Dərs vaxtı direktor və müəllimlər niyə yoxa çıxdı? - Açıqlama
Dekabrın 2-də paytaxtda yerləşən Laçın rayon 35 saylı orta məktəbin direktoru və müəllim heyətinin dərs saatlarında məktəbi tərk etməsinə səbəb sözügedən məktəbin başqa binaya köçürülməsidir.
Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Laçın Rayon Təhsil Şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, Yasamal rayonunda yerləşən Bakı Rabitə və Nəqliyyat Kollecinin yataqxana binasının 4-cü mərtəbəsində fəaliyyət göstərən Laçın rayonu 35 nömrəli tam orta məktəb bu il noyabrın 29-dan “Qobu Park-2” yaşayış kompleksində inşa edilmiş və Zəngilan rayonu 20 nömrəli tam orta məktəbin istifadəsinə verilmiş 818 yerlik tədris binasının 3-cü mərtəbəsinə köçürülüb.
Şöbədən o da bildirilib ki, rayonun 35 nömrəli tam orta məktəbində təhsil alan, “Qobu Park-2” yaşayış kompleksinə köçürülməyən ailələrdən olan şagirdlər Ağdam rayonu 71 nömrəli tam orta məktəbdə təhsilə cəlb olunublar.
“Hazırda köçürülmədən sonra təhsildən kənarda qalan şagird yoxdur”,-Təhsil Şöbəsindən bildirilib.
Qeyd edək ki, dekabrın 2-də paytaxtda yerləşən Laçın rayon 35 saylı orta məktəbin direktoru və müəllim heyəti şagirdlərə və valideynlərə məlumat vermədən dərs saatlarında məktəbi tərk etmişdilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət