Slimfit
  1. AZƏRBAYCAN

Deputatlarımız yaz sessiyasında nələri müzakirə etdi?

Deputatlarımız yaz sessiyasında nələri müzakirə etdi?
Sakura

Deputatlarımız yaz sessiyasında nələri müzakirə etdi?

Xəbər verildiyi kimi, Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası 31 may tarixli son iclası ilə öz işini yekunlaşdırıb.

Bəs, yaz sessiyası nələrlə yadda qalıb?

Oxu.Az xəbər verir ki, bu ilin fevral ayının 1-də öz işinə start verən yaz sessiyası boyunca MM-in 12 plenar iclası keçirilib.

Yaz sessiyasının ilk açılış iclasında 38 qanun layihəsi gündəliyə salınıb və müzakirədən keçirilib.

Həmçinin, ilk iclasda yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Yaz sessiyasının ikinci iclası fevral ayının 12-də keçirilib.

İclasda 32 məsələ, o cümlədən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında Ədliyyə nazirinin birinci müavini, general Vilayət Zahirovun hesabatı dinlənilib, təsdiqlənib.

Yaz sessiyasının 3-cü iclası fevralın 19-da baş tutub və iclasda 27 məsələ, o cümlədən, “Ümumi təhsil haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirədən keçirilərək, qəbul olunub.

Mart ayında yaz sessiyasının növbəti üç plenar iclası keçirilib.

İlk iclas martın 5-də olub.

İclasda 18 məsələ, o cümlədən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında Ombudsman Elmira Süleymanovanın hesabatı dinlənilib, təsdiqlənib.

Yaz sessiyasının 5-ci iclası martın 15-də baş tutub və ənənəvi olaraq, bu iclasda tək bir məsələ-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı barədə baş nazir Novruz Məmmədovun illik məruzəsi dinlənilib.

Qeyd edək ki, bu, N. Məmmədovun baş nazir kimi parlamentdə ilk hesabatı olub.

Martda sonuncu - altıncı iclas ayın 29-da keçirilib.

Millət vəkilləri 25 məsələni, o cümlədən, “Mediasiya haqqında” yeni qanun layihəsini müzakirə və qəbul ediblər.

Qeyd edək ki, “Mediasiya haqqında” qanun cəmi bir oxunuşda qəbul olunub.

Aprel ayında yaz sessiyasının cəmi iki iclası keçirilib - ayın 9-u və 23-də.

9 aprel tarixli iclasda millət vəkilləri 19 məsələni, həmçinin, Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun illik məruzəsini dinləyib, müzakirə edib və təsdiqləyiblər.

23 aprel tarixli iclasda deputatlar 19 məsələni, o cümlədən, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında məsələni müzakirə ediblər.

Həmin iclasda İTV-nin Yayım Şurasının boş qalan yerlərinə üç yeni üz seçilib.

Yaz sessiyasının son 4 iclası isə may ayında keçirilib.

May ayının 3-də keçirilən plenar iclasın gündəliyinə 22 məsələ daxil edilib və müzakirədən keçirilib.

Həmin iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun - Daxili işlər nazirinin birinci müavini, general Vilayət Eyvazovun 2018-ci il üzrə illik məlumatı dinlənilib və təsdiqlənib.

Mayın 17-də yaz sessiyasının 10-cu iclasında 18 məsələ müzakirədən keçirilib.

Mayın 30 və 31-i tarixlərində isə yaz sessiyasının son iki - 11 və 12-ci iclası keçirilib.

30 may tarixli iclasda 25 məsələ, 31 may tarixli iclasda isə cəmi bir məsələ - 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilib.

Qeyd edək ki, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsinə hökumət üzvləri də qatılıb və qanun layihəsi birinci oxunuşdan keçirilib.

Qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda müzakirəsi və qəbulu isə parlamentin iyun ayında keçiriləcək növbədənkənar sessiyasının plenar iclaslarında baş tutacaq.

Onu da qeyd edək ki, yaz sessiyasında “Ümumi təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda və bütövlükdə qəbul edilib.

Həmçinin, ölkə prezidenti tərəfindən imzalanaraq, hüquqi qüvvəyə minib.

Bununla yanaşı, yaz sessiyasında iki yeni qanun layihəsi “Standartlaşdırma” və “Texniki tənzimləmə” haqqında qanun layihələri hər üç oxunuşda və bütövlükdə qəbul edilib.

Eyni zamanda, yaz sessiyasında “Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması və 2019-cu ilin payız sessiyasında ilkin müzakirələrə çıxarılması qərara alınıb.

Yaz sessiyasında Vergi, Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Əmək, Ailə, Miqrasiya, Torpaq, Meşə, Su Məcəlləsinə və Mülki Məcəlləyə, o cümlədən, “Dövlət rüsumu haqqında”, “Təhsil haqqında” və digər qanunlara vacib və əhəmiyyətli dəyişikliklər edilib.

Yaz sessiyasında həmçinin “Aqrar sığorta haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

Üç dövlət qurumu - Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası  tərəfindən birgə hazırlanan qanun layihəsi bugünlərdə parlamentin müvafiq komitələrinin ikinci oxunuşunun müzakirələrindən keçirilərək, növbədənkənar sessiyanın plenar iclasına tövsiyə olunub.

Yaz sessiyasında müzakirəsi gözlənilən “Turizm haqqında”, “Aşıq sənəti haqqında” və “Muğam sənətinin qorunub, saxlanılması və inkişaf etdirilməsi haqqında”, “Optika və optikaçılıq haqqında” yeni qanun layihələri isə yenidən təxirə salınıb.

Eyni zamanda, “Banklar haqqında” qanuna edilməsi gözlənilən dəyişikliklər layihəsi iki dəfə yaz sessiyasının plenar iclaslarının gündəliyinə salınsa da, son anda gündəlikdən çıxarılıblar.

Belə ki, Hesablama Palatasına Nəzarət Palatası tərəfindən qanuna təklif edilən və əlavə səlahiyyətləri (bank fazlərinin həddinin müəyyənləşdirilməsi) nəzərdə tutan qanun layihəsi Mərkəzi Bankın etirazları səbəbindən müzakirələrdən çıxarılıb.

Yaz sessiyasında daha bir yeni qanun layihəsi ilkin variantda müzakirələrdən keçirilib.

Belə ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 23-də keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə olunub və onun təkmilləşdirilərək, ictimai müzakirələrə, sonda isə plenar iclaslara tövsiyə olunması qərara alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR