Slimfit
  1. AZƏRBAYCAN

Dəhşətli qətliamdan 31 il keçdi

Dəhşətli qətliamdan 31 il keçdi
Sakura

Dəhşətli qətliamdan 31 il keçdi

27 noyabr gecəsi Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətlı hadisələrindən biri - Quqark qətliamının 31-ci ildönümüdür.
1988-ci ilin noyabrında Ermənistan SSR-in Quqark rayonunun Vartanlı kəndinə hücum edən millətçilərin hədəfləri azərbaycanlılar idi.
Qətliam nəticəsində Kirovakandan (indi Vanadzor) gələn ekstremistlərlə atışmalar zamanı 20 yerli azərbaycanlı öldürülüb, qalanları isə güclü qar yağmasına baxmayaraq, qaçmağa məcbur olub.
Həmyerlilərinə - azərbaycanlılara kömək edən ermənilər vəhşicəsinə döyülüb. Eyni qətliam Kuybışev kəndində də törədilib.
SSRİ Baş Prokurorluğunun cinayət işi açmasına baxmayaraq, təşkilatçılar və qətliamı törədənlər hələ tapılmayıb. Ermənistan SSR-də və Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində səksəninci illərin sonu-doxsanıncı illərin əvvəllərində törədilmiş bu və bir çox başqa cinayətlərin təşkilatçıları və günahkarlarının şəxsiyyətləri hələ də müəyyən olunmayıb.
Azərbaycan Respublikasının Birinci Baş Prokuroru İsmət Qayıbov Ermənistanda anti-Azərbaycan qətliamlarına münasibətdə sovet ədalətinin etinasızlığını qınayıb. O, Azərbaycan Televiziyasına verdiyi müsahibədə cinayətkarların cəzasız qalması ilə bağlı statistikanı açıqlayıb.
“Quqark rayonunda 20 azərbaycanlı öldürülüb. Quqark rayonunun 40 min əhalisi var, Sumqayıtın 300 mindən çox əhalisi var. Quqark rayonunda kəndin dağıdılması Sumqayıtla müqayisə edilə bilməz. Mən Sumqayıtda 96 cinayətkarın həbs edilməsi üçün tədbir görəndən sonra onlar hamısı məhkəmə qərarı ilə fərqli hökmlərlə məhkum edildilər”, - deyə, o ilk növbədə Sumqayıt hadisəsində günahkarların hamısının cəzalandırıldığını xatırladıb.
“Eyni zamanda, Quqarkda, Kirovakanda, Leninakanda çoxsaylı qətllər, əlavə olaraq, Zvartnots hava limanında kütləvi iğtişaşlar, hərbi hissələrin əmlakının talan edilməsi, hərbi hissələrdəki anbarların qarət edilməsi, polis məntəqələrinə, “Ordu, Aviasiya və Donanmaya Könüllü Kömək Cəmiyyəti” ofislərinə, ümumiyyətlə, sadaladığım nəhəng, xüsusilə çox sayda silah oğurluğu və qətldə - cəmi dörd nəfər cinayət məsuliyyətinə cəlb edilib”, - deyə İsmət Qayıbov Ermənistan hakimiyyətinin ədalət məhkəməsini həyata keçirmək istəmədiyini vurğulayıb.
“Bu, küfrdür, bu barədə danışmaq mümkün deyil. Ümumiyyətlə, bu, bütün ölkə, o cümlədən, Ermənistan hüquq-mühafizə sistemi üçün utancvericidir. Bu, necə ola bilər? Biz cəzanın qaçılmazlığından, məsuliyyətin qaçılmazlığından danışırıq. Hər kəs öz günahına görə cavab verməlidir. Hər bir günahkar cinayət məsuliyyətinə cəlb edilməlidir”, - deyə Azərbaycanın birinci Baş prokuroru yekunlaşdırıb.
İsmət Qayıbov özü də, Azərbaycan ali hakimiyyətinin digər nümayəndələri, Rusiya və Qazaxıstan vətəndaşları ilə bərabər, cəzasız qalan bir cinayətin qurbanı oldu – onların 1991-ci il noyabrın 20-də, Martuniyə uçduqları helikopter Dağlıq Qarabağdakı Qarakənd üzərində səmada vuruldu. Bu hücum Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına ağır zərbə oldu, çünki münaqişəni fəal hərbi əməliyyatlara başlamazdan əvvəl həll etmək istəyən əsas sülhməramlılar öldürüldü.
Bununla bərabər, həmin gün SSRİ-nin mövcudluğunun son illərində Ermənistanda və Qarabağda baş verən cinayətlərin operativ araşdırılması və həll edilməsi perspektivi də öldü.
“Yeni Sabah” bildirir ki, ötən il Ermənistanın Epress.am saytı 1988-ci ildə bu ölkənin Quqark rayonunda azərbaycanlıların kütləvi qətl edilməsi barədə material dərc edib. Məqalədə 30 il gizli saxlanılan faktlar gün üzünə çıxıb. O vaxt Quqarkda azərbaycanlıların diri-diri yandırılmağının şahidi olan ermənilər ilk dəfə baş verənləri etiraf edib, hadisələri olduğu kimi danışıblar.
Şahidlər azərbaycanlılara qarşı edilən haqsızlıqları, günahsızların necə öldürüldüyünü danışaraq, erməni vəhşiliyini ilk dəfə danmayıblar. Məsələn, həmin vaxtlar Vanadzorda prokuror işləmiş Qriqori Şahverdiyan illərdir gizlətdiyi arxiv sənədlərini üzə çıxarıb. O bildirib ki, 1988-ci ilin mart ayından noyabrına kimi Quqark rayonunda 624 azərbaycanlı milli münaqişə zəmnində əsassız olaraq işdən çıxarılıb. Onların çoxu hədə-qorxu, təqib və hücuma məruz qalıb. Bazarda işləyən azərbaycanlıları döyərək mallarını əllərindən alıblar. Şahverdiyanın sənədlərində azərbaycanlıların yalnız öz evlərində deyil, iş yerlərində də həmkarları tərəfindən döyülməsi üzrə 42 hal qeydə alınıb.
Şahverdiyan ən dəhşətli hadisənin Şaumyan kəndində baş verdiyini deyib. Həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətli qeydə alınıb. Burada azğınlaşmış ermənilər azərbaycanlıları hətta yüksəkliklərdən yerə ataraq ölümə tərk ediblər.
Quqark qırğınından sonra Qarabağa gedərək orada da dinc azərbaycanlıları qətlə yetirən Samvel Vardanlu adlı erməni isə o vaxt istifadə etdiyi silahları da nümayiş etdirərək, azərbaycanlıları dağlarda qırdıqlarını etiraf edib.
Şaumyan sakini Stepan Ayvazyan kənddə qalmış azərbaycanlıların Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürülüb yandırıldığını etiraf edib.
Şaumyan kəndində həmin günlərdə məktəb direktorunun müavini işləmiş Rima Sarqsyan isə etiraf edib ki, milli münaqişə zamanı qaçıb məktəblərdə gizlənən azərbaycanlılar ermənilərt tərəfindən yandırılıblar. "Qarabağ" komitəsinin keçmiş üzvü Artur Sakuns isə bildirib ki, Moskva Prokurorluğu tərəfindən üzvü olduğu komitə də daxil olmaqla, Quqark qırğınını törədənlər həbs olunsa da, bu, çox çəkməyib və onlar tezliklə azad olunublar.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR