DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
Daxili İşlər Nazirliyi Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələrinin, o cümlədən fasiləsiz fəaliyyət göstərən qurumların əməkdaşlarının, habelə müvafiq icazə ilə hərəkət edən şəxslərin market və aptekə gedərkən SMS vasitəsilə icazə alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, aşağıdakı şəxslərin 8103 nömrəsinə SMS-lə müraciət etməsi tələb edilmir: “Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət edən şəxslər, həmçinin barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə vasitəsinə müraciət etməsinə ehtiyac yoxdur”.
Həmçinin, Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının şəxsi avtomobilləri ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur. Lakin jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər: “Jurnalist avtomobili ilə ailə üzvlərini daşıya bilməz. Onlar avtomobilindən yalnız iş məqsədi ilə istifadə edə bilərlər. Əgər avtomobili idarə edən jurnalistin ailə üzvlərindən kimsə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilmiş qurumlardan birində işləyirsə, jurnalist həmin ailə üzvünü də öz avtomobili ilə işə apara bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət