciddi siyasi nəticələri ola bilər və ərəb ölkələrinə, müsəlman ölkələrinə müraciət edirlər ki, Azərbaycanın bu hərəkətini pisləsinlər. Bu mətnlə tanış olduqdan sonra insanda yaranan birinci sual odur ki, doğrudanmı bu 210 deputat müsəlmandır? Doğrudanmı onların xəbəri yoxdur ki, müdafiə etdikləri Ermənistan dövləti 30 il ərzində müsəlman Azərbaycan analarını və qızlarını əsir götürüb saxlayıblar?"

Ens.Az-ın məlumatına əsasən,bunu Redaktor.az-a Milli Məclisin deputatı Elman Nəsirov İran parlamentinin Azərbaycan əleyhinə bağlı qəbul etdiyi bəyanata münasibət bildirərkən dedi.

Deputat onu da xatırlatdı ki, Ermənistan bir milyondan artıq azərbaycanlı müsəlmanı qaçqın statusuna, qaçqın vəziyyətinə salıb, onlara qarşı deportasiya siyasətini və etnik təmizləmə siyasətini həyata keçirib:

"Ermənilər müsəlman azərbaycanlıları Xocalıda qətlə yetiriblər, müsəlman azərbaycanlıların yaşadığı Qarabağdakı bütün əraziləri, müsəlman abidələri olan məscidlərimizin hamısını yerlə yeksan ediblər, hər şeyi dağıdıblar. Cəmisi ikisinə toxunmayıblar, o da yarıdağılmış vəziyyətdədir. Orada isə ondan tövlə kimi istifadə ediblər. Donuzlar və inəklər saxlayıblar. Bəs onda bütün bunlara görə niyə İran Ermənistan dövlətinə qarşı heç bir addım atmayıb, onları qınamayıb? İran parlamentinin deputatları Ermənistanın işğalçılıq siyasətini, etnik təmizləmə siyasətini, azərbaycanlılara qarşı soyqırım və terror siyasətini pisləyən bəyanat qəbul etməyib. Bu, ikiüzlülük və riyakarlığın ən yüksək nöqtəsidir. Azərbaycanı İsrail dövlətində səfirlik açmaqda ittiham edən İran parlamentariləri onda bu suala cavab versinlər. Azərbaycan torpaqlarını işğal edən və azərbaycanlılara qarşı soyqırımı, terror siyasətini həyata keçirən Ermənistan dövlətinin paytaxtında niyə səfirlikləri fəaliyyət göstərir? Hələ bu az imiş kimi tarixi Azərbaycan ərazisi olan Qafanda da konsulluq açırlar. "Ermənistanın ərazi bütövlüyü İran üçün qırmızı xəttdir" deyirlər. Bütün bunlardan sonra utanmadan riyakarcasına iranlı parlamentarilər Azərbaycanı ittiham edən belə mövqelər səsləndirirlər".

Elman Nəsirov onu da vurğuladı ki, dünya müsəlmanları, xüsusilə onların müraciət etdikləri ərəb ölkələri və İslam Əməkdaşlıq Təşkilatı üzvləri İranın müsəlman ölkəsi olan Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasətinin mahiyyətini çox gözəl bilir. Deputat hesab edir ki, İran parlamentarilərinin bu cəhdi uğursuzluğa düçar olacaq:

"Heç bir müsəlman dünyası reaksiya verməyəcək, əksinə əks reaksiya verə bilər. Müsəlman dünyası bir səslə ayağa qalxıb İranı tənqid edən, İranın anti-müsəlman davranışını pisləyən mövqe ortaya qoyacaqlar. Çünki müsəlman dünyası çox gözəl bilir ki, ölkə Prezidenti cənab İlham Əliyev müsəlman həmrəyliyinin təmin edilməsində müstəsna xidmətlər göstərir. Məhz cənab Prezidentin təşəbbüsü ilə 2017-ci il ölkəmizdə Müsəlman həmrəyliyi ili elan edildi. Ölkəmizdə sayca IV İslam Həmrəylik Oyunları həyata keçirildi. Bunlar təkcə idman oyunları deyildi, həm də çox böyük siyasi mənası var idi ki, qoy aralarında müəyyən anlaşılmazlıq və gərginlik olan müsəlman ölkələri bir yerdə olsunlar, bir-birinə dəstək versinlər, birlik nümayiş etdirsinlər. Azərbaycan dövləti bu günləri həm də Qoşulmama Hərəkatının sədri olaraq müsəlman dünyasına böyük töhfələr verir. Onlar müsəlman dünyasının problemlərinin həllinə böyük töhfələr verir. Pandemiya dövründə bu özünü xüsusilə də nümayiş etdirdi. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın fəaliyyətini müsəlman ölkələri görür və yüksək qiymətləndirirlər. Belə olan vəziyyətdə İranın bu təxribatçı davranışı, təxribatçı bəyanatları, hesab edirəm ki, əks effekt verəcək. Bumeranq effekti yaradacaq və İranın özü üçün ciddi siyasi nəticələrə gətirib çıxaracaq".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR