Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, “SOY” prodakşının rəhbəri, rejissor, əməkdar mədəniyyət işçisi Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib.
Ens.az Lent.az-a istinadən Oqtay Əliyevin dosyesini təqdim edir:
O. Əliyev 1968-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanda doğulub. 1975-1985-ci illər İrəvan şəhəri M.F. Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakultəsində təhsil alıb.
1983-1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989-1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olub.
1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olmuş, ssenarilərini yazıb. 1995-ci ildə A.P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. 1997-ci ildə Space tv-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin müəllifi və baş prodüseri olub.
1998-ci il oktyabr ayının 5-də "SOY" production şirkətinin təsisçisi və prezidentidir. "Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanıb.
2020-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi adını alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət