Slimfit
  1. MEDİA

Dərviş Əziz Nesin necə ateist oldu?

Dərviş Əziz Nesin necə ateist oldu?
Sakura

Dərviş Əziz Nesin necə ateist oldu?

Manera.az Günel Natiqin "Göz yaşları içindən baxan təbəssüm" məqaləsini təqdim edir:

- Əziz bəy, "Nesin" soyadı nələri ifadə edir?

- 1934-cü ildə soyad qanunu çıxdı. Hər kəs soyadını özü seçməliydi. İnsanların natamamlıq kompleksi üzə çıxdı; dünyanın ən xəsis adamı "Əliaçıq", ən qorxağı "Ürəkli", ən tənbəli "Çalışqan" soyadını götürdü. Bir müəllimimiz vardı, elə astagəl idi ki, bir saata adını güclə yazırdı. O da "Çevikəl" oldu. Beləcə gözəl soyadlar "yağmalandı". Öz-özümə dedim: "Yaxşı, Əziz, bəs sən nəsən? Elə bu soyadı da götürdüm. İstədim ki, hər dəfə soyadımı eşidəndə nə olduğumu, kim olduğumu düşünüb özümə gəlim.

(Əziz Nesinlə müsahibədən) 

Böyük türk yazıçısı, ziyalısı, maarifçisi Əziz Nesin (Əsl adı Mehmet Nüsrət) 20 dekabr 1915-ci ildə İstanbulda doğulub. Atası fağır bir bağban idi. Yarıac, yarıtox yaşayırdılar. Baxımsızlıqdan 3 yaşlı bacısında sümük xəstəliyi əmələ gəlmişdi, ayaqları tutmurdu. Nə həkim vardı, nə də dava-dərman. Balaca qız göz qabağındaca əriyib-gedirdi. Bir gün qonum-qonşu gözüyaşlı anaya belə bir məsləhət verir: "Hər gün axşam azanından sonra uşağı qəbiristanlığa apar, bir məzar daşının altına qoy. Sonra arxana baxmadan evə gəl. Bir başqa adam onu götürüb evə gətirsin".

Ana belə də edir. Hər gün qızını qucağına götürür, oğlunun da əlindən tutub qəbiristanlığa yollanır. Qızı orda qoyub geri qayıdır. Bir dəfə də olsun, nə ana dönüb arxaya baxır, nə də qızcığaz ağlayır. 

Qışa qədər belə davam edir. Günlərin birində atası evdən kiçik tabutla çıxır. Bacısı o tabutun içindəydi. Əziz hələ də elə bilirdi ki, atası o tabutu aparıb bir qəbir daşının altına qoyacaq və bacısı qaça-qaça öz ayaqlarıyla evə qayıdacaq. Amma qızcığaz bir də evə qayıtmır. Və o gündən sonra kiçik Əziz hər şeyə inamını itirir.

İllər sonra "Mən göz yaşlarının içindən keçib gəldim, ağrı-acılarım məni satira yazarı elədi" - deyəcəkdi Əziz Nesin. 

Əziz Nesin necə hafiz oldu

Məktəbə gedəndə cəmi-cümlətanı 4 yaşı vardı. O dövrdə yaş həddi yox idi, ayağı tutan məktəbə gedə bilərdi. Məktəb deyilən yer məscidə bitişik kiçik bir otaqdan ibarət idi. Müəllim də məscidin imamıydı. Dərslər namaz surələriyə başlayar, namaz surələriylə başa çatardı. Yəni, uşaqlara başqa heç nə öyrədilmirdi.

Əgər Əli Qalib adlı şəxs olmasaydı, bəlkə də Əziz Nesinin təhsili elə imamın "dərsləriylə" başa çatacaqdı. Atası onunla məsciddə tanış olmuşdu. Bu adam dərya idi! Ərəbcə, farsca, fransızca danışır, riyaziyyatı mükəmməl bilirdi. Şeir yazır, musiqi bəstələyirdi. Öz dövrünü xeyli qabaqladığından nə xocalarla, nə də ki şeyxlərlə yola gedirdi. Ona görə də işsiz-gücsüz idi. Kasım Paşanın çürüklük təkkəsində kiçik bir otaq vermişdilər, orda qalırdı. Corabları dəlmə-deşik, çarıqları yırtıq olardı. Hamama getməyə pulu olmadığından bitli-paslı gəzərdi.

Əziz Nesinə yazıb-oxumağı həmin bu şəxs öyrədir. Əlifbadan sonra keçirlər ərəb dilini mənimsəməyə, hesab-həndəsəyə, hüsnü-xəttə. Lap sonra isə müəllimi Əziz Nesinə Quranı öyrədir. Beləcə o, hafiz olur. Əyninə cübbə geyindirirlər, başına əmmamə qoyurlar. Yaşının hələ çox az olmasına baxmayaraq, hafizlik edir, məsciddə günorta namazından sonra Quran oxuyur. Ramazan günlərində isə təkkələrə gedir, dərvişlik edir. "Uşaqlığımın bir gününü də xatırlamıram" - sonralar deyəcəkdi Əziz Nesin.

O dönəmdə Cümhuriyyət qurulur. İşsizlikdən əziyyət çəkən Əli Qalibi kənd məktəblərinin birinə müəllim göndərirlər. Əziz Nesin isə dənizçilik liseyinə daxil olur. Bu, onun anasının arzusuydu. İqbal ana dünyasını dəyişəndə (onda Əzizin 12 yaşı vardı) "Oğlum məktəbdə oxuyur, böyük adam olacaq, dünyadan nigaran getmirəm", - deyəcəkdi.

Əziz Nesin 1939-cu ildə hərbi peşə məktəbini zabit kimi bitirir, əvvəl Frakiyada, sonra Qarsda xidmət edir, 1944-cü ildə Ankaraya gəlir. Artıq kifayət qədər həyat təcrübəsi vardı, yaşadıqları yazmaq üçün yetərli idi. 

"İnsan yalnız dediklərinə deyil, həm də susduqlarına görə məsuliyyət daşıyır".

İlk hekayəsini 1943-cü ildə yazır: "Hekayəni qəzetin redaktoruna təqdim edəndə elə bildim, o, hönkürüb ağlayacaq, o isə xeyli gülüb: "Çox yaxşıdır, bizə belə hekayələr gətirin" - dedi".

"Ən böyük komediya yazarları o kəslərdir ki, fərdiçilikdən çıxıb insanlığın xidmətində dururlar", - deyirdi Əziz Nesin. O, komik xarakterlərlə cəmiyyətdəki ziddiyyətləri ifşa edirdi. Gülməli olaylar əslində dram və faciə idi. Yumorun diliylə deyilən həyat həqiqətləri geniş kütləyə daha tez çatırdı. Bir də ruhdan düşmüş xalqa ancaq bu yolla təsəlli vermək olardı. Bəlkə də böyük-böyük kədərli romanlar yazsaydı, bu komik hekayələri qədər təsirli ola bilməzdi.

Bəs qorxmurdumu? O, özü bu barədə belə deyirdi: "Qorxu ən bəşəri duyğudur. Böyük güclərə qarşı çıxdığımı görənlər elə bilirlər, heç nədən qorxum yoxdur. Amma yanılırlar. Kiməsə faydası olacaqsa, doğru bildiyimi, inandığımı söyləmək, açıqlamaq duyğusu qorxuya üstün gəlib həmişə. "Qorxmuram" deyənlər ya başqalarına yalan söyləyirlər, ya özlərinə yalan deyib öz başlarını aldadırlar, ya da fərqində olmadan insan olmadıqlarını deyirlər." 

"Mənim ilham pərilərim yox, ilham cadugərlərim var"

Əziz Nesin güldürürdü, çünki sarsılırdı, əzab çəkirdi. Əzab çəkərək güldürmək ən böyük qəhrəmanlıq idi bəlkə də. Sual vermişdilər: "Necə eləyirsiz ki, bu qədər yaza bilirsiz? Sizin də ilham pəriləriniz var"? Cavab vermişdi: "Mənim ilham pərilərim yox, ilham cadugərlərim var. Onlar durmadan qulağıma pıçıldayırlar: haydı, durma, yaz, durma, yaz".

Gənclik illəri sıxıntı içində keçmişdi. Heç nəyə ehtiyac hiss etmədiyi ahıl çağlarında da o illərin sıxıntısını çəkirdi. Ona ilham vermiş, yazı yazdırmış "canavarlar"ı - ehtiyaclarını xatırlayırdı. Əziz Nesin artıq ağlaya bilmədiyi vaxtlarda dəli bir qəhqəhə çəkirdi. Bütün həyatı üsyan idi - özünə, yalqızlığa, sevgiyə...

İnsan sahib olmadıqlarını itirməkdən qorxarmı? Əziz Nesinin hekayələrinin birində qəhrəman əslində mövcud olmayan sevgilisini itirməkdən qorxur. Malik olmadığı şeyləri itirmək, yəqin ki, malik olduqlarını itirməkdən daha ağrılı idi.

"Yalqız qadınlar" əsərində tənhalığın rəsmini çəkmişdi. Manyakın yolunu səbirsizlikə gözləyən iki qadının faciəsini yaratmışdı. Qadınların işi-gücü onlara yazılan eşq məktublarını oxumaqdır. Hərçənd ikisi də bilir ki, heç bir məktub yoxdur və olmayıb, yazılmamış sevgi məktubları oxumaq yalqızlığın ən böyük təsəllisi idi.

"İlham cadugərləri" - ehtiyaclar Əziz Nesini 1957-ci ildə Kamal Tahirlə birgə "Düşün" nəşriyyatını yaratmağa sövq edir. Amma bu, xalqın ehtiyacları idi. Əziz Nesin özünün deyil, xalqın, cəmiyyətin ehtiyaclarını düşünürdü, nəşr olunacaq kitabları vətəndaş təəssübkeşliyi və yazar fəhmi ilə seçirdi. Əziz Nesin Fondunun ərsəyə gətirdiyi illik ədəbi jurnal da bu maraqlara söykənirdi. 1976-cı ildən başlayaraq 10 il ərzində işıq üzü görmüş, min səhifəlik jurnal türk ədəbiyyatını işıqlandırır, yeni yazarları ədəbi aləmə tanıdırdı. Dərginin gəliri çox cüzi idi və nəşrin ehtiyaclarını ödəmirdi. Bununla belə, türk xalqının gələcəyi naminə, nəyin bahasına olur-olsun Əziz Nesin dərgini yaşatmağa çalışırdı. 

"Sevgilər üçün yazdım, sevgilər üçün oxuyun"

Yaradıcılığa şeirlə gəlmişdi. Sonra ara vermişdi. Ömrünün ahıl çağlarında şeirə yenidən qayıtmışdı. "Yalqızlıq dəli rüzgardır", - deyirdi şeirlərinin birində. Bəzən ümidlər də küləklərlə sovrulub ünvansız məkanlara gedirdi.

Yazılarda yaşadım,
Yazılarda ölürəm
Məni yazılara qoyun.
Sevgilər üçün yazdım,
Sevgilər üçün oxuyun.

Sevgilərdən yazırdı Əziz Nesin. Onun fikrincə, eşq müqəddəs idi, sevənlərə ilan qıymazdı, sevənləri ildırım vurmazdı. Ölümdən qorxanlar sevgiyə sığınmalıydı. "Ölüm sevənlərə qıymaz", - deyirdi Əziz Nesin.

İlk infarktından sonra yazırdı: "Qəribədir, niyə indiyədək vəsiyyətimi yazmamışam? Halbuki çoxdan yazmalıydım. Sadəcə elə bilirdim, ölüm çox uzaqlardadır və belə asanlıqla gələ bilməz. O qədər yarımçıq qalmış işlərim var ki... Dünyaya borclu ölürəm".

Amma yazmışdı vəsiyyətini ustad.

"5 iyul 1995-ci ildə isə İzmirin Foça qəsəbəsində dincələrkən dünya ilə vidalaşmışdı. 7 iyuldakı dəfn mərasiminin ssenarisini çox əvvəldən yazmışdı: rəsmi heç bir ritual olmayacaq, namaz qılınmayacaq, yan-yana 5 məzar qazılacaq, cənazənin hansı məzara qoyulduğunu sadəcə bir adam biləcək. Məzarların üstü örtüləndən sonra vertolyotdan çəkiliş yapılmasına icazə veriləcək.

Vəsiyyətinə olduğu kimi əməl edildi - əsərləri ilə birlikdə həyatının ən önəmli layihəsi saydığı Nesin Fondunun bağçasına gömüldü. Ölümündən əvvəlki müsahibələrinin birində deyirdi ki, cavanlıqdan bəri ən böyük arzum - özümün istədiyim ideal bir dövlət qurmaq idi. Ancaq bunu edə bilməyəcəyimi görəndən sonra bu torpağı alıb adıma fond qura bildim. Burada yaşayıb-oxuyacaq olan uşaqlar məndən sonrakı əsərlərim olacaqdır". (Mayis Əlizadə, "Axundzadədən, Mirzə Cəlildən, Sabirdən, Əziz Nesindən" məqaləsindən)

Mayis bəy məqaləsində daha bir maraqlı məqama toxunur; 1998-ci ildə Türkiyənin bəzi siyasətçiləri hansısa mükafatlara layiq görülür, Əziz Nesinə də "ölümündən sonra" mükafatı verilir. Mükafatların təqdimetmə mərasiminə gələn oğlu Əli Nesin kürsüyə çıxaraq deyir: "Bu gecə atamı yuxuda gördüm. Ona mükafat verdiklərini dedim". "Məndən başqa kimə mükafat veriblər?" - deyə soruşdu. "Tansu Çillərə, Yıldırım Aktunaya da veriblər". "Sən mənə verilən mükafatı alma" - Əli Nesin bu sözləri deyəndən sonra atasına "ölümündən sonra" verilən mükafatı almadan salonu tərk edir. 

"Heç olmasın məzar daşımız"

Düşündü ki, insan gəldiyi gündən ölümü gözləyir. Yaşamağın ən çətin anı bu olsun gərək. Amma yaşamaq bəlkə də ölümü gözləməklə gözəldir. Bəlkə də ölüm arınmaqdır, çünki hardasa təmiz bir anlamı var...

Ustad yazıçı kitablarından gələn bütün vəsaiti fondun yaratdığı internat məktəbə vəsiyyət edir. Dörd övladına isə: "Öz əlinizin zəhmətiylə çörəkpulu qazanmalısız", - deyir.

"Heç olmasın məzar daşımız, bir məktəb bağçasına gömsünlər bizi, uşaqlar qaçışsın üstümüzdə" - bunu da böyük ustad Əziz Nesin demişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR