Slimfit
  1. TƏBİƏT

Dini dəyərlərin ətraf mühitin qorunmasında rolu

Dini dəyərlərin ətraf mühitin qorunmasında rolu
Sakura

Çağdaş dünyanın böyük probleminə çevirilərn ekologiya böhranı məsələsinə dini dəyərlər konteksindən…

Bizim milli-mənəvi dəyərlərimizin təməlində dayanan əsas meyarlar dinimizdə də öz əksini tapıb. İslam dini dəyərləri xalqımızın mənəvi varlığının ayrılmaz tərkib hissəsinə çevrilmiş, həm ümumi islam mədəniyyəti, həm də xüsusi, spesifik Azərbaycan mədəniyyəti əsrlər boyu azərbaycanlıların mənəvi inkişafına güclü təsir edən amillərdən olmuşlar.

Növbəti mövzumuzda mənəvi dəyələrin, insanaların inancının ana yasası olan müqəddəs yazıların, insan-təbiət münasibətinə necə münasibət sərgiləməsinə toxunacağıq. Təbiətin insana münasibəti Yaradan tərəfindən necə nizamlanmışdırsa, insanın ona münasibəti də eyndirmi və ya hansı səviyyədədir?!

 Düşünürəm ki, özünü hansısa bir dinin təmsilçisi, nümayəndəsi kimi qəbul edən bir insan İlahinin təbiət və ətraf mühitə verdiyi dəyəri lazımınca anlamaq qabiliyyətində olacaqdır.

Mövzuya Qurani Kərimin məsələylə bağlı bir ayəsinə nəzər salaraq başlamaq arzusundayam;

İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bə´zi yerlərdə quraqlıq, qıtlıq olar, bə´zilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bə´zi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar. (Rum 41)

Mənəvi dəyərlərin bir hissəsini özündə ehtiva edən dini dəyərlər həyat üçün yol göstərən bir amildir ki, ümumilikdə insan varlığının formalaşımasına xidmət edir. Şübhəsiz ki, insan bir-birini tamamlayan varlıq dünyasının bir hissəsidir. Lakin o təbiətin digər ünsürlərindən fərqli olaraq öz xüsusiyyəti, özəlliyinə görə fərqlənir. Uca Yaradan istəmişdir ki, insan yer üzünün varisi olsun. Buna görə də o, varlığın bir hissəsi olmaqla yanaşı İlahi dəsturların daşıyıcısı da sayılır.

İslam dini insanın yaşam tərzini tənzimləyən bütün sahələrə toxunmuşdur. Onlaradan biri də ekologoya və ətraf mühitin qorunması məsələsidir.  Əlbəttə ki, Qurani Kərimdə ekologiya və ətraf mühitin qorunması ümumi şəkildə yer, torpaq, su, səma, təmzilik və antisanitrariya mövzularına bir çox yerdə toxunulmuşdur. Və bunların vasitəsilə dinin ətraf mühitin qorunması və mühafizəsinə münasibəitini qəti şəkildə əldə etmək mümkündür.

Heç kimə sirr deyil ki, Qurani-Kərimin ilk nazil olan ayəsi “oxu” deyə başlayır. Quran təfsirçilərinin qənaətinə görə Allah bu ayəyə qədər heç bir yazı göndərmədiyi halda Həzrəti Məhəmməddən nəyisə oxumağı tələb etmir. Buradakı ərəbcəsi “İQRA” olan, “OXU” əmri, ilahi işarətlərə yönəlmişdir. Ondan təbiətin oxunması tələb olunurdu. Təbiətə baxaraq bütün bunların İlahi tərəfindən yaradılması haqda düşünməkdən söhbət gedirdi. Qurani Kərimin digər yerlərində buna oxşar göstəriş və tövsiyələrə rast gəlirirk. Yeri gəlmişkən qeyd edilməsi vacibdir ki, Qurani Kərimin hər bir cümləsinin “ayət” adlanması təsadüfi deyildir. “Ayət” Quranın orjinal dili olan ərəbcədə “işarə, nişanə, əlamət, ibrət, möcüzə” anlamında tərcümə olunur. Burada həm də məqsəd Allahın yaratdığı, insanların əyani şəkildə gözləri ilə gördükləri təbiət, yaradılış nişanələri, təbiətdə baş verən hadisələrdən ibrət anlamına gəlir.

Qurani Kərim ekoloji məsələyə ciddi münasibət sərgiləyərək kamil insanın Allahın görmək istədiyi yaşadığı mühitin təmizliyində ciddi olmasını tövsiyə etməkdədir. Yuxarıda qeyd etdiyimiz ayədə ekoloji sferada baş verən pozuntuların səbəbkarı da məhz insan övladı olduğunu xüsusi vurğulayaraq, insanın ətraf mühitin mühafizəsində məsuliyyət daşıdığını xatırlatmaqdadır. İnsan faktoru mənəvi dəyərlərdə nə qədər mühüm və əhəmiyyətlidirsə, onun yaşadığı ətraf mühitin, ekoloji sferanın qorunması da bir o qədər həyati vacib bir məsələdir. Mənəvi dəyər, dini inanc istənilən sefarada insanı sülhə, sağlamlığa səsləyirsə, bu sağlamlığın başında ilk duran nəsnə də təmizlik, mənəvi və maddi paklıq yer almalıdır. İslam peyğəmbəri Həzrəti Məhəmmədin ifadəsilə qeyd etsək “təmizlik imanın yarısıdır” və “bacardığınız qədər təmizliyə riayət edin. Allah dinini təmizlik üzərində qurmuşdur. Cənnətə də ancaq təmiz olanlar girəcəkdir” (Camius-sağir 1/133) kimi təmizliyin bir müsəlman üçün nə dərəcə vacib olduğunun şahidi olurıq.

İslam peyğəmərinin təmizlik və dini terminalojiya ilə qeyd etsə “təharət”in vacibliyinə ifadələrində bu qədər geniş yer verməsi əlbəttə ki, təsadüfi deyildi. Bir insanın mənəvi yükünün artırıılması və onun kamilliyə doğru inkişaf etməsində elm və bilikdən də öndə dayanan amil məhz təmizlikdir. Məlumdur ki, Qurani Kərimin ilk surəsi Ələq surəsinin ilk beş ayəsində “SƏNİ YARADAN RƏBBİNİN ADI İLƏ OXU” əmri idisə, ikinci dəfəki vəhydə isə bu göstəriş verilirdi:” Ey bürünüb örtünmüş (peyğəmbər), Qalx və (insanları) xəbərdar et! Təkcə Rəbbini uca tut! GEYİMİNİ TƏMİZ SAXLA!  (Müddəssir 1-5) ardıcıllıqla ikinci vəhydə “geyimini təmiz saxla” ifadəsi təmizlik məsləsəinin ciddiyyətinə sübutdlardandır.

Bununla yanaşı Bəqərə surəsi 22-ci ayədə “Şüphəsiz ki, Allah çox tövbə edənləri və çox təmizlənənləri sevər” kimi müqəddəs kitabda onlarla belə göstərişlərə rast gəlməkdəyik.

Yuxarıda qeyd etdiyimiz kimi günümzdə qlobal antisanitariya və ekoloji problemə diqqət etməmək mümkün deyil. Bu gün dünya mətbuatı manşetlərinin ən çox başda insan olmaqla digər canlılar arasında yolxucu xəstəliklərin çoxalması, canlıların məhvi ilə nəticələnən faciəli xəstəliklərin meydana gəlməsi bəzəyir. Uşaq və yeniyetmələr arasında genetik xəstəliklər, əsasən də ekoloji çirklənmənin təsirindən meydana gələn ağır xəstəliklər artmaqda davam edir – şəkərli diabet, xərçəng, dəmir defisitli anemiya, allergiyalar, mineral çatışmazlığı, metobolik sindrom kimi adı dünya insanın dilində əzbər olan bu xəstəliklərin əlacı demək olar ki, ancaq vaxt uzatmaq, bacardıqca  müxtəlif kimyəvi vasitələrə ölümünü təxirə salmaqdan ibarətdir. Ekoloji balansın pozulması təkcə insanın deyil, təbiətdə mövcud olan bütün canlıların həyatını təhlükə altına qoymuşdur. Belə ki, Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin “Qırmızı siyahısı”nda hazırda 25 min 800 növün adı yer alıdığı qeyd olunur. Bu kifayət qədər böyük rəqəmdir. Yəni bu o deməkdir ki, insan faktorunun laqeyid və məsuliyyətsiz münasibəti təbiətin məhvinə sürükləyən böyük təhlükədir.

 Həzrəti Məhəmməd sağlamlığı insan üçün böyük nemət adlandırır: “İki böyük nemət vardır ki, insanların əksəriyyəti onların qiymətini lazımınca bilmədiyindən aldanmışlar. Onlardan biri sağlamlıq digəri isə boş vaxtdır (Buxari, Riqaq1)

Başqa bir yedə isə buyurur: “İki nemət vardır ki, insanlar onun qədrini zamanında bilsinlər. Onlardan biri sağlamlıq digəri isə gənclikdir”

İnsanın yaşamaq arzusu normal, sağlam hər insanın içində olan ən təməl təbii arzulardan biridir. O qədər təməldir ki, onun üçün digər bir çox təbii istəyinizdən də çox rahat şəkildə imtina edə bilərsiniz. İnsan bir çox şeydən təkcə yaşaması üçün, həyatda qalması üçün imtina etməyə qadirdir. “Suda batan insanın saman çöpündən yapışar” kimi primitiv bir misalı göstərə bilərik. Lakin təəccüblüsü insanın öz və ətrafdakıların sağlamlığına diqqət etməməsi və bunun nəticəsində hər hansı bir xəstəliyə yoluxması qəti şəkildə pislənmişdir.

 Qurani Kərimin Bəqərə surəsində “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” əmri bunun günah səviyyəsində ola biləcəyi ehtimalını da ortaya qoyamaq imkanına malik ola bilər. Əlbəttə, təmizlik və paklığın bu qədər mühüm yer tuttması təsadüfi deyildi. Kainatda var olan bütün yaranmışlar insan üçün olduğuna görə insanın sağlam olması əsas məsələdir. İnsan sağlam olmazsa, kainatdakı yaradılışın heç bir əhəmiyyəti də olmayacaqdır. Məhz buna görə də Qurani Kərim insan üçün halal və təmiz olan qida məhsullarından istifadəni tövsiyə edir. Hətta məlum məsələdir ki zərərli alıqşqanlıqlar, asılılıqların haram olması da insan sağlamlığına vurduğu zərərlə əlaqədardır. İnsan sağlmalığını təhdid edən hər hansı vasitə olursa olsun qəti şəkildə ondan uzaq durmaq mənəvi dəyərlərin insana aşıladığı bir əmrdir. Məsələyə bir də bu aspektdən baxsaq insan sağlam həyat tərzi sürməzsə, Allah qarşısında olan mənəvi borclarını ödəyə bilməz. Və insan bədəni ona əmanət olaraq verildiyi üçün onu qorumağa borclu olaraq qalır.

Quran təkcə insan övladına xitab etmir. O, eyni zamanda kainatın digər canlıları ilə danışır. O insanla yanaşı heyvanlarla, qarışqa və arı ilə də müxatəb olur. Allah insanlarla danışdığı zaman günəşi ayı, ulduzları şahid tutur, əncirə, Tur dağına, zeytuna and içir.  Dini mətnlərdəki bu faktların heç biri təsadüf üzündən yaranmamışdır. İlahinin insandan əlavə digər yaradılmışlara, heyvanlara, bitkilərə verdiyi dəyərlərdir.

Gün kimi aydınıdır ki, insanın sağlam yaşaması üçün ən vacib olan sağlam və təmiz qidadır. Qurani Kərimdə insana tövsiyə edilən qidalar haqda belə buyurulur:

 “Qoy insan yediyinə diqqət yetirsin. Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.       Sonra da yeri çat-çat yarıb, orada taxıl yetişdiririk. (Habelə) üzüm və yonca,       zeytun və xurma, sıx-sıx bağlar, meyvələr və otlar da,   

(Bu nemətlər) sizin (istifadəniz) və mal-qaranızın faydalanması üçündür. (Əbəsə 24-32)

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam 99)

Talvar üzərində olan və talvarsız (öz gövdəsi üzərində duran) bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir. (Ənam 141)

(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl 11)

O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üz­­düyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür. (Nəhl 14)

Qurani Kərrimin insanın qidalanması üçün adını çəkdiyi bu qida məhsullarının hər birinin insan sağlamlığına faydalı olduğu bilinməkdədir. Çünki, insan, öz sağlamlığını qorumaqla mükəlləfdir.

“Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik. (İsra 70)

Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır! (Casiyə 13;)

Və bunlar kimi neçə-neçə aylərdə təbiətin istifadə üçün tamamilə insanın ixtiyarına verildiyinə dair ayələr oxuya bilirik. Lakin, unutmaq olmaz ki, ixtiyara vermək o anlamda deyil ki, insan onun qorunmasına laqeyid yanaşmalı, onu istədiyi kimi istifadə edərək nəticədə məhv olmasına səbəb olmaldır. Unudulmamalıdır ki, bizdən öncəkilər bu təbiəti bizə irs olaraq çatdrdıqları kimi bizim də borcumuz onu bizdən sonrakılara yəni öz övladlarımıza çatdırmaqdan ibarətdir.

Bizim mənəvi dəyərimiz bizə bunu əmr etməkdədir, insanın təbiətin bir hissəsi olan torpaqdan yaradılmasını unutmamaq, adı yer üzü olan yaşadığımız planetin qorunması ilahi ibadətlərin savabı və vacibliyi nədirsə, o qədər əhəmiyyət yükünə malikdir. Təəssüf ki, bəzi insanlar mənəvi borcun ancaq özünə məxsus olan əraziyə, evə çəkilərək ibadət eməklə bitidiyini düşünür və bununla da bu borcun bitdiyinin zənn edir. Halbuki, bütün səmavi dinlərdə ibadətin Allaha qulluq anlamında gəlməsi və bu qulluğun yer üzünün cənnətə çevirməkdən ibarət olması kimi təqdim edilir. Axı necə ola bilər ki, ona əmanət verilən yer üzünün mənəvi maddi çevrənin qayğısına qala bilməyən insan ölümündən sonra əbədi cənnət tələbində olsun? Nə məntiqlə nə də ki ədalətlə bu mümkün olmayan bir işdir. İnsan o zaman ölümüdən sonra cənnəti haqq edəcək ki, ölümündən əvvəl yaşadığı mühiti cənnətə çevirib özündən sonra gələcək insan övladına miras qoya bilsin.

Allah lazımsız və israf istehlakı qınayır və insanın həmişə qənaətlə istifadəni tövsiyə edir. Çünki qənaətlə istifadə, israf etməmək həm nemətə həm də neməti verənə ehtiram olaraq hesab olunur. Əraf surəsinin 31 ci ayəsində “Yeyin, için, lakin israf etməyin. Çünki, Allah israf edənləri sevməz” göstərişi bunun açıq aşkar qınanıldığını göstərməkdədir.

“Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız” (Təkasur 102)

Baxın, Uca Rəbbimiz verdiyi hər bir nemətin belə sorğusunu insandan çəkəcəyi haqda xəbərdarlıq edir.  Qida, istifadə etdiyi əşylar, geyindiyi paltarlar aldığı nəfəs, istifadə etdiyi vəya itirdiyi zaman və s... nemətlərin hesabını mütləq verəcəkdir.

Məhəmməd peyğəmbərin ifadəsiylə “Yaradan gözəldir və o bütün yaradılmışları da gözəl yaratmışdır”.  Bu yaradılmışlardan ən üstünü isə insandır. İsra surəsinin 70 ci ayəsində “Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik” deyə insanın Allah qatında əhəmiyyətli yerə malik olduğunu açıq aşkar vurğulamaqdadır. Lakin insan ona verilən bu dəyər müqabilində öz-özünü dəyərləndirməyi də bacarmalıdır. Özünə dəyər verməyən insan zahirdə ona verilən nemətlərdən istifadə etmiş kimi görünməsinə baxmayaraq əsl mənəvi dəyərini itirmiş olur və İlahinin qatında dəyərdən düşmüş sayılır.

İnsan övladının özünə veridyi ilk dəyər şəxsi təmizliyindən başlayır.

İslam təlimlərinin təbiət və ətraf mühitə münasibətini araşdırdığımız zaman görürük ki, İslam insanın üzərinə ətraf mühitlə əlaqəsi zəminidə üç yöndən istiqamət verir:

Ontoloji əlaqə: İslam tövhid dinindir. Yaradılmış olan hər bir şey Allahın işarətlərindəndir. Var olan hər bir şey Allahın varlığının bir dəlili, dini terminalogiya ilə desək, Allahın ayətlərindəndir.

İdarəçilik əlaqəsi: Quranın ifadəsiylə insan yer üzünün xəlifəsi olaraq yaradılmışdır. Və o, Allahın qoyduğu qayda və qanunlar əsasın yer üzündə idarəçilik missiyasını daşıyır.

Mənfəət əlaqəsi: Allah tərəfindən yaradılaraq insanın ətrafındfa yer alanlar onun istifadəsi və mənfəəti üçün yaradılmışdır. Lakin bu nemətlərdən faydalanarkən insan iki şeyə diqqət etməldiir. Nemət gördüyü bir şeyin halala ya da haram olamsını araşdırmalı, ondan istifadə edərkən təbiətə nə dərəcədə zərər verə biləcəyini düşünməlidir.

Yuxarıda qeyd etdiyimiz kimi, Həzrəti Məhəmməd insanın öz şəxsi təmizliyinə və ətraf mühitin çirkinliklərdən qorunmasını “Təmizlik imandadır” deyərək öz zamanının və özündən sonra bütün zamanların insanına ilahi tövsiyə olaraq çatdırmaqdadır. “Sağlam bədəndə sağlam ruh olar” prinsipini əsas götürsək deyə bilərik ki, İslam dininin özəlliklərindən biri də insan sağlamlığının qorunmasına xüsusi diqqət göstərməsidir. Sağlamlığın qorunmasını təmin etmək üçün dinimiz “haram, halal, məkruh (bəyənilməyən) və s. hökmləri ortaya qouyaraq müsəlmanın bunlara riayət etməsinə səbəb olur. Şübhəsiz ki, Qurani Kərimdə haram olaraq təqdim edilən instənilən qida və ya hərəkət maddi vəya mənəvi baxımdan ya insanın özü üçün, yada ətraf mühit, cəmiyyət üçün zərərli olduğundandır. Bunun əksi olaraq dinin halal kimi tanıtdığı istənilən bir vasitə mütləq ya insanın özünə ya da cəmiyyətə, ətraf mühitə faydalı olduğundandır. Allah başqalarının yaşayışına rahatlıq gətirən insanları sevir. Və digərlərinin yaşayışını çətinləşdirən, onları narahat edən, ətraf mühitin çirklənməsi üçün  hər hansı bir şəraitə qol qoyanlarıdan isə üz çevirir.

İslam dininin böyük şəxsiyyətlərindən biri olan İmama Cəfər Sadiqin ətraf mühitin qorunmasını tövsiyə edən kəlamlarından birində belə deyilir:

“Bu üç şey olmasa yaşayışın intizamı pozular:  təmiz hava, təmiz və bol su, sonuncusu isə münbit torpaq”

Bu böyük şəxsiyyətin qısa lakin həyat dolu ifadəsindən məlumdur ki, həqiqətən hava və oksigen yaradılışın davamı üçün ən əsas amildir. İnsan və digər canlıların planetimizdə bir dəqiqə belə sağ qalamsının əsas səbəbi oksigendir ki, onun vasitəsilə nəfəs alır. Indi təsəvvür edin, İlahinin bəşəriyyət üçün hədiyyə etdiyi havanı siqaret və başqa hanısa vasitələrlə korlamaq, öz sağlamlığı ilə yanaşı ətraf mühitə olduqca təhlükəli təsir etmək, özünü müsəlman ya da hər hansı bir dinin nümayndəsi kimi hiss etmək nə qədər utancvericidir. Bununla gözünün gördüyü və görə bilmədiyi insanların zəhərlə tənəffüs etməsinə səbəb olaraq böyük bir yükün, insan haqqına girmək kimi bəlkə də böyük günüha girmək heç bir mənəvi dəyərə sığmayan işdir.

Səmadan yerə enən, insan və digər canlıların həyat mənbəyi olan su insanların məsuliyyətsizlik və laqeydliyi səbəbilə çirklənirsə, o, nəyinki həyat mənbəyi, hətta deyə bilərik ki, təhlükəli və zərərverici br vasitəyə çevrilir. Bu mənəvi cəhətdən ilahi nemətə qarşı naşükürlük sayılır.

İnsanlar suyu çirkləndirməklə, eyni zamanda fauna və floranı çirkləndimiş olurlar. Təkcə öz həyatlarına deyil, başqalarının da həyatına təcavüz etmiş, onların da sağlamlığına əngəl olurlar.

İnsan bütün əməl və hərəkətləri üçün bütün dinlərin inancına görə Uca Allaha hesab verəcəkdir. Bu baxımdan, insan ətraf mühitin, təbiətin imkanlarından istifadə etdikdə diqqətli davranmalı, digər insanlara hətta gələcək nəsillərə və digər canlı və cansızların haqqına müdaxilə etməməlidir.             

“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.” (Rum 41) ayəsi qeyd etdiyimiz bu süsusatlara işarə edir.

Canlıların həyatında hava və oksigendən sonra əsas yerdə su dayanır. Canlı orqanizmin çox hissəsini su təşkil etməkdədir. Mütəxəssislərin ortaya qoyduqları fakta əsasən insan qidasız qırx gün və bir az çox yaşaya bildiyi halda, susuz isə üç gündən artıq yaşamaq imkanına malik deyil. Planetdə suyun çox olmasına rəğmən içmək üçün suyun azlıq təşkil etdiyini nəzərə alaraq, insan övladının həm özü üçün həm də təbiətdəki digər canlıların yaşamasını təmin etmək üçünü suya olduqca diqqətli olması, onun qatqıya bulaşmaması üçün olduqca diqqətli olması lazımdır.

Ekoloqların araşdırmalarına görə insanın istehlak etdiyi sular, içməli sular yür üzündə qeyri bərabər şəkildə paylaşılmışdır. Belə ki, dünyanın 70% əhalisiyaşayan Avropa və Asiyada dünya çay sularının yalnız 39%-i cəmləşir. Əksər məkanlarda içməli su qismində çaylardan əldə edilən sular, dərin quyuların qazılması ilə yeraltı sulardan içməli su kimi istifadəe dirlər. Lakin müasir texnologiya, kənd təsərrüfatı və tikintinin təsirilə çayların və göllərin suları sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalır.  Təsəvvür edin yalnız sənaye hər il çaylara 160 km3 təmizlənməmiş və ya kifayət dərəcədə təmizlənməmiş sular axıdır. Təmiz su əvəzinə tərkibində kimyəvi maddələr, bakteriyalar olan sudan istifadə olunur və bu kifayət qədər müxtəli xəstəliklərin yaranmasına səbəb olur.

Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə bütün xəstəliklərin 80%-i əhalinin çirkli su qəbul etməsinin nəticəsidir. Planetin 2,5 mlrd. sakininin dizenteriya, hepatit, diarey və digər xəstəliklərə tutulmsı məhz çirkli sulardan istifadə ilə bağlıdır.

Xəstəliklərin baş verməsi və yayılması suyun çirklənməsi xarakterindən və dərəcəsindən asılıdır. Qeyd edildiyi kimi, dünyada xəstəliklərin 80%-i içməli suyun kifayət qədər keyfiyyətli olmaması ilə bağlıdır.

Həzrət Məhəmməd suyun çiklənməyə məruz qalması haqda belə deyir:

“Qoxu, dad və rəng xüsusiyyətlərindən birinin suyun dəyişməsindən başqa suya heç bir təsir ola bilməz” (İbn Macə, Təharət: 76)

Həzrəti Məhəmmədin suyun insan həyatına olduqca vacib bir amil olduğunu xüsusilə vurğulaması bir daha əsas verir ki, insan içdiyi suya öz canını qoruduğu kimi həssa yanaşmalıdır. Lakin unutmaq olmaz ki, insan vaxtaşırı suya laqeyid yanaşsa da Yaradan öz rəhmətini əsirgəmir. Suya qarışan artıq maddələr bəzi bakteriyaların köməyilə minerallaşmağa uğrayaraq zərərsiz bir hala çevrilir. Buna suyun “öz özünü təmizləmə hadisəsi” də deyilir. Suyun axmasını buna misal olaraq göstərə bilərik.

Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlledici rol oynayır, Yerin iqliminə təsir göstərir və onun ekoloji sisteminin balansını təmin edir.

Okeanda çirkləndirici maddələrin yayılmasının dəniz orqanizmlərinə və insana təsirinin öyrənilməsi üzrə toplanmış çoxillik məlumatlar göstərir ki çirkləndiricilərin təbii ekosistemlərə təsiri baxımından karbohidrogenlər, yəni xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər), toksiki metallar və radioaktiv maddələr daha təhlükəli sayılır. Su qaynaqlarının çirklənməsi atmosferin yuxarı qatlarında atomik partlayışlardan meydana gələn radioaktiv maddələrdən başlayır. Atmoseferin daha aşağı qatlarından olan su buxarı və yağış damlaları, atmosferin içinə müxtəlif yollarla gələn toz zərrələri qarşılaşanda yer səthinə çirklənmiş halda tökülür. Yuxarıda qeyd etdiyimiz kimi suyun öz özünü təmizləmək qabiliyyəti vardır, alin qatqının həddindən çox olduğu təqdirdə, bəzən suyun axması və buxarlanması belə onun tam şəkildə təmizlənməsinə nail ola bilmir.

İnsan həyatının mühafizəsində ən önəmli yerlərdən birini də ətraf mühitin tullantılardan təmizlənməsidir. Bu sahəyə olduqca ciddi yanaşılmalıdır. İstənilən ərazidə tullantılara diqqətsiz olmaq müxtəlif həşəratların yaranmasına, daha sonra müxtəlif xəstəliklərin meydana gəlməsinə şərait yaradır. Həzrət Məhəmməd bu haqda buyurmuşdur: “Tullantıları gecə vaxtı evlərinizdə saxlamayın və onu hələ gündüz olarkən evdən xaric edin. Çünki, tullantı şeytanın məkanıdır”. Əlbəttə ki,  burada şeytandan məqsəd şübhəsiz ki, həmin mikrob daşıyıcısı olan həşəratlar nəzərdə tutulmuşdur. Hansı ki, insan orqanizmində olduqca təhlükəli xəstəliklərin mənbəyi hesab edilir.

Deməli, bütün səmavi dinlərdə xüsusilə də İslam dinində insan bədəninin və onun sağlamlığının qorunması o qədər vacib və əhəmiyyətlidir ki, müqəddəs kitablarda insanın özününü və ətrafdakıların məhv olmasına gətirib çıxaran istənilən addım sərt şəkildə tənqid olunur. Dində heç bir vəchlə icazə verilmir ki, kimsə öz şəxsi imkanlarınan istifadə edərək cəmiyyətin sağlam yaşayış tərzinin əleyhinə bir iş həyata keçirsin.

Ekologiyanın və insan ətraf mühitinin əsas amillərindən birini də torpaq və yaşıllıq tutmaqdadır. Şübhəsiz ki, sağlam həyat tərzi dedikdə su, hava kimi yaşıllığın da müstəsna rolu vardır. Çünki, yaşıllıq, meşə təsərrüfatı ekologiyanın vacib hissəsini təşkil edir. Yaşıllıq mənəvi dünyamızda o qədər əhəmiyyətli bir sahədir ki, burada Həzrəti Məhəmmədin olduqca vacib bir mesajını xatırlamaq yerinə düşər. Həzrət Məhəmməd hədislərinin birində belə buyurur:

“Əgər bir saat sonra qiyamətin qopacağını bilsəniz, əlinizdəki, ağacı yerə basdırın”. (Əhməd bin Hənbəl, əl-Müsnəd III: 183)

 Düşünürəm ki, mənəvi dəyərlərimizin insan sağlamlığının əsas amillərindən biri olan ekologiyaya verdiyi dəyəri peyğəmbərin bu ifadəsi qədər olduqca asan, qısa və lakonik ifadə edən olmamışdır. Təsəvvür edək ki, bir saat sonra dünyanın sonunun yetişəcəyini bildiyimiz halda əvvəlcədən əkmək üçün planlaşdırdığımız ağacı yenə də yerə basdırırıq. Əslində burada Həzrəti Məhəmmədin demək istədiyi və gələcək nəsillərə çatırdımaq arzusunda olduğu böyük mesaj, nə olursa olsun təbiyətin qorunmasına, onun mühafizə edilməsinə diqqətin vacibliyindən bəhs edir. Burada əkinçiliyin düzgün aparılmasını da unutmaq lazım deyil. Torpaq təkcə kor-koranə əkinçilik üçün deyil, torpaq düzgün şəkildə əkinçilik üçündür.  Çünki, əkinçilik insanın digər təsərrüfat fəaliyyəti növləri ilə müqayisədə təbiətin dəyişdirilməsində ən böyük radikal vasitə hesab olunur. Xam və dincə qoyulmuş torpaqların şumlanması, səpin işləri, plantasiyaların salınması təbii biotopları kənd təsərrüfatı sahələri ilə əvəz edərək, torpağın üst horizontlarının fiziki-kimyəvi strukturunu dərindən dəyişdirir, yabanı bitən floranın əsas kütləsini məhv edir. Nəticədə təbii biotoplar kökündən dəyişilir, onlara uyğun biosenozlar pozulur, bunun sayəsində biosenozların üzvləri arasında təbii mənbə xəstəliklərinin törədicilərinin dövran sistemi də pozulur.

Dünya insan həyatının yeganə məkandır ki, minlərlə həyat amili əl-ələ verərək insanın yaşamasına səbəb olur. Bir orkestr təsəvvür edin. Orada müxtəlif musiqi alətləri özlərinə məxsus yerdə qərar tutaraq eyni anda musiqini ifadə edir və nəticədə böyük bir incəsənət əsəri ortaya qoyur. Amma onlardan hansısa biri öz vəzifəsini yerinə yetirməzsə, şübhəsiz ki, böyük incəsənət əsəri heç vaxt öz mükəmməlliyini qoruyub saxlaya bilməyəcək.

Hər bir xalqın özünəməxsus mənəvi dəyərləri olduğu kimi xalqımızın və bizimlə bilikdə yaşayan digər xalqların da mənvəi dəyərləri vardır. Xalqımızın mənəvi irsi min illərdir ki, insan təfəkkürü süzgəcindən keçib saflaşa-saflaşa yol qət edir. Qədimliyi, mükəmmməlliyi, şəffaflığı ilə hamının diqqət mərkəzində olan mənəvi dəyərlərimiz dərindən öyrənilməyə layiqdir. Mənəvi dəyər dedikdə ümumi bir anlayış əsas amil götürlsə də hər bir xalıqn özünə məxsus, yalnız onun özünə aid mənəvi dəyərləri vardır. Buraya o xalqın adət-ənənəsini aid etmək olar. Əsrlərdir nəsldən nəsilə axıb günümüzə qədər gələn dəyərləri bizdən sonrakı nəsillərə ötürmək üçün qoruyub saxlamalı, onu heç bir qatqısı olmadan gələcəyə ötürməkdən də görəvliyik. Bu müqəddəs işi müvəffəqiyyətlə həyata keçirməyi bacarmaq üçün isə ilk növbədə mənəvi dəyərlər tərəfimizdən öyrənilməli, araşdırılmalı və mənimsənilməlidir.

Təbiət böyük bir həyat əsəridir ki, orada canlıların yaşaması üçün İlahi tərəfindən təbiətin müxətlif ifaçıları bu harmoniyanı bərpa etmək üçün birgə fəaliyyətdədirlər. Onlaran biri su, hava, səma, torpaq, otlar, ağaclar, heyvanlar, ümumiyyətlə flora və faunaya aid olan hər şey böyük bir əsəri ifa etməkdədirlər. Lakin onlardan biri öz funksiyasını ititrəsə, əsər mükəmməlliyini qoruya bilməz, hətta birinin naqisliyi digərlərini də məhvə sürükləməyə şərait yarada bilər.

Uca Yaradan yemək, içmək və digər insanın rifah və asayişini təmin edən dünya nemətlərini halal şəkildə istifadə olunmasını göstəriş vermiş və ümumi şəkildə onların məhv edilməsini qadağan etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi bütün İlahi dinlərə nəzər salsaq heç birində rast gələ bilmərik ki, insan öz mənəvi dünyasını kamilləşdirmək üçün ətraf mühitə laqeyid yanaşmalı, öz təmizliyindən tutmuş ətrafın təmizliyinə riayət etməməlidir. Bütün mənəvi kamilliyi təbliğ edən cərəyanlarda ilk növbədə insanın özü -özünə sağlam qulluğundan bəhs etməkdədir.

Burada maraqlı və diqqət çəkən bir nüansa fikrimizi təmərküzləşdirək. Qurani Kərimin surələrinin adlarında fikir versək təbiət və ətraf mühitin vacibliyini əks etdirən surələrə də rast gəlirik. “Nur”, “Raad” (ildırım), “Şəms” (günəş), “Qəmər” (ay), “Leyl” (gecə), “Nəhl” (arı), “Ənkəbut” (hörümçək) və s.. kimi təbiət nümunələrinin adlarının olması heç də təsadüfi deyildir. Təbiət hadisələri və səma cismlərinin adlarına həsr edilimiş surələrlə bəlkə də Uca Yaradan insan üçün bu amillərinin necə əhəmiyyətli olduğunu bir daha göstəmək istəyir, insan üçün təbiətin vacibliyini açıq aşkar şəkildə nümayiş etdirir.

Təbiət elə bir formada yaradılmışdır ki, hamısı insanaın rifah halını yüksəldilməs üçün bir-birini tənzimləyərək insana xidmət etməkdədir. Lakin, təəssüf ki, təbiətdə başverən çatışmazlıqlar insan övladının onun mühaifəzisi üçün ayrılmalı olan diqqətinin əsirgəməsi ucbatından baş verir. İnsanın bu laqeyid davranışı təkcə onun üçün yox, heç bir günahı olmayan digər canlıların, həşəratların, quşların da məhvinə səbəb olur. İnsan, ekoloji böhran adlandırdığı ümumbəşəri təhlükə haqqında, hansı ki, bu böhranın səbəbkarı və baiskarı da məhz özüdür ciddi şəkildə düşünməlidir.  Belə bir böhranın aradan qaldırılması üçün sadəcə bir az özünə, öz ətrafına diqqətli olması kifayətdir. Əgər eyni anda milyonlarla insan öz ətrafının təmizliyinə diqqətli olsa, bir günün içində dünyada baş verən istənilən ekoloji böhran aradan qalxımış olacaq. Problemin həlli bu qədər asan və sadədir.

Qurani- Kərim ətraf mühitin məhv olunmasını “təcavüz” olaraq adlandırır və Allahın yaratdığına qarşı bəyənilməyən hərəkət edəni İlahi rəhmətdən uzaq düşmüş hesab edir. Mənəvi cəhətdən inkişaf etmək istəyən bir insan anlamalıdır ki, müqəddəs kitabın təbirilə insan Allahın yer üzündə xəlifəsidir və İlahi xəlifənin bütün davranışı ona, yəni xəlifəyə əmanət edilən yeri, onun içində olanları göz bəbəyi kimi qorumaqda məsuldur. Bunun əksi isə ona həvalə edilən vəzifəyə xəyanətdan başqa bir şey deyil. Və xəlifə təkcə ona deyil özündən sonrakə nəsilə bu İlahi əmanəti ötürməkdə borcludur. Yenə də xüsusilə vurğulanmalıdır ki, bunun əksi olan istənilən davranış İlahi əxlaqa qarşıdır və ziddir.

Burada yenə də müqəddəs ktab Qurani Kərimə diqqət etmək yerinə düşər. Allahın təbiət və ətraf mühiti diqqətdə saxlması Qurani Kərimdə qeyd edilən həzrət Nuh tufanında da öz əksini tapır.

Allah Nuha göstəriş verir ki, Onun göstərişi ilə düzəltdiyi gəmiyə təbiətdən hər bir heyvandan bir cüt götürsün və onların qayğısına qalsın. Heyvanların da nəsli insan nəsli kimi qorunub saxlanılsın.

Yuxarıda qeyd etdiyimiz kimi insanın təbiətlə maddi bağlılığı olması ilə yanaşı mənəvi bağlılığı da vardır. Təbiətlə mənəvi bağlılığı olan insan yaradana ibadət etmək üçün ilk su ilə yuyunur, təmizlənir, yerə, torpağa baş əyir, yaradanın qarşısında səcdə etmək üçün yerə alnını qoyur. İbadət vaxtını təyin etmək üçün səma hadisələrinə diqqət edir. Bütün dini inanclara görə insan torpaqdan yaranmış və sonunda da torpağa dönəcəkdir. İnsanın anası torpaqdır, torpaq insanın beşiyi və rahatlıq məkanıdır.

Qurani Kərimin Hud surəsi 61-ci ayəsində “O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi” deyərək vurğulayır. Demir ki, yer üzünü sizə hədiyyə etdi. Söhbət sakin etməkdən gedirsə, burada müvvəqqəti yaşayış məkanı anlaşılır. Yəni müvəqqəti yaşayış məkanını elə olduğu kimi sahibinə qaytarmaq, onun mühafizəsində dayanmaq məskunun (orada yaşayanın) borcudur.

Burada xüsusilə vurğulamaq lazımdır ki, təbiətin mühafizəsi o zaman təmin olunur ki, orada yaşayan insanın mədəniyyət və əxlaq səviyyəsi yüksəkdə dayansın. Bu ifadəni daha geniş və aydın şəkildə ifadə etmək üçün belə bir misal təqdim edək.

Bir ev təsəvvür edin ki, siz ora qonaq qismində getmisiniz. Ev sahibinin mədəniyyət və əxlaq səviyyəsini müəyyən etməyiniz onun savadlı, intelektuallğından daha çox evin səliqə sahmanı sizin diqqətinizi cəlb edəcək. Əlbəttə ki, evin və ev əşyalarının bahalı ya ucuz olması deyil, içərinin səliqəsi, təmizliyi əsas məsələdir. Əgər siz qonaq olduğunuz evin hamam otağında, mətbəxində və digər otaqlarında qeyri -təmizlik müşahidə etsəniz, artıq ev sahibinin hansı əxlaq və mədəniyyətə malik olması sizin üçün şübhə doğurmayacaq.

Dünyanı da insan ailəsi üçün ev olaraq qəbul ediriksə, dünyada baş verən hadisələr, ekoloji böhran, təbiətə hansı dərəcədə diqqətin ayrılması insanın mənəvi dünyasından xəbər verməkdədir.

Digər bir cəhət budur ki, tarix boyu müxtəlif dinlər öz dini aiyinlərini vasitəsilə bila vasitə ətraf mühitin qorunması istiqaməti üzərində qururlar. Buna misal olaraq bəzi dini inanclarda “tərki dünyalıq” və qənaət anlayışı əsasən insanın təbiətdən və ətraf mühitdən az da olsa az isifadəsinə xidmət etmişdir. Burada bu növ ayinin qəbuledilən vəya edilməyən olmasına toxunmayacağıq. Hər çənd ki burada bir başa təbiətin qorunmasıyla ilk baxışdan görünməsə da, müəyyən qədər məqsədin təbiətin qorunmasına aparıb çıxardığı müşahidə olunur. Bundan əlavə bir çox dinlərdə heyvanlara, ağaclara sevginin olması, onlara əziyyətin verilməməsinə rast gəlinməkdədir. Bir çox dini inanclar bu qənaətdədirlər ki, ekoloji böhran əslində mənəvi böhrandan ibarətdir. Mənəvi dəyərlərin dünyəvi həyatla ayırılması bir başa ətraf mühitin, təbiətin məhvinə gətirib çıxarır. Əxlaqi və mənəvi dəyərləri anlayan, onu öz üzərində tətbiq etməyi bacaran insan şübhəsiz ki, digər canlılara qarşı zorakı fəaliyyətdə ola bilməz və mövcud ekoloji böhrandan xilas olmanın yolu insanların öz mənəvi dəyərlərinə qayıdışı ilə mümkündür.

Bir daha xatırlatmaq yerinə düşər ki, insan yaradılışı iki hissənin vəhdətindən meydana gəlmişdir. O maddi və mənəvi hissənin birləşməsindən əmələ gəlmişdir. İnsanın əxlaqi fəaliyyəti onun maddi tərəfindən deyil, mənəvi hissəsindən götürülür, maddi tərəf isə bu kamandaya uyğun hərəkət edir. Digər bir ifadəylə desək insanın yaxşı və ya pis hərəkəti onun daxili aləmindən ötürülən siqanalla baş verə bilər.

Demək buradan belə nəticə əldə etmək olur ki, insanın davranışı ilk növbədə onun özünütanıma səviyyəsinin yüksəlişi ilə dəyişə bilir. Onun əxlaq və mədəni davranışından yuxarıda qyed etdiyimiz kimi ətraf mühitə olduqca böyük təsiri vardır.

Təbiətin qorunması məsələsində ilkin addım insanın özünün özü ilə mübarizəsidir. İnsan özünün varlıq səbəbi və mqəsədini tanıdıqca Yaradanını daha yaxından tanımağa müyəssər olur. Burada Əli bin əbu Talibin ifadə etdiyi mənalı və dəyərli bir kəlam xatırlanır: “Özünü tanıyan Rəbini də tanımşdır”.

Diqqət etsəniz Əli bin Əbutalib bu ifadəsində Yaradanı “Rəbb” kəlməsi ilə anır. Əlbəttə ki, bu da heç bir təsadüfü deyil. “Rəbb” adı Allahın tərbiyə edən və bütün yaradılışın sahibi mənasını verir. Bəlkə də Həzrət Əli bu kəlamda “Rəbb” adını istifadə etməklə özünü tanıyan insanın bütün mövcudatın pərvəriş edənini tanımasını nəzərdə tutmaqla, burada həm də ətraf mühitin qorunmasına işarə etməkdədir. Yəni, varlığı yaradan onun pərvəriş edən Allaha sadiqlik, onun yaratdığı fauna və floraya qayğıdan keçir.

Məşhur fransız antropoloq alimi Qustav Le Bonun mənəvi dəyərlərin ekologiya və ətraf mühitə diqqətini vurğulayaraq belə yazırdı:

“İslam ölklərində insanların heyvanlara münasibəti bir daha göstərir ki, mənəvi dəyərlər ətraf mühitin qorunmasının vacibliyini əsas götürür. Xüsusən məscidlərin hündür tavanında qaranquş yuvaları və minarələrin üzərində pərvaz edən göyərçin və digər qanadlıların azad uçmaları məni təəccübləndirir”

Qurani Kərimin canlılara münasibətdə həm də bu qənaətdədir ki, heyvanlar bəzi məsələlərdə daha anlaşıqlıdırlar. Hətta bəzi məsələlərdə elə şeyləri anlayıarla ki insanın onu anlaması acizdir. İsra surəsinin 44-cu ayəsinə diqqət edək:

“Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır”

  (M. Məclisi, Baharul Ənvar. Beyrut ç. Cild. 404)

Həmçinin İmam Sadiq ağacların kəsilməsini sərt şəkildə qınamış və bu ifafədylə öz qınağını bildirmişdir

“heç vaxt ağacları kəmsəyin. Ağacları kəsənlərə şiddətli əzab vardır” (Şeyx Hürr Amuli, Vəsailuşşiyə, cild 19, 1-3) kimi sərt təpki göstərmişdir.

İslam dini təbiətin məhv edilməsi, ətraf mühitin qorunmaması məsələsində heç bir üzrü qəbul etmir. Hətta bu üzr düşmənlə müharibə şaritində olsa belə qəbul olunmur. Məşur alman tədqiqatçısı Peter Vohlleben ifadəsiylə desək "Ağaçların ağrını hiss edə bildiyini, yaddaşları olduğunu və valideyin ağacların birlikdə yaşadıqlarını bilsəydiniz, onları kəsici mişarlarla kəsib həyatlarını alt-üst etməzdiniz”. Bəli, mənəvi dəyərləri araşdırdığımız zaman ağacların da insan kimi canlıya aid olan xüsusiyyətlərə malik olduğunu görə bilərik. Ağaclar da insan kimi ağrı hiss edə, acı çəkmə qabiliyyətinə malikdirlər.

 Burada bir tarixi məsələni diqqətə çatdıraq. Peyğəmbər Həzrəti Məhəmməd apardığı özünümüdafiə döyüşlərində belə əsgərlərə ilk tapşırıqı döyüş zamanı ətrafda olan ağacların kəsilməməsini, otların ayaqlanım məv edilməməsini göstəiş verirdir. Hətta rəvayət olunur ki, ərəb döyüş taktikasına uyğun olaraq peyğəmbər düşməni zərərsizləşdirmək məqsədilə ərtafa zəhər yayımlanmasını da qəti şəkildə qadağan etmişdir. (Vəsayil 46, 11)

Qurani Kərimin bu ayəsinin verdiyi mesajı çox yaxşı şəkildə incələmək və dəyərləndirmək lazımdır:

“...Allahın nemətini əldə etdikdən sonra onu dəyişdirənlərə Allah şiddətli cəza verəcəkdir” (Bəqərə 211) Əlbəttə ki neməti dəyişdirməkdən məqsəd, əldə olan təbii imkanları düzgün dəyərləndiməyərək, onun təyinatından uzaq düşməsinə səbəb olmaq, onun dəyişdirməkdir. Ayədəki “Allah şiddətli cəza verəcəkdir” isə sizcə ilahi nemətlərin dəyişilməsinə, nemətin azalmasına hətta məhv olmasına səbəbə olandan sonra ekoloji böhran ola bilməzmi?

Həzrəti Məhəmmədin həyatına baxdığımız zaman onun ətraf mühiti qorumaq xüsusunda çox diqqətli davrandığını görəcəyik. O, təbiətn insanlar arasında ortaq istifadəsinə təşviq edir. ərazinin əkin və biçimi, suyun mühafizəsi və heyvanlarla rəftar istiqamətində tövsiyələr, onun ətraf mühitə verdiyi əhəmiyyəti göstərir. Həzəri Məhəmməd insanın sağlam yaşamasının yalnız təmiz bir ətraf mühitlə müknü ola biləcəyini deyir. O, bu gün dövrümüzə böyük probmelərdən biri olan ekoloji böhranın yaranmaması üçün öz dövründə qabaqlayacaq tədbirlər məsləhət edir. Suyu, havanı, torpağı təmiz saxlamaq, bitki və heyvanları qorumaq, ətrafı tullantılardan xlas etmək və bir çox tədbirlərin həyata keçməsini istəmişdir. Məkkə və Mədinəni “qoruq” elan etmiş və qoruq elan edilmiş ərazilərin ağacların kəsilməsi, otların yolunması və heyvanların zərər verilməməsini qəti şəkildə qadağan etmişdir.

Şəxsən öz əlləriylər 500 xurma ağacının əkdiyi haqda da rəvayətlər vardır.  Hər hansı bir səbəbdən ağac kəsilirdisə, dərhal onun yerində ağac əkməyi əmr edirdi.

Bundan əlavə Qurban bayramları zamanı kəsilən qurbanların artıq hissələrini dərhal basıdırılması və kəsim yerlərinin təmizlənməsini əmr edirdi. Küçələrə tullantı tökülməsini qadağan edir, yürəd düşən zibilin qaldırılaraq ətrafdan təmizlənməsini sədəqə olaraq dəyərləndirmişdir.

Buxarinin hədis kitabında rast gəlirik: “Sizdən biriniz bir ağac əkərsə, o ağac meyvə verib insanlar və heyvanlar onun meyvəsindən yeyirsə, onun savabı ağacı əkənə yazılır” (Buxari, muzariə 1)

Ağac və bitkilərlə yanaşı quşlar və həşəratlara da diqqət göstərən Həzrəti Məhəmməd insanlara çöl quşları, çöl heyvanlarına da xüsusi qayğı göstərməyi tövsiyə edir. Nəsainin hədislər kitabında, “Seyd” (ov) , bölümündə belə yazır:

“kim haqlı bir səbəb olmadanbir sərçəni öldürərsə, o canlı qiyamət günü allaha şikayət edər və “ Ey Rəbbim, filan adam məni heç bir səbəb olmadan öldürdü” deyər. Məslənin nə qədər əhəmiyyətli olduğu artıq göz önündədir.

Əbu Davudun, Cihad bölmünüdə (122) peyğəmbərin həyatına baş vermiş bir dialoqu belə xatıladır:

Bir nəfər bi heyvan balasını yuvasından götürərərk, xurcununa qoymuş və şəhərə gətirmişdi. Bunu görən peyğəmbər, balaları dərhal anasına qaytarmaq üçün onu götürdüyü yerə aparmasını əmr etdi”

Bunula yanaşı, insan məişətində işləyən heyvanlara dincəlmək haqqının tanınmasını təmin edirdi. Yük daşıyan heyvanlar, əsasən də döyüşə vəya hər hansı ticarət səfərinə gedən insanlara tapşırıdır ki, vaxtaşırı istiadə etdikləri heyvanların dincəlmək üçün mənzil salsınlar, onlar vaxtında suvarsınlar. Onlara qarşı hər hansı bir işgəncəni günah hesab edirdi.

Rəvayət olunur ki, bir pişiyi bağlayaraq ac və susuz ölməsinə səbəb olan bir qadını cəhənnəmlə müjdələmişdir (Buxari, Azan, 90) hər hansi bir hayvanı bağlayaraq onu silahla vurmağı da qadağan etmişdir.

Başqa bir əhvalatda deyilir:

Həzrəti Məhəmməd bir dəfə ənsardan olan bir şəxsin bağına getdi. Orada bir dəvə vardı. Dəvə peyğəmbəri gördükdə inləməyə başladı. Az sonra dəvənin gözlərindən yaş axmağa başladı. Peyğəmbər ona yaxınlaşıb göz yaşlarını sildi. Dəvə sakitləşdikdə, peyğəmbər ətrafdakılardan soruşdu: Bu dəvənin sahibi kimdi: o mənə aiddir deyə cavab verdi.  Peyğəmbər gəncə dedi: Allahln sənə mülk olaraq verdiyi bu dəvəyə görə Allahdan qorxmursanmı? Dəvənin halından görünür ki, sən onu çox işlədir lakin ac saxlayırsan. Bu dilsiz heyvanlar üçün Allahdan qorxun- dedi (Əbu Davud, cihad 44)

Heyvanların, əsasən də qarışqaların yandırılaraq işgəncə ilə öldürülməsini qadağan olunmuşdur. (Əbu Davud, Cihad, 112)

Peyğəmbərin sünnəsində nəsilərini davamını təmin etmək üçün heyvan balalarıının qorunması istiqamətində tövsiyələr verilir. Ev heyvanlarımın südü sağılarkən, heyvanın öz balasını əmizdirməsi üçün südün tam sağılmaması, balası üçün də saxlanılması bildirilir.

Həzrəti Məhəmməd bu sözləri suyun vacibliyi ilə ilgili açıqlamalar verir:

“Lənətə səbəb olan üç şeydən çəkinin:  su mənbələrinin yaxınlığına, yolu üstünə və insnaalrın istirahət etdikləri kölgəliklərə ayaq yoluna çıxmayın (Müslim, Taharət, 68)

Digər bir yerdə isə “ümmətimin ən pisləri suyu istifadə edərəkən israf edənlərdir” (İbn Macə Təharət 48) buyurmaqdadır.

Mənəvi dəylərin suya bu qərər əhəmiyyətli yanaşmasının səbəbi suyun qida vasitəsi olması ilə yanaşı təmizlik vasitəsi olması ilə əlaqədardır. Peyğəmbər “gücünüz çatdlığı hər bir şeyi təmiz saxlayın və təmizləyin. Çünki Cənnətə ancaq təmiz olanlar girəcək” deyərək İslamın təməlində təmizlik olduğunu və təmizlərin cənnətə gedə biləcəyini bildirmişdir. Başqa bir yerdə isdə belə buyurur: “insanları əziyyət çəmkəsindən qorxmasaydım, onları hər namazdan öncə dişlərini fırçalamağı əmr edərdim” (buxari, Cümə-8) deyərək ağız təmizliyinin nə qədər önəmli olduğunu mesaj vermişdir.

Maddi təmizliklə yanaşı ən az maddi təmizlik qədər vacib olan hətta maddi təmizliyin əsasını təşkil edən mənəvi, əxlaqi təmizlikdir. Əxlaqi dəyərlərin çirkli olan bir yerdə ətraf mühit də çirki olur. Mənəviyyatı təmiz olan və qəlbi sevgi ilə dolu olan insan üçün ətraf mühitin cənnət kimi olduğu şübhəsizdir.

Təbiət insanın əmrinə ram edilmiş bir əmanətdir. Təbiət ehtiyaclarımızı təmin etmək üçün yaradılmış bir qaynaqdır, bizim və bizdən sonrakılara əmanətdir.

Məskun olduğumuz dünya təkcə müsəlmanların vəya hansısa din mənsublarının, hansısa xalqla və millətə aid deyildir. Bütün insanların ortaq mənfəətlərini təmin etdiyi br məkan olaraq təyin olunmuşdur. “Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə (Allahdan) qorxasınız. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın (Bəqərə 21-22) ayəsində deyildiyi kimi yer üzü insanlıq üçündür və onda bütün insanlığın payı vardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR