Slimfit
  1. CƏMİYYƏT

Deputat Nərimanovun Bakıdakı heykəlinin sökülməsinə qarşıdır

Deputat Nərimanovun Bakıdakı heykəlinin sökülməsinə qarşıdır
Sakura

Deputat Nərimanovun Bakıdakı heykəlinin sökülməsinə qarşıdır

Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisində olan Nəriman Nərimanovun heykəli sökülüb. Bu hadisədən sonra N.Nərimanovun Bakıdakı heykəlinin sökülməsi məsələsi də müzakirə olunmaqdadır. Bir çoxları sökülməyin tərəfdarı olsa da, digər bir qrup isə tərəfdarı deyil.

Bəs, N.Nərimanovun Bakıda yerləşən heykəli də sökülə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Əziz Ələkbərlinin sözlərinə görə, Azərbaycan tarixində əbədi iz qoyan gökəmli şəxsiyyətlərimiz vaxtaşırı hədəf seçilir və haqsız hücumlara məruz qalırlar.

Onun fikrincə, bu gün Nəriman Nərimanovu hədəf götürənlər, yaxşı olar ki, əvvəl Nəriman Nərimanov şəxsiyyətinin kimliyini və Azərbaycan tarixində yerini özləri üçün aydınlaşdırsınlar:

"Nəriman Nərimanov kimdir? Əvvəla, Nəriman Nərimanov böyük maarifçi, görkəmli yazıçı-dramaturqdur. O, 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə İmperator Novorosiysk (Odessa) Universitetinin Tibb fakültəsini bitirib. 1894-cü ildə 24 yaşında Bakıda ilk qiraətxananı açıb. İlk Azərbaycan milli romanının ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisidir.

Türkiyədəki Qurtuluş Savaşına verdiyi böyük dəstək münasibətilə Atatürk ona köməkliklərinin əvəzini qaytarmağı təklif edəndə N.Nərimanovun ona verdiyi: "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar" - cavabı bu gün Türkiyə-Azərbaycan qardaşlığına bir ordu qədər xidmət edən kəlamdır.

O ki qaldı siyasi fəaliyyətinə, maraqlıdır 1920-ci illərin əvvəllərində bolşevik yoldaşları onu millətçilikdə ittiham etdikləri kimi, bugünkü “millətpərəstlər” də onu antimillilikdə ittiham edirlər.

Bəli, Nəriman Nərimanov dövrünün böyük siyasi xadimi olub. O, 1917-ci ildə artıq "Hümmət" Təşkilatının sədri, "Hümmət" qəzetinin baş redaktoru idi. Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı, Azərbaycan SSR İnqilab Komitəsinin Sədri, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri, ZSFSR İttifaq Sovetinin 1-ci Sədri, 1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri olub".

Deputat onu da qeyd etdi ki, Azərbaycanın 1921-ci ildə qəbul edilən ilk konstitusiyası Nərimanovun adıyla bağlıdır.

"Nərimanovun hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət göstərilib, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunub. Nərimanovu Qərbi Zəngəzurun Ermənistana verilməsində ittiham edənlər zəhmət çəksinlər əvvəlcə Nərimanovun Qarabağ, Zəngəzur və Naxçıvan uğrunda Stalin, Orconikidze, Mikoyan kimi Azərbaycan düşmənlərinə qarşı təkbaşına apardığı qladiator savaşının tarixini izləsinlər. Cənubi Qafqazda, xüsusilə Naxçıvanda daşnak qüvvələrinin darmadağın edilməsində Nərimanovun müstəsna xidmətləri var. Sovet hakimiyyətinin ilk illərində Ə.Şıxlinski, S.Mehmandarov kimi Cümhuriyyət generalları, H.Z.Tağıyev kimi milyonçu və saysız-hesabsız Azərbaycan ziyalısı güllələnməkdən xilas oldusa, bəy, xan sərhədi keçib Türkiyəyə gedə bildisə, buna görə məhz Nərimanova minnətdar olmaq lazımdır. Nəriman Nərimanov Azərbaycan xalqının qürur duyduğu, duymalı olduğu və duyacağı tarixi şəxsiyyətlərimizdəndir. Ulu öndər Heydər Əliyev Nəriman Nərimanov şəxsiyyətinə böyük dəyər verib və məhz onun təşəbbüsü ilə 1972-ci ildə Nərimanovun Bakıda heykəli ucaldılıb. O heykəl bizə həm də ulu öndərin yadigarıdır", - deyə Ə.Ələkbərli bildirdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR