Deputat: Nizami farsca yazan Azərbaycan şairidir, fars şairi deyil
Hər baxımdan sübut olunub ki, Nizami Gəncəvi türk mənşəli şairdir. O, Gəncədə doğulub və tam türk olub. O, öz övladı haqqında yazır: “İlahi, sən bu türk oğlu türkü qoru”. Axı, hansı ata türk olmadan öz övladına “türk oğlu türk” deyə müraciət edər, onu türk adlandırar?!
Bunu Oxu.Az-a açıqlamasında şərqşünas alim, akademik, millət vəkili Gövhər Baxşəliyeva dahi Azərbaycan şairi Nizami Gəncəvinin milliyyəti məsələsi ətrafında yenidən açılan müzakirələrə, onun bəzi mənbələr tərəfindən fars şairi adlandırılmasına münasibət bildirərkən deyib.
G. Baxşəliyeva qeyd edib ki, Nizaminin üslubu fars dilində “səpki-Azərbaycani” adlanır.
“Yəni, fars dilli şeirdə məhz Azərbaycan üslubudur. Məhz azərbaycanlı şairlər o üslubda yazırdı və o üslub klassik fars şairlərinin üslubundan xeyli dərəcədə fərqlənirdi. Bu, Nizaminin türk olmasına ikinci çox tutarlı dəlildir. Üçüncüsü, məsələn, rus poeziyasının Allahı adlandırılan Puşkinin ulu babası Efiopiyadan (Həbəşistandan) olub. O zaman Puşkini efiop, həbəş şairi adlandırmaq olarmı?
Puşkin Rusiyada yaşayıb, rus dilində yazıb, rus və Rusiya reallığını əks etdirib bütün yaradıcılığında. Nizami də bütün əsərlərində, yaradıcılığında o vaxtkı Gəncənin, Azərbaycanın mənzərəsini yaradıb.
İndi ona necə fars şairi demək olar? Yaxud, Nizami, tutalım, ərəb mənbələrindən istifadə edibsə, konkret olaraq, “Leyli və Məcnun”u ərəb mənbələrinə istinadən yazıbsa, indi onu ərəb şairi hesab edək? Bu, heç cür düzgün olmazdı”, - deyən şərqşünas alim qeyd edib ki, Nizami ona görə farsca yazıb ki, o zamanlar Aralıq dənizindən ta Hindistanacan (Mərkəzi Asiya da daxil olmaqla) bütün region fars dilində yazıb-oxuyurdu.
“Cəbanı farsi xeyli şirin”.
Yəni, fars dili məhz şeirə daha uyğun gəlirdi, farsca yazmaq bir növ ənənə idi. Təkcə Nizami deyil, digər dahilər, məsələn, Cəlaləddin Rumi də farsca yazırdı.
Onlarca, yüzlərcə digər şair öz əsərlərini farsca qələmə alırdı. Hətta XVIII əsrdə də elə şairlər olub ki, onlar farsca yazıblar öz şeirlərini. Baxmayaraq ki, türk dili tam formalaşmışdı, tam inkişaf etmişdi, sadəcə, həmin o fars dili, “gözəl şeir farsca yazılar” ənənəsindən istifadə edərək, farsca yazırdılar. Saib Təbrizi var, bizim təbrizli şair.
O, Hindistanda farsdilli ədəbiyyatın ən görkəmli nümayəndəsi hesab olunur. Əmir Xosrov Dəhləvi Hindistan şairidir. Tam farsca “Xəmsə” yazıb. Nizaminin əsərlərinə, “Xəmsə”sinə elə bil ki, nəzirə yazıb və sairə.
Belə olan təqdirdə, indi durub demək ki, Nizami fars şairi olub, xeyr, tam yalandır, o, sadəcə, farsdilli şeirin nümayəndəsidir. Onu, belə demək mümkünsə, Azərbaycan, türk mənşəli farsdilli şair adlandırmaq olar”, - deyə G.Baxşəliyeva əlavə edib.
Nizaminin fars şairi kimi təqdim edilməsinin haradan qaynaqlanmasına gəlincə, G.Baxşəliyeva bunları bildirib:
“Bir neçə il öncə Misirə getmişdim, gördüm ki, oradakı tədqiqatçı alim Nizami Gəncəvi haqqında yazaraq, onu fars mədəni irsinin nümayəndəsi adlandırıb.
Onun Nizami haqqında istifadə etdiklərinin 99,9 faizi də məhz farsca yazılmış tədqiqat əsərlərindən idi. Yəni, Nizami haqqında yazarkən, Azərbaycan müəlliflərinə, yaxud türk müəlliflərinə ya nadir hallarda istinad olunur, ya da heç olunmur.
Yaxud, Nizami haqqında əsərdə, məsələn, Yevgeni Bertelsin kitabının adı çəkilir, amma müəllif heç Bertelsin kitabının üzünü belə açmayıb. Yaxud, adam Aqafangel Krımskinin kitabını üzünü belə açmayıb, oxumayıb ki, nə var, nə yox.
Ona görə də yalnız fars dilində yazılan mənbələrdən istifadə edərək, Nizamini fars şairi adlandırırlar. Bizim də bu cür yalanların, yanlışların qarşısını almaq üçün vəzifəmiz yazmaq, təbliğ etməkdir ki, ay camaat, Nizami farsca yazan Azərbaycan şairidir, fars şairi deyil. O, əsl türk, Azərbaycan mənşəli şairdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət