Slimfit
  1. ARAŞDIRMA

Dərs ili: ən ucuz ləvazimatlar harada satılır?

Dərs ili: ən ucuz ləvazimatlar harada satılır?
Sakura

Dərs ili: ən ucuz ləvazimatlar harada satılır?

Əksər metrostansiyaların çıxışlarında yeni dərs ilinə görə məktəbli yarmarkaları qurulub. Bununla yanaşı, şəhərin mağazalarında da məktəblilər üçün ləvazimatlar satılır. Valideynləri düşündürən əsas məsələ isə budur: hansı daha yaxşıdır - yarmarka, yoxsa mağaza?..

Axar.az xəbər verir ki, belə mağaza və yarmarka çadırlarında hər qiymətə və keyfiyyətə malik məktəbli ləvazimatı tapmaq mümkündür. Qiymətlər demək olar ki, standartdır, arada cüzi fərqlər var.

Yazan 10 qəpik, pozan 30 qəpik...

“Neftçilər” metrostansiyasının çıxışında qurulan yarmarka çadırındakı satıcı bildirib ki, burada məktəbli formalarının satışı da həyata keçirilir. Yarmarkadakı qiymətlər isə məhsulun markasına görə fərqlidir. Məsələn, burada 10 qəpiyə də, 1 manata da qələm tapmaq olar. Dəftərlərin qiyməti isə vərəq sayına və üzlüyünə görə dəyişir. 12 vərəqli dəftərlər 20-30 qəpik, 40 vərəqli dəftərlər 50-55 qəpik, 48 vərəqli dəftərlər 61 qəpik, 60 vərəqli dəftərlər 1 manat, 100 vərəqli dəftərlər isə 1 manat 40 qəpikdir. Keyfiyyəti bir qədər aşağı olan dəftərlər də var ki, onların qiyməti daha münasibdir. Bu cür dəftərlərin vərəqləri olduqca nazik, xətləri isə görünməz səviyyədədir. Dəftər üzlükləri 5, 10, 20, 40 qəpiyə satılır.

Rəsm albomlarının qiyməti 1 manatdan başlayır və qiymət vərəq sayına, qalınlığa, üzlüyə görə dəyişir.

Rəngli karandaşların qiyməti də markasına və qablaşdırmadakı karandaşların sayına görədir. Ən ucuz karandaşların qiyməti 80 qəpikdir. Nisbətən keyfiyyətli rəngli karandaşların qiyməti 5 manatdan başlayır. “Oyal” firmasının rəngli karandaşları isə 8-12 manat aralığındadır.

Bunlarla yanaşı, satışda 3-5 manata satılan Çin istehsalı karandaşlar da var. Karandaşlar üçün nəzərdə tutulmuş rəngli qablar isə 5, 10-15, hətta 25 manat civarındadır.

Flamasterlərin qiyməti 3 manatdan 20 manata qədərdir. Xətkeşlərin qiyməti isə 40 qəpik-1 manat aralığında dəyişir.

Zərərli su qabları...

İbtidai sinif şagirdləri üçün satılan plastik su qablarının qiyməti 7 manatdan başlayır. Belə qabların qiyməti tutumuna və görünüşünə görə dəyişir. Şüşə və dəmir materialdan olan su qabları nisbətən bahadır - qiymət 10 manatdan 18 manata qədərdir.

Satıcılar bildirir ki, ucuzluğuna görə adətən plastik su qabları alınır, lakin şüşə və dəmir qablar daha dözümlü və keyfiyyətlidir.

Qeyd edək ki, həkimlər də plastik materialdan olan su və yemək qablarını məsləhət görmür.

Mağazalarda qiymət fərqlənmir, amma...

Mağazalarda isə nisbətən daha keyfiyyətli məktəbli ləvazimatları təklif edilir. Qeyd etdiyimiz kimi, qiymətlər yarmarka qiymətlərindən o qədər də fərqlənmir.

Dəftərlərin qiyməti 22 qəpiklə 1 manat 50 qəpik arasında dəyişir. Rəsm albomları 1 manat 10 qəpik, xətkeşlərin qiyməti isə 50 qəpikdən yuxarıdır. Rəngli karandaşların qiyməti də yarmarkadakından o qədər də fərqlənmir - 81 qəpikdən 20-25 manata qədər qiyməti olan rəngli karandaşlar var. Mağazalarda çeşid daha çoxdur və məhsullar əsasən keyfiyyətlidir.

Burada təklif edilən su qablarının qiyməti yarmarkadakı qiymətlərlə eynidir.

İlin ortasında “belini yerə qoyan” çantalar

Çantaların qiymətində yarmarkalarla mağazalar arasında ciddi fərqlər var. Yarmarkalarda təklif edilən ən bahalı çantanın qiyməti 30 manatdan yüksək deyil. Ancaq yarmarkada 8, 10, 15, 20 manata da çanta tapmaq mümkündür. Satıcılar bildirir ki, yarmarkadakı çantalara maraq daha çoxdur, səbəb isə daha yüngül olmasıdır:

“Keyfiyyəti barədə bir söz deyə bilmərəm. Bu, uşağın necə işlətməsindən asılıdır. Elə valideyn var, 8 manata 3 ədəd çanta alır ki, uşaq il ərzində dəyişərək istifadə etsin. Bu həm daha ucuz başa gəlir, həm də fərqli çantalardan istifadə etmək uşağın özünə də maraqlı olur. Çamadan kimi çantalarımız da var, lakin bunları çiyindən asmaq o qədər də asan deyil. Qiymətləri də 15-25 manat aralığında dəyişir”.

Yarmarkadan alış-veriş edən valideyn də bildirir ki, çantalar o qədər də keyfiyyətli deyil:

“Düzdür, ucuzdur, ancaq keyfiyyəti yoxdur. İlin ortasında artıq çanta sökülmüş olur. Ya yenisini almalı oluruq, ya da özümüz tikib səliqəyə salırıq”.

Satıcı bildirib ki, yarmarkalarda ortopedik çantalar da satılır, sadəcə, alıcısı çox olmadığına görə bunlardan az gətirilir.

Kürəyi qoruyub, cibi “yandıran”lar

Mağazaların çanta bölməsində isə mənzərə fərqlidir. Çeşid çox, keyfiyyət yüksək, qiymət...

Mağazalarda ən ucuz çantanın qiyməti 15-20 manatdan başlayır. Ancaq 50, 80, 150 manat da çantalar var. Qiymətin yüksək olmasına səbəb isə belə çantaların əsasən ortopedik olmasıdır. Bu çantalar həm müalicəvi hesab edilir, həm də məktəblinin belini, onurğa sütununu çantanın içindəki ağırlığa qarşı qoruyur. Ancaq bu cür çantalar keyfiyyətli olması ilə yanaşı, həm də ağırdır. Məktəblinin dərsə dəftər, kitab, qələm, xətkeş apardığını nəzərə alsaq, çantanın daha da ağırlaşdığını demək olar.

İmkan daxilində valideynlər ortopedik çantalara üstünlük verməyə çalışsalar da, bu çantalar uşaqların ürəyincə deyil. Çantanın kürəyə təmas edən hissəsində onurğanı qorumaq üçün bir qədər sərt çıxıntılar olduğuna görə uşaqlar bu çantaları xoşlamırlar. Buna baxmayaraq, mağaza satıcısı bildirib ki, bu çantaların kifayət qədər alıcısı var.

Məktəbli ləvazimatlarının satış qiymətləri ilə bağlı yarmarka və mağazalarda apardığımız araşdırmadan bu nəticəyə gəlmək olar ki, maddi vəziyyəti yaxşı olan valideynlər daha çox keyfiyyətə üstünlük verirlər və mağazalardan alış-veriş edirlər. Yarmarkalardan alış-veriş edənlərin əksəriyyəti isə sosial durumu nisbətən aşağı olan şəxslərdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR