Slimfit
  1. AZƏRBAYCAN

Dəyərlər niyə dəyərsizləşir?

Dəyərlər niyə dəyərsizləşir?
Sakura

Dəyərlər niyə dəyərsizləşir?

 

Cəmiyyətimizdə insani münasibətlərin normal olmaması az-çox ictimai məsuliyyəti olan, yaşadığı cəmiyyətin, ailəsinin gələcəyi üçün əndişə keçirən fərdləri mütləq şəkildə düşündürür. İnsani münasibətləri qoruyub saxlamaq çətindir. Bir yandan da texnalogiyanın inkişafı işimizi daha da çətinləşdirir. Halbuki, insan yenilikdən müsbət dəyişiklik üçün istifadə etməlidir. Çox bəsit nümunələrlə fikirlərimi əsaslandıra bilərəm. Diqqətlə müşahidə etsək görərik ki, insanlar bir-birindən bir telefon zəngi, vortsap mesajı, feysbuk statusu, "tvit" qədər uzaqlaşıb. Texnologiyaya aludə olan insan gerçək münasibətlərdən uzaqlaşıb, dərdlər, qayğılar, problemlər, hislər, duyğular texnalogiyanın yüksək imkanları sayəsində kiçikləşib, cılızlaşıb. Ən ucqar dağ kəndində belə gözlərini diqqətlə əlindəki "ağıllı telefona" zilləmiş, ətrafında baş verənləri sosial şəbəkələrdən öyrənən yeni insan nəsli yetişib. Əslində bütün texnoloji kəşflər insan həyatını asanlaşdırmağa hesablansa da, nəticə göz qarşısındadır. Biz ya texnologiyadan düzgün istifadə edə bilmirik, ya da texnologiya bizim həyatımızı çətinləşdirir. İnsani münasibətlərin getdikcə dəyişməsinin əsas səbəbi sözsüz ki, texnologiya deyil. Texnoloji kəşflər yüzlərlə səbəbdən sadəcə biridir və nədənsə bayram ərəfəsindən aldığım təbrik mesajları mənə texnologiyanın bu zərərli tərəfini xatırlatdı.

İnsanların sürətlə laqeyidləşməsinin, biganəliyin və münasibətlərdə soyuqluğun iqtisadi-sosial, fəlsəfi-psixoloji səbəbləri daha dərində gizlidir. Bir tərəfdən dəyərlər sisteminin liberallaşması, digər tərəfdən mental dəyərlərin həyatımıza yersiz müdaxiləsi cəmiyyətdə bivec, taleyinə və həyatına biganə insanların sürətlə artmasına, ülvi dəyərlərin aşınmasına səbəb olur. Dilemma qarşısında qalan hazırlıqsız fərd əxlaqi dəyərlərdən tamamilə imtina etməyin çıxış yolu olduğunu düşünərək bir növ özündən və cəmiyyətdən qisas alır. Mentallıq, saxta əxlaqi dəyərlər cəmiyyətə nə qədər ziyan vurursa, liberal dəyərlərin düzgün anlaşılmaması, normal yaşamaq üçün lazım olan əxlaqi prinsipləri qavramayan insanlar üçün daha çox təhlükə mənbəyidir.

Bu gün cəmiyyət vahid, kökü və ənənəsi olan dəyərlərə söykənmir. Qulaqdandolma fikirlər cəmiyyətdə xaos yaradır, ötəri informasiyalar, "fast food" bilgilər insanları dəyərsizlşdirir. Gözümüzün qarşısında məhv olan ailə dəyərləri bu xaos üçün ilkin həyəcan siqnalı sayıla bilər. Boşanmaların statistikası, saytlarda qarşımıza çıxan ərini(arvadını), nişanlısını, övladını atıb başqası ilə qaçan insanlarla bağlı xəbərlər şəxsən məni xoflandırır.

Hər şey bu qədər sürətlə adiləşə bilərmi? İnsani münasibətlər, ailə dəyərləri, əxlaq normaları bu şəkildə pozulubsa, cəmiyyətin gələcəyi ilə bağlı nikbin düşünmək olarmı?

 

Şübhəsiz ki, bütün bu problemlərin həlli ilə bağlı bu yazıda geniş mətləblərə toxunmaq mümkün deyil. Sadəcə cəmiyyətimizin və insanımızın bu qədər dəyərlərdən uzaq düşməsi, taleyinə biganəliyi və laqeyidliyi məni də narahat edir. Gözümüzün qarşısında baş verən ailə-məişət münaqişələri, boşanmalar, atılan uşaqlar, dağılan ailələr, soyuqqanlı qətllər, intiharlar bizə xoş gələcək vəd etmir.

Biz cəmiyyət olaraq gələcəyimizə biganə olduğumuz kimi, bu günümüzə də laqeyidik. Gözümüzün qarşısında baş verənlər bizi narahat etməli olduğu halda gündəlik qayğıların arxasınca qaçıb, dəyərlərimizin çöküşünə diqqət etmirik. Nəticədə özünü bədbəxt hiss edən qadınlar və kişilər, taleyi sual altında olan körpələr çoxalır. Və bütün bunların nəticəsi olaraq insani münasibətlər ciddi şəkildə zədələnir, ruhsuz, gələcəklə bağlı konkret düşüncəsi və planı olmayan insan deməyə utandığım "canlılar" az qala cəmiyyətin istiqamətini dəyişir. Efirlərdən gördüyümüz, sosial şəbəkələrdə izlədiyimiz, saytlarda oxuduğumuz insan taleləri bizi düşündürmür, zombiləşdirir, öz arxasınca sürüyür. Biz yaxşını axtarmaqdansa, cazibəli pisin arxasınca gedirik.

Məncə hələ də gec deyil. İnsani münasibətlərə yenidən nəzər salmalı, buraxdığımız səhvləri təkrarlamadan gələcək üçün, cəmiyyətin rifahı və xoşbəxtliyi üçün "əlimizi daşın altına qoymağı" bacarmalıyıq. Və hər şeydən öncə özümüzdən və yaxın ətrafımızdan başlamalıyıq. Yəqin ki, bu narahatlıq cəmiyyətlə işləməli olan insanları bir qədər düşündürmək gücündədir. Ümid edək ki, belə davam etməyəcək...

Cəlil Cavanşir
Mənbə:Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR