Slimfit
  1. PSİXOLOGİYA

Diqqəti inkişaf etdirməyin beş yolu

Diqqəti inkişaf etdirməyin beş yolu
Sakura

Diqqəti inkişaf etdirməyin beş yolu

Diqqətini çətin və ya cansıxıcı bir işə cəmləməyə çalışan hər kəs, bunun nə qədər qəliz olduğunu bilir. Amma elm, buna kömək ola bilən bəzi nəticələrə vara bilib.

Günümüzdə o qədər çox diqqət yayındıran hadisələr baş verir ki, internetdə bununla mübarizə aparmaq üçün sonsuz sayda məsləhətlər geniş yayılır. Fəqət onlar ya real səslənmir, ya da sizi işinizdən geri sala bilər.

Aramızda neçə nəfər, "gördüyü işə həmişə ruhlandırıcı və əyləncəli yanaşa" və ya sosial medianı bağlaya, gününü qulaqcıq taxaraq keçirə, ya da evdən işləyə bilər?

Çox güman ki, buna bənzər məsləhətlər, psixoloqların insan beyninin necə işlədiyi ilə bağlı gəldikləri nəticələrlə üst-üstə düşmür.

Konsentrə olmaq üçün yararlı qəbul etdiyimiz şeylərin çoxu, əslində beynimizin təbii işləkliyi ilə təzad təşkil edir.

Belə halda daha çox iş görə bilək deyə elm bizə nəyi öyrədə bilər? Ümumi məsləhətlər heç işə yarayırmı?

Xəyala dalın

Məntiqsiz görünsə də, xəyalınızı uzaqlara kökləmək, fikri cəmləmək üçün ən yaxşı yanaşmalardan biri ola bilər. Psixoloqlar son zamanlar tez-tez deyirlər ki, insanlar günlərinin böyük bir hissəsini xəyala dalaraq keçirirlər.

Bəzi psixoloqlar bunu beynin fəaliyyət sisteminin işləkliyinə kömək ola bilən mühüm faktor kimi qiymətləndirirlər.

Şəkil: Əgər vaxtınızın yarısını xəyala dalmaqla keçirirsinizsə, bunun üçün əvvəlcədən vaxtı müəyyənləşdirməyə dəyər

Beyinə nəzər salsaq, diqqətimizin yayılmasının heç də gərəksiz olmadığını görərik. Konsentrasiya, beyinin diqqət yayınması ilə mübarizə aparan və bizim daha əyləncəli bir iş görmək kimi təbii impulsumuzu idarə edən alın payı da daxil olmaqla beynin bəzi hissələrinin yaratdığı şəbəkənin fəaliyyətini tələb edir.

Bu şəbəkənin işləməsi üçün, xüsusi bir şey fikirləşmədiyimiz zaman beynin aktiv olan hissələrinə zəruri enerjidən daha çox enerji lazımdır. Günün müəyyən hissəsində beynin ardıcıllığı pozaraq xəyala qapılması isə qaçılmazdır.

Əgər bu hər bir halda yaşanacaqsa, niyə də əvvəlcədən onun üçün münasib vaxt ayırmayaq?

Harvard Universitetindən psixoloq Paul Seli, bilərəkdən və təsadüfi fikir yayğınlığı arasındakı fərqi ayırd edə bilib və deyir ki, təsadüfi yayğınlıq işi başa çatdırmağın qarşısını alır.

Münasib zamanda xəyala dalmağı bacaran insanlar, yersiz bir vaxtda arzular dünyasına qərq olanlardan daha az əziyyət çəkirlər, Seli deyir.

"Əgər tapşırıq asandırsa, bilərəkdən xəyala dalmaq icraya yaxşı təsir göstərməklə yanaşı, fikir yayğınlığının mənfəətləri sayılan problemin həlli və planlamanı inkişaf etdirəcək," o söyləyir.

Bu, ara-sıra bilərəkdən fikrinizin yayılmasına yol verməyin faydalı olduğu mənasına gəlir.

"Əlaqəsi olmayan başqa bir şey haqqında düşünün, məsələn həllinə ehtiyac duyduğunuz başqa bir məsələ haqqında və yenə əvvəlki tapşırığınıza qayıdın," Seli təklif edir.

Beyninizə əlinizdəki işdən başqa bir şey haqqında fikirləşmək şansı verərək təqsirinizə bəraət qazandırmaqla yanaşı, yayğınlığa səbəb olan məsələləri həll etməyə də kömək edə bilərisiniz.

Əylənin

Bir araşdırma göstərir ki, iş yerlərində "əyləncə" mədəniyyəti tətbiq olunmalıdır

 

Gülməli pişik videoları adətən fikir yayğınlığı yaradan ən mühüm şey hesab olunur, amma bəzi psixoloqlar düşünürlər ki, işə davam etmək üçün bu üsul beynimizi hazırlamaqda yardımçı ola bilər.

Çünki işinizə sevginizdən asılı olmayaraq, diqqətinizi daim tapşırığa kökləmək yüksək iradə tələb edir. Yeni bir araşdırmaya əsasən, iradəni artırmağın ən yaxşı yolu ürəkdən gülməkdir.

Eksperimentlərdə məzəli video izləyən insanlar, rahatladıcı və əyləncəli olmayan video izləyən müşahidə qrupundakı iştirakçılara nisbətən, ən çətin tapşırıqların öhdəsindən gəlmək üçün daha çox səy göstəriblər.

Araşdırma, yumorun bizə son dərəcə effektiv olduğunu isbat edib. Buna görə də iş yerlərində "əyləncə" mədəniyyəti tətbiq olunmalıdır.

"Məzəli e-mail və ya YouTube videosu tapıb, komandanız üçün əyləncə mədəniyyəti yaradaraq siz, işdəki məhsuldarlığı artıra bilərsiniz," Canberrada yerləşən Avstraliya Dövlət Universitetindən bu araşdırmanın rəhbəri olan liderlik tədqiqatçısı David Cheng deyir.

"Əlbəttə ki, söhbət bütün günü pişik videoları izləməkdən getmir, amma arabir fasilə, ələlxüsus özünüzü son dərəcə yorğun hiss etdiyiniz zamanda həqiqətən də işə yarayacaq."

İşi daha da qəlizləşdir

Düzgün konsentrə olmaq üçün fikir yayındıran bütün şeylərdən uzaq durmaq lazımdır, elə deyilmi? Fəqət bir nüfuzlu diqqət nəzəriyyəsi əksini diktə edir.

Londonun College Universitetindən psixoloq Nilli Lavie, 1995-ci ildə 'Yükləmək Nəzəriyyəsi' adlı bir nəzəriyyə yaradıb.

Nəzəriyyəyə əsasən, beynimiz həllə ehtiyacı olan və kənardan gələn tapşırıqları məhdud sayda qəbul edə bilir və bu say tamamlandıqdan sonra, beynin diqqət sistemi nəyə köklənmək lazım gəldiyini özü müəyyənləşdirir.

Bu qarışıqlıqdan iş masanızın üstünü görə bilmirsiniz? Lavie-nin sınağı bunun yaxşı əlamət olduğunu deyir

 

Lavie-nin sınağı göstərib ki, təmiz, səliqəli və sakit bir yerdə işləmək heç də yaxşı deyil. Ən yaxşısı qarışıq və dağınıq mühitdə işləməkdi.

Hədd dolduqdan sonra, beyin ən mühüm tapşırığı müəyyənləşdirib, ona köklənəcək. Dağınıqlıq isə arxa plana keçəcək.

Ofisdə kompüterindən ayrıla bilməyənlər üçün nahar yeməyində gəzmək böyük kömək ola bilər

 

Başqa araşdırmalarda isə, hətta bir neçə saniyəlik ən kiçik fasilənin belə işə yarayacağı müəyyənləşib. Nəzərə almaq lazımdır ki, bu araşdırmalarda insanlar bir neçə saniyəlik zehni arifmetik ilə məşğul olublar. Ona görə də pəncərədən boş-boş həyətə baxmaq işə yaramaya bilər.

Fasilə zamanı kiçik idman ən yaxşı seçimdir. Bu, beynin fəaliyyətini artıraraq işə qaldığımız yerdən davam etməyə kömək olur. Ardınca da kofeinli içki içmək bizə artıq enerji verə bilər.

İdmanı açıq havada etmək kimi xeyirlisi isə yoxdur. Təbiətdə vaxt keçirmək insanların konsentrasiyası üçün uzun zamandır ki, ən yaxşı vasitə hesab olunur.

Meditasiya da başqa bir üsuldur. Məlum olub ki, təcrübəli meditatorlar diqqətlərini daha yaxşı idarə bilirlər və fasilə vaxtını düzgün seçməyi bacarırlar.

Bunlar bir az vaxt apara bilər, amma istər məşğələyə imkan olsun, istərsə də olmasın, bir miqdar kofein yaddaşı, reaksiya müddəti və diqqəti müvəqqəti də olsa yaxşılaşdırır.

Beləliklə, fasilə götürüb-götürməməyinizdən asılı olmayaraq, çaydanı qaynadıb isti içki hazırlamağa vaxt ayırmağa dəyər.

Yəni, beyninizi məşğul qalsın deyə onu yükləmək lazımdır ki, kənarda stimul axtarmasın. Əksəriyyətimiz doğru şeyi tapmaq üçün cəhd və xəta prosesindən keçməli ola bilərik, amma fikri yayan şeyləri uzaqlaşdırmaq çətin olan məqamlarda bu üsulu da sınamağa dəyər.

İşi dayandırın

Ürəyimizdən keçməsə belə, fasilə vermək variantını həmişə ən sona saxlayırıq. Lakin fasilə verməyin nə qədər faydalı olduğunu göstərən saysız dəlillər mövcuddur. Əsas məsələ, fasilə üçün doğru zamanı, bunun üçün lazım olan müddəti və həmin vaxt ərzində nə edəcəyimizi təyin edə bilməkdir.

1990-ci illərdə aparılan bəzi araşdırmalar göstərir ki, təbiətimizi təşkil edən həssaslığın təbii müxtəlifliyi ucbatından biz, 90 dəqiqədən bir 15 dəqiqəlik fasiləyə ehtiyac duyuruq.

İdman etmək sizlik deyil? Kofein qısa müddətlik çarə ola bilər

 

Özünüzə çox əziyyət verməyin

Uzun müddət bir şeyə köklənmək lazım gələndə, aza qane olmaq ən yaxşısıdır. Bunu Massachusettsdə yerləşən Boston Diqqət və Öyrənmə Laboratoriyasından Joe DeGutis və Mike Esterman-ın apardığı tədqiqatlar təsdiq edir.

Beyin görüntüləmə təcrübələrində onlar müəyyənləşdiriblər ki, sıranı itirməmək üçün ən uğurlu strategiya belədir: bir müddət işlədikdən sonra, qısa fasilə götür. Dayanmadan işləyən insanlar ümumilikdə daha çox səhvlər buraxırlar.

Amsterdamda yerləşən Vrije Universitetindən Christian Olivers tərəfindən aparılan oxşar bir tədqiqat da göstərib ki, bir az ara verərək başqa şey haqqında düşünüb, sonra işləməyə davam edən insanların diqqəti daha az yayınır.

Bu, diqqət üzrə aparılan araşdırmaların ən faydalı nəticəsi sayıla bilər. Beyni daha çox öyrəndikcə, stressin diqqətə düşmən olduğunu anlamaq asanlaşır.

Buna görə də sizi daha sakit və rahat edən nə varsa, ondan yapışın. Əgər şanslısınızsa, iş də öz yoluna düşəcək.

Caroline Williams elmi jurnalistdir və Ötüb keçmək: Beyin təliminin daha dərininə varmaq və zehnimin idarəsini əla almaq axtarışım (Override: My quest to go beyond brain training and take control of my mind) adlı kitabın müəllifidir.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR