Slimfit
  1. MEDİA

"DAN ULDUZU-TALE ULDUZU"

"DAN ULDUZU-TALE ULDUZU"
Sakura

"DAN ULDUZU-TALE ULDUZU"

Bu gün Əməkdar İncəsənət xadimi GÜLARƏ ƏLİYEVAnın xatirə günüdür. Hörmətlə xatırlayaq. 

O, 57 yaşında həyata gözlərini yumdu. Yaşasaydı bəlkə də daha neçə-neçə sevilən nəğmələrin müəllifi olacaqdı... Yaşasaydı... 

Bu gün çox az adam tapılar ki, Gülarə xanımdan söz düşəndə “Dan ulduzu”nu, “Dan ulduzu”ndan söz düşəndə Gülarə xanımı xatırlamasın. Nə qədər ki sənətə, sənətkara dəyər verən insanlar var və nə qədər ki, Azərbaycan musiqisi var, Azərbaycan musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Gülarə Əliyeva adı da yaşayacaqdır! 

Gülarə Əliyeva şərəfli bir ömür yolu keçib. O, 1933-cü il noyabrın 17-də görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində doğulmuşdu. 1956-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və nəzəriyyə fakültəsini əla qiymətlərlə bitirmiş, 1966-cı ildə “Bəstəkar F.Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967–1989-cu illərdə M.Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) musiqi kafedrasının müdiri olmuşdur. Əvvəlcə Azteleradio, sonra isə S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi. Həmin ildə “Dan ulduzu” kamera–instrumental ansamblı fəaliyyətə başlamışdır. 

O, eyni adlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. 

Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və digər xarici ölkələrdə çıxış etmişdir. 

Gülarə xanım eyni zamanda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966-1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. 

"Dan ulduzu" ansamblına onun adı verilmişdir. 

"DAN ULDUZU" 

Bu ansamblının yaranması Azərbaycan musiqi tarixində yeni hadisə idi. O, düz 23 il bu kollektivə rəhbərlik etmiş, ömrünün sonunadək “Dan ulduzu”nu öz övladı kimi sevmiş, ondan ayrılmamışdır. "Dan ulduzu"nun adını Azərbaycanın Xalq şairi Nəbi Xəzri təklif edib. İlk çıxışından "Dan ulduzu" insanlar tərəfindən sevilib. Gülarə хanım müntəzəm məşqlərin, ansambl üzvlərinin əzmkarlığı, sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaradıb, bir çox musiqi kollektivlərini, qrup və ansamblları arхada qoydu. 

"Dan ulduzu" tezliklə dövlət tədbirləri, konsertləri, хarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada "Dan ulduzu"nun qastrol səfərinə çıхdığı dövlətlər, şəhərlər oldu. Хaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər. 

Bu gün Azərbaycan musiqisi tarixində öz sözlərini demiş Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə, Hüseynağa Hadiyev və digər ifaçılar "Dan ulduzu”nun solistləri kimi məşhurlaşmışdılar. 

1975-ci ildə isə Zeynəb Xanlarova "Dan ulduzu"yla bir silsilə proqramla dövlət konsertlərində çıхış etmişdir. Xalq artisti Məmmədbağır Bağırzadə, tarzən Zamiq Əliyev, pianoçu Həsənağa Qurbanov, qaboy ifaçısı Kamil Cəlilov ansambla dəvət olunmuşdular. Xədicə Abbasova, Şəbnəm Tapdıq, Züleyхa Mirismayılova və başqa ifaçılar "Dan ulduzu"yla məhşurlaşdılar, sevildilər. Gülarə хanım bölgələrdə oхuyan istedadlı gəncləri də kollektivə dəvət edər, onların potensial imkanlarının üzə çıхarılmasında köməkliyini əsirgəməzdi. O, müğənni Cavad Rəcəbovu Lənkərandan, Məhəbbət Kazımovu isə Laçından Bakıya dəvət edib onlarla bir neçə mahnılar yazdırmaqla ansambla dəvət etmişdi. 

Gülarə xanımın yeganə yadigarı Ayəndə xanımın xatirələrindən: “Anam mənim xatirimdə mehriban, qayğıkeş bir insan kimi qalıb. Çox narahat insan idi. Biz bir yana gedəndə, evə dəqiq vaxtında gəlməyəndə nigaran qalar, balkona çıxıb gözləyərdi. Bəzən təzyiqi yüksələr, halı pisləşərdi. Evimiz qonaq–qaralı olardı, ansamblın məşqlərini də evdə edərdilər. O, musiqi ilə yaşayırdı. Həmişə fəxrlə deyərdi ki, məndən Üzeyir Hacıbəyov imtahan götürüb.

Konservatoriyanın iki - bəstəkarlıq və fortepiano ifaçılığı fakültələrini bitirmişdi. O dövrdə belə bir ansambl yaratmaq yenilik idi, xalq çalğı alətləri ilə klassik musiqi alətlərinin sintezini ilk dəfə anam yaratmağa nail olmuşdu. Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Ramiz Mirişli, Oqtay Rəcəbov... və digər tanınmış bəstəkarla işləyirdi. Onların hamısı bizim evdə olmuşdular…” 

Əməkdar İncəsənət xadimi, rejissor Arif Qazıyevin və ssenari müəllifi Rəfiqə Məsudun araya–ərsəyə gətirdikləri “Dan ulduzu–tale ulduzu” televiziya filmində ansamblın yaranması, Gülarə xanımın onun formalaşması yolunda çəkdiyi əziyyətlər barədə ətraflı məlumat verilir. Əməkdar İncəsənət xadimi, pianoçu, mərhum Həsənağa Qurbanov Gülarə Əliyeva ilə birgə bu ansamblda çalışmışdı. Hətta Gülarə xanımdan sonra bu ansambla rəhbərlik etmişdi. Sonralar Gülarə xanımla bağlı bir kitab da yazmışdı. Amma amansız ölüm Həsənağa Qurbanova bu arzusunu reallaşdırmağa imkan vermədi. Onun “Bizim Gülarə Əliyeva” kitabı ölümündən sonra işıq üzü gördu... Kitabda Gülarə Əliyevanın sənət dostlarının, tanınmış incəsənət adamlarının onun haqqında xatirələri yer alıb. 

27 iyul 1991-ci il... 

Həmin gün Gülarə Əliyevanın faciəvi şəkildə dünyasını dəyişməsi xəbəri bütün musiqisevərlər üçün böyük itki oldu... 

Gülarə Əliyeva həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə ilə birgə eyvana çıxır və ... 

Ayəndə xanım anasını onlardan ayıran faciəvi günü böyük kədərlə xatırlayır: “1991-ci il iyulun 27-si idi. Atamı Moskvaya müayinəyə yola salmağa hazırlaşırdıq. Ansamblın violonçelçisi Minirə xanım da bizdə idi, anamla çox yaxın olduqlarından ona kömək etmək üçün gəlmişdi. Atam yol çantasını götürüb evdən çıxmaq istəyəndə mən və bacım Nuridə də onunla çıxdıq. Nuridə çox aşağı düşmədi, atamı əlində tutduğu “Quran” kitabının altından keçirib, geriyə döndü. Mən isə blokun qapısınadək onu ötürdüm. Bu dəm dəhşətli bir səs eşitdim, tez geriyə, evə qaçdım ki, anam məni görüb sakitləşsin ki, sağ-salamatam. Otağa girib balkona çıxmaq istədim. Balkondan əsər-əlamət qalmamışdı…” 

Bu gün istedadlı pianoçu, Əməkdar İncəsənət xadimi Gülarə Əliyevanın vəfatından 19 il ötür... 

Bu da bir ağır tale... 

Bu da gözəl, alicənab, yumşaq ürəkli, nəcib bir xanımın ömür yolu... Məkanı cənnət olsun.

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, YAP Qaradağ rayon təşkilatı Siyasi şurasının üzvü, Qadınlar Şuradının sədr müavini.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR