Dəmiryolçular Şağandakı sağlamlıq imkanları məhdud uşaqları sevindiriblər
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində xeyriyyə tədbiri keçiriblər.
QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qurumun əməkdaşı Sevinc Qədirova, 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsinin direktoru Sevinc Məlikova uşaqları bayram münasibətilə təbrik ediblər.
Bildirilib ki, bu gün gələcəyimiz olan uşaqların beynəlxalq müdafiəsi günüdür. Son illərdə ölkəmizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə uşaq evlərinin, internat məktəblərinin, o cümlədən Şağandakı 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsinin maddi-texniki bazası, texniki təchizatı daha da gücləndirilib. Burada əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. Uşaq evlərinin sakinləri hər cür qayğı ilə əhatə olunublar.
Daha sonra müəssisənin həyətində əqli və fiziki qüsurlu uşaqlara sənətçilər, aktyorlar və gözbağlayıcılar maraqlı səhnəciklər, eləcə də musiqi proqramı təqdim ediblər, uşaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.
Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və xeyriyyə tədbiri bayram süfrəsi arxasında davam etdirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət