Slimfit
  1. AZƏRBAYCAN

“Dərslərimi də oxuyuram, tort da bişirirəm” - 16 yaşlı sinifkom

“Dərslərimi də oxuyuram, tort da bişirirəm” - 16 yaşlı sinifkom
Sakura

“Dərslərimi də oxuyuram, tort da bişirirəm” - 16 yaşlı sinifkom

“Xalasının 40 yaşı tamam olurdu. Çoxmərtəbəli tortdan başqa, elə bir süfrə hazırlamışdı ki, hamımız çaşıb qalmışdıq. Kiminsə xoş günü olanda heç kimə icazə vermir ki, əlini ağdan qaraya vursun, hər şeyi özü edir”.

Qafqazinfo”nun budəfəki 16 yaşlı müsahibi Elnur İsmayılovun nənəsi Sürəyya xala bu sözləri deyib mətbəxə nəvəsinə kömək üçün gedir. Ancaq gedişi ilə qayıtmağı bir olan nənə “məni mətbəxə buraxmadı, deyir hər şeyi özü edəcək”, -söyləyib gülür. Odur ki, biz də Elnuru mətbəxdə yalnız qoyub Sürəyya xalayla söhbətimizə davam edirik:

“Uşaqlıqdan, 5-6 yaşı olandan biz onu mətbəxdə, anasına kömək edən görmüşük. 9-cu sinifdən çıxıb bu sənətin dalınca getmək istədi, biz dedik ki, oxuyub universitetə girsin, sonra aşpazlıqla da məşğul olar. Bizdə elə bir tort bişirən yoxdur, bu uşağın marağı hardandır, bilmirəm. Atası da yemək bişirməkdə pis deyil, ancaq Elnura çatmaz”.

“Yox əşi, mən sadəcə lazım olanda özümə nəsə edə bilirəm, bu qədər olmaz”, - deyə Elnurun atası Əşrəf bəy söhbətimizə qoşulur. Deyir ki, oğlunun əl qabiliyyətini bir ata kimi yüksək qiymətləndirir və hər zaman onun arxasında olacaq:

“Bu istedad ona anasından keçib. Çox istəyərəm ki, təhsilini davam etdirsin, sonra bu işlərlə məşğul olsun. Ancaq istedadı varsa, onun qarşısında da durmaq olmaz. Sərbəst seçim vermişik. Oxumağı pis deyil, hazırlıqları var deyə bişirib-düşürməyə elə də vaxtı qalmır. Hərdən görürəm gecə saatlarında nəsə bişirir, sonra tezdən durub dərsə gedir. Bir az əsəbiləşirəm ki, fikrini çox yayındırır, yorulur. Valideyn nə istəyər? Övladının gördüyü işlər ona başucalığı versin, qəlbi təmiz olsun. Aşpazların böyük əksəriyyəti kişilər olur. “Kişi mətbəxə girməz” fikri başdan yanlışdır”. 

Artıq işlərini tamamlayan Elnur qonaq otağına əlində suşi boşqabı ilə gəlir. Darçınlı keksi də soyumaq üçün pəncərəyə qoyub söhbətimizə başlayırıq. Uşaqlıqdan yemək bişirməyə marağı olan müsahibim o vaxt qumdan tort, dolma, şirniyyatlar hazırlamağı çox sevirmiş:

“Daha sonra mətbəxdə anamın köməyi ilə yeməklər hazırlamağa başladım. İnternetdə tort və digər şirniyyatların, Asiya və Avropa mətbəxinin təamlarının hazırlanması videolarını izlədim və mən də özümü sınadım. Əvvəl alındıra bilmirdim, ancaq sonradan gördüm ki, alınır”. 

- 11-ci sinifdə oxuyursuz, dərslər ağır, hazırlıqlar çoxdur. Həm imtahana hazırlaşmaq, həm də qohumlarının, sinif yoldaşlarının doğum günlərini təşkil etmək çətin olmur?

- Düzü, bu, mənim xoşuma gəlir, ona görə elə bir çətinliyi olmur. Bayramlarda, məsələn, 8 Martda bütün qızlarımızı təbrik edirəm. Sinfi bəzəyirəm, hamısına məktub yazıram, hədiyyə alıram, tort bişirirəm. Hamı məni çox istəyir, mən də onları.

- Tort bişirməyə nə qədər vaxt gedir? Məsələn, kiminsə ad gününə hazırlaşanda gecə neçədə yatırsız?

- Demək olar ki, yatmıram. Ancaq adi vaxtlarda məşğələlərimə hazırlaşdıqdan sonra mətbəxə girirəm. Tələsik olanda 1 saatdan az vaxta bişirə bilirəm, ancaq yaxşı bir tort hazırlamaq üçün 2 saata yaxın vaxtım gedir. 

- Bildiyimizə görə, 9-cu sinifdən bu sahənin arxasınca getmək istəmisiz, ancaq icazə verməyiblər.

- Bakıya “Türk Mutfak Saltanatları Akademisi”ndən gəlmişdilər. Mən də orada təhsil almaq istəyirdim, məktəbdən çıxmağa qoymadılar. Dedilər ki, diplom daha önəmlidir. 

- Bişirdiklərinizi dadanlar sizə aşpaz olmağı məsləhət görür?

- Müəllimlərimin əksəriyyəti, demək olar ki, elə deyir. Tarix müəlliməm deyir ki, həvəsimin arxasınca gedim və bu, məndə alınacaq.

- Özünüzü hansında daha xoşbəxt hiss edirsiz? Dərslərə hazırlaşanda, ya yemək bişirəndə?

- 9-cu sinfə kimi dərs oxumağı çox sevirdim. Gecə yatmayıb dərs oxuyurdum, hazırda da oxuyuram, sinif nümayəndəsiyəm, qiymətlərim yüksəkdir. Sınaq imtahanlarında 400 baldan 320, 340 bal toplaya bilirəm. Ancaq mətbəxdə özümü daha xoşbəxt hiss edirəm. Çoğrafiyaçı olub ölkələri gəzmək və bu zaman müxtəlif ölkə mətbəxlərini öyrənmək istəyirəm. 

- Bəs gələcəkdə özünüzü necə görürsüz?

- Türkiyədə bu sahə üzrə təhsil alıb aşpaz olmaq istəyirəm. Müsabiqələri izləyirəm, özüm də yarışmaq istəyərəm. Mənim marağım daha çox Asiya mətbəxinədir və Çin, Koreya yeməkləri bişirməyi sevirəm. Milli mətbəximizdən də bütün yeməkləri bişirə bilirəm. Bayramlarda şəkərbura bəzəyirəm, paxlava bişirirəm.

- Ölkəmizdə elə bir mühit formalaşıb ki, əksər kişilər mətbəxə girmir, hətta çay belə süzməyi özünə rəva bilməyənlər var. Sinif yoldaşlarınız və ya başqa insanlar sizə baxıb nələrsə öyrənir, ya elə onlar da bu işin boş olduğunu söyləyirlər?

- “Kişilər yemək bişirməz!” fikri ilə qəti razılaşmıram. Ümumiyyətlə, mən ətraf mühitin fikriylə elə də ayaqlaşan biri deyiləm. Öz düşüncəm var və ona uyğun hərəkət edirəm. Ən yaxşı yemək bişirənlər də elə kişi aşpazlardır. Qonşularımız, sinif yoldaşlarım var ki, mənə baxıb cəhd edirlər. Dünən biri şəkərbura bişirmək istəyib, amma mənə şəkil atıb ki, peraşkiyə oxşayır (gülür).







 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR