Daşkənddə İslam Sivilizasiyası Mərkəzi inşa edilir
Şavkat Mirziyoyev: Özbəkistan əsrlər boyu dünya sivilizasiyasının ayrılmaz hissəsi və İslam mədəniyyətinin mərkəzi sayılıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə inşa edilən İslam Sivilizasiyası Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub.
İki hektar ərazidə inşa edilən Mərkəzin üçmərtəbəli binasının mərkəzində Şərq üslubunda möhtəşəm günbəz, dörd tərəfdən isə hündürlüyü 34 metr olan minarələr ucaldılacaq.
Binanın birinci mərtəbəsində muzey, qədim əlyazmaları və əşyaları mühafizə və bərpa etmək üçün otaqlar, mətbəə, kitab mağazaları olacaq. İkinci mərtəbədəki böyük foyenin mərkəzində Osmanın Quranı yerləşdiriləcək.
Burada İslam Sənəti Muzeyi və 435 nəfərlik konfrans zalı da olacaq. Mərkəzdə tarixi mənbələr və eksponatlar nümayiş etdiriləcək, tematik sərgilər təşkil olunacaq.
Üçüncü mərtəbədə 100 min əlyazma saxlanılan kitabxana, informasiya-resurs mərkəzi, elmi kafedralar və inzibati otaqlar yerləşəcək.
Şavkat Mirziyoyev deyib ki, Özbəkistan əsrlər boyu dünya sivilizasiyasının ayrılmaz hissəsi və İslam mədəniyyətinin mərkəzi sayılıb. İslam Sivilizasiyası Mərkəzi bu istiqamətdə fəaliyyət göstərən elmi müəssisələr üçün baza rolunu oynayacaq. Yerli və xarici mütəxəssislər burada elmi tədqiqatlarla məşğul olacaq, onların fəaliyyətinin nəticəsi kimi ensiklopediyalar, elmi nəşrlər çap olunacaq, televiziya verilişləri hazırlanacaq, filmlər çəkiləcək.
Prezident vurğulayıb ki, Mərkəzdə din xadimlərinin, dünya islamşünaslarının və tarixçilərinin iştirakı ilə beynəlxalq konfransların keçirilməsi də nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət