Daşkəsəndə 284 evə qaz verildi
Dekabrın 24-də Daşkəsən rayonunda 3 qəsəbədə ümumilikdə 284 fərdi yaşayış evinə mavi yanacağın verilməsi təmin olunub. Bu münasibətlə Quşçu Körpüsü qəsəbəsində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyi, sakinlər və qaz təsərrüfatının işçiləri iştirak ediblər. Çıxışlarda bildirilib ki, bu il bölgələrdə qazlaşdırma işlərinin sürətləndirilməsinə dair icra edilən dövlət proqramı çərçivəsində rayonun Daşkəsən qəsəbəsində 103, Quşçu Körpüsü qəsəbəsində 82 və Quşçu qəsəbəsində 99 fərdi yaşayış evinə təbii qaz verilib.
Məlumat üçün bildiririk ki, hər 3 qəsəbədə layihə-smeta sənədlərinə əsasən, “Tikinti norma və qaydaları”nın tələblərinə uyğun olaraq bir pilləli sistem əsasında ümumilikdə 14 170.59 m uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Evlərdə fərdi qaz tənzimləyicisi və qaz sayğacları quraşdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət