Slimfit
  1. CƏMİYYƏT

"Dişi itlərlə işləmək daha rahatdır, erkək itlərin isə "eqo"su olur"

"Dişi itlərlə işləmək daha rahatdır, erkək itlərin isə "eqo"su olur"
Sakura

"Dişi itlərlə işləmək daha rahatdır, erkək itlərin isə "eqo"su olur"

Dünyanın 10-dan artıq ölkəsinin gömrük orqanının əməkdaşları Maştağadakı Kinoloji Mərkəzdə ixtisasartırma təlim kurslarında iştirak ediblər.

Son dövrlərdə ölkəmizin gömrük sərhəd-keçid məntəqələrində üst-üstə külli miqdarda narkotik vasitələr aşkarlanmaqdadır. Gömrükçülərimiz ən ağlasığmaz yollarla ölkəyə narkotik vasitələr gətirən şəxsləri saxlamağı və zərərsizləşdirməyi bacarırlar. Bu işdə şübhəsiz ki, sərhədçilərimizə xüsusi təlim görmüş itlər də yaxından kömək edir. Bəyan olunmamış əskinasların, silah-sursatın və sərhəddən keçirilməsi qadağan olunmuş digər malların aşkarlanmasında işlərin rolu əvəzsizdir. Bəs ölkə sərhədlərimizin qorunmasında, ölkəyə arzu olunmayan malların gətirilməsinin qarşısının alınmasında hansı itlər iştirak edir? Onlar necə təlim görür və iş prinsipləri nədir, hansı şəraitdə saxlanılırlar? Sputnik Azərbaycan-ın əməkdaşı bu suallara cavab tapmaq üçün Dövlət Gömrük Komitəsinin Maştağa qəsəbəsində yerləşən Kinoloji Mərkəzinə gedib. Suallarımızı Kinoloji Mərkəzin direktoru İlkin Osmanov cavablandırıb.

- İlk olaraq istərdik ki, mərkəziniz haqqında oxuculara məlumat verəsiz.

- Mərkəzimizdə narkotik vasitələr, psixotrop maddələr, tütün məhsulları, silah-sürsat, pul əsginaslarının axtarışı üzrə təlimlər həyata keçirilir. 3,5 hektar ərazini əhatə edən keçid axtarış məntəqələrində it təlimçilərinə və itlərə təlim keçilir. Bundan başqa, mərkəzimizdə ixtisasvermə və ixtisasartırma təlim kusları da mövcuddur. 2015-ci ildə isə Ümumdünya Gömrük Komitəsi ilə Dövlət Gömrük Komitəsi arasında imzalanan memoranduma əsasən, bura Regional Kinoloji Təlim Mərkəzi statusu verildi. 2003-cü ildə istifadəyə verilən mərkəzdə inzibati bina, Baytarlıq Klinikası, böyük və balaca itlər üçün mətbəx, 100 baş itin saxlanılması üçün saxlanc yerləri, xidməti otaqlar, siniflər, həmçinin damazlıq və dölçülük işinin təşkili üçün bölmələr də mövcuddur. Ərazidə iki böyük təlim meydançası var. Bu meydançalardan biri xüsusi, digəri isə ümumi itaət etmə təlimləri üçün nəzərdə tutulub. Xidmətdə axtarışda olan 60-a qədər itə isə 60 təlimçi təhkim olunub.

- Bu itləri necə əldə edirsiniz?

- Belə itlərin 30 faizini əhalidən, 70 faizini isə damazlıq və dölçülük işinin təşkili üçün yaradılan bölmədən əldə edirik. Axtarışa yararlı itlər arasında cütləşmə işləri həyata keçirilir. Onlardan əldə olunan balalar xidmətə cəlb olunur. Zootexnik və təlimçilər 8-9 ay ərzində həmin itləri yetişdirir, əhliləşdirir, ümumi itaətetmə komandalarına uyğunlaşdırır. Həmin it axtarışa yararlı olduğu halda isə o təlimçiyə təhkim olunur və onun axtarış istiqaməti təyin edilir. Bu itlərin axtarış istiqaməti narkotik, tütün məhsulları, yaxud da pul əsginasları ola bilər.

- Axtarışların böyük hissəsi nəyə istiqamətlənib?

- Axtarışların 85 faizi narkotik vasitələrin tapılmasına yönəldilib. Təlimlər əsasında itlərə əsas 4-5 komanda öyrədilir. Bu itaətetmə komandaları - otur, uzan, yanıma, yerində dur və s. olur. İtlərə sistematik olaraq axtarış fəndləri taktikası öyrədilir.

- Xidmətdə daha çox hansı itlərə üstünlük verilir?

- Xidmətdə alman və Belçika çoban itləri növü daha çox üstünlük təşkil edir. Bundan başqa "labrador", "golden retriever", müxtəlif növ rus "baniel"ləri də xidmətimizdə üstünlük təşkil edir. Xidmətə götürüldükdən sonrakı 3-4 ay müddətində itə həm narkotik vasitələr, eyni zamanda tütünlə bağlı axtarışlar öyrədilir. İy daşıyıcısı olan hər bir şeyi itə öyrətmək mümkündür. Çünki hər bir pul əsginasının müxtəlif rəngləri var. Bu rənglərin də özünəməxsus qoxusu var.

- Təlimə tam yararlı olan it əməliyyat zamanı nəsə problem yarada bilərmi?

- İtin təlimə yararlı olması o demək deyil ki, o, nə zamansa sizi yarı yolda qoymayacaq. Bu baxımdan əməliyyatda itin iybilmə potensialı, insanlarla ünsiyyəti, axtarış qabiliyyəti, psixoloji durumu da bizim üçün vacibdir. Çünki keçid məntəqəsindən hər cür insan keçə bilər. Belə məntəqələrdə müxtəlif ölçülü nəqliyyat vasitələri hərəkətdə olur. Bütün bu kənar səslər itlər üçün əlavə qıcıq yarada bilər. O səbəbdən də təlim zamanı, axtarışdan öncə bütün bunlar nəzərə alınır.

 

- Demək, itlər axtarış obyektinə görə müəyyənləşdirilir...

- Ərazidən, yoxlama növündən asılı olaraq biz iti müəyyənləşdiririk. Məsələn, hava nəqliyyatında daha çox əl yükləri yoxlandığı üçün orada "labrador" və "spaniel" itlərdən istifadəyə üstünlük veririk. Çünki belə yerlər üçün kiçik itlər daha yararlıdır. Quru keçid məntəqələrində isə daha çox alman və Belçika itlərindən istifadə edilir. Yük maşınlarının "kabinə"lərinin yoxlanılmasında da daha çox kiçik itlərdən istifadə edilir.

- İtlər nə zaman attestasiyadan keçir?

- Hər bir it ildə bir dəfə attestasiyadan keçirilir. Attestasiya zamanı isə itin bacarıqları, keyfiyyətləri yoxlanılır, onun bacarıqlarının artıb, azaldığı müəyyənləşdirilir.

- Bu itlər təxminən neçə yaşadək xidmətə yararlı olur?

- Xidmətdə olan itlərimizin 80 faizi təxminən 8 yaşadək yararlı olur. Amma bəzən onlar arasında 9, 10 il də xidmətə yararlı olanlar olur. Biz itləri o zaman xidmətdən uzaqlaşdırırıq ki, onlar keçid məntəqəsində 10 yox, daha az, məsələn 2 maşını yoxlaya bilirlər. Xidmətə yararsız olduqda isə bu itlər daha çox təlimçilərə ianə olaraq bağışlanır. Çünki təlimçilərimiz 5-7 il bir itlə işləyərkən ona bağlanır. Olub ki, xidmətdən çıxdaş edilən itlər də balansda saxlanılıb, burada bəslənib, qidalanıblar.

- Bir itə illik olaraq nə qədər xərc çəkilir?

- İtə çəkilən xərc onun çəkisindən, cinsindən və qidalanmasından asılıdır. Təxmini desək, bir itin bəslənməsi üçün qodalarına ildə 1000-2000 manat pul xərclənir. Onların qidalanmasında daha çox "premium" və "superpremium" yemlərdən istifadə edilir. Çünki yaxşı qidalanma vacib şərtdir. İtlər yayda gündə 1, qışda isə 2 dəfə qidalandırılır. Xüsusi bələdçilər isə onların çimizdirilməsi, daranması, təmizlənməsi, asudə vaxtda gəzdirilməsi ilə məşğuldur. İtlərin yuyulma tezliyi mövsümdən asılıdır. Yayda itlər ayda 3 dəfə çimizdirilir. İtlər tərin 90 faizini ağız şirəsi ilə ifraz etdiklərinə görə onlar vaxtında təmizlənməsə, spesifik iy verə bilərlər. Hazırda onların təmizlənməsində daha çox quru şampunlardan istifadə edirik. Bu zaman it daranır və o, yuyulmuş hesab edilir. Baytarımız isə ilkin tibbi müayinəni, müxtəlif əməliyyatları həyata keçirir.

- Bu əməliyyatlar zamanı bədbəxt hadisələr də qaçılmaz deyil, yəqin ki...

- Bəzən əməliyyatlar zamanı xəsarət halları da olur. Bu yaxınlarda itimizin biri təlim zamanı xəsarət almışdı. Təlimçinin yuxarı komandasına riayət edən zaman onun ayağı dəmirə irişdi və xəsarət aldı. O, dərhal mərkəzimizə gətirilərək müayinə olundu. Olur ki, bəzən belə əməliyyatlar uğursuzluqla da nəticələnir. Belə bədbəxt hadisələr hərdən baş verir. Bir itimiz vardı, o səhər saxlanma yerində ölü halda tapılmışdı. Sonradan bilmişik ki, itin ürəyində müəyyən çatışmazlıqlar və qüsurlar olub.

- İtlərdə əsas hansı xəstəliklər aşkarlanır?

- İtlərin təliminə kifayət qədər zaman ayrıldığından biz xidmət üçün sağlam itləri seçirik. Sağlamlığında bir qədər problem aşkarlandıqda isə həmin it balansa götürülmür. İtlərin tələf olması adətən yaş amili ilə bağlı olur. Amma xəstəliklər də qaçılmaz deyil. Onlarda daha çox ürək və böyrək çatışmazlığı, mədə problemləri aşkarlanır.

- Təlimlər zamanı itlərə hansı siqnallar öyrədilir?

- Təlim zamanı itlərə aktiv və passiv siqnallar öyrədirik. Aktiv siqnal işarəsi cırmaq atmaq, yaxud da hürməkdir. Passiv siqnal işarəsi isə hədəfin yanında oturma və uzanmadır. Partlayıcı və silah-sürsat axtarışı zamanı daha çox passiv işarə öyrədilir. Çünki partlayıcı maddəyə toxunduqda o, partlaya bilər. Narkotik və tütün axtarışı zamanı isə aktiv siqnallar təlim edilir. Əsas təlim üsulları yem və oyun təlim üsuludur. Bu gün ən geniş yayılan təlim üsulu oyundur. İtlərin əcdadları canavar, çaqqallar olduğu üçün onların hər birində ov instinkti var. Bu instinkt itlərdə müxtəlif cür ola bilər. Biz isə itlərin bu ov instinktini oyuncaqlarla əvəzləyirik. Bütün təlimi o oyuncağın üzərində formalaşdırırıq. İt bizə lazım olan iyi digərlərindən fərlqəndirsin deyə, şüşə qablarda ət parçası və digər qıcıqlandırıcı iylərə sahib bir şeylər yerləşdiririk. Onların arasına isə iti hansı iy üzrə təlim etmişiksə, onu yerləşdiririk. Oyuncağı gizlətdikdə it onu axtarıb tapır. Bu zaman it başa düşür ki, o, lazım olanı tapdıqdan sonra oyuncağını ala biləcək.

- Bəs əməliyyat öncəsi nələr öyrənilir?

- Əməliyyat zamanı küləyin istiqaməti, havanın temperaturu da nəzərə alınır. Bizim cənub bölgəmizdə daha çox rəngi açıq itlərdən istifadə edilir. Çünki cənub bölgəsi isti olduğundan qara rəngli it həmin ərazidə axtarışa təhkim olunsa, tez yorulacaq. Qərb bölgəmiz isə dəniz səviyyəsindən müəyyən qədər yüksəklikdə yerləşdiyi üçün orada təzyiq yaranır. İnsan kimi itdə də təzyiq və şəkər olur.

- İxtisasartırma təlimləri haqda da məlumat verərdiniz...


- Dünyanın 10-dan artıq ölkəsinin gömrük orqanının kinoloji mərkəzinin əməkdaşları mərkəzimizdə ixtisasartırma təlim kurslarında iştirak ediblər. Bu baxımdan Orta Asiya, Avropa, Şimali və Orta Afrika ölkələrinin adlarını xüsusi ilə vurğulamalıyam. Makedoniya Respublikası tərəfindən yenidən mərkəzimizə müraciət edilib və qeyd olunub ki, onlar bizim inzibati binamızın ərazisində ixtisasartırma təlim kurslarına qatılmaq istəyirlər. Bu günədək Monqolustan, Əfqanıstan, Qırğızıstan, Türkiyə, Seneqala və digər ölkələrə 30-a yaxın it ianə etmişik. Makedoniyaya verdiyimiz itlərdən biri Yunanıstan sərhədində 20 kiloqrama yaxın heroin aşkarlamışdı.

P.s. Kinoloji Mərkəzin Muzeyində isə müxtəlif yarışlarda qalib gələn bu itlərin medal və mükafatları qoyulub. Onların bir neçə dilə aid komandaları və 5-6 iy bildiyi söylənilir. İnzibati ərazidə olduğumuz müddətdə 3 gündür təlimə cəlb edilən iki yaş yarımlıq rus "banieli"nin təlimini izlədik. Təlimçilərin əksəriyyəti kişidir. Onlar deyir ki, dişi itlərlə işləmək daha rahatdır. Bunun da səbəbi erkək itlərin "eqo"ist olmasıdır.



 






Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR