Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev beynəlxalq İƏT Modeli layihəsində çıxış…
Ens.az xəbər verir ki, Trend-in məlumatına görə, Bakıda yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən beynəlxalq İƏT Modeli layihəsində Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin onlayn mühazirəsi təşkil olunub.Dünən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri və millət vəkili Tural Gəncəliyev xüsusi qonaq mühazirəçi qismində beynəlxalq İƏT Modeli layihəsində onlayn qaydada mühazirə deyib. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən olan layihə iştirakçıları mühazirəni böyük maraqla qarşılayıblar. Mühazirəyə artıq 2000-ə yaxın baxış olub. Məruzəçi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqda məlumat verərək, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin mahiyyətini açıqlayıb.T.Gəncəliyev Azərbaycanın bu münaqişənin sülh yolu ilə ədalətli şəkildə həll edilməsi üçün hər zaman təşəbbüs göstərdiyinə baxmayaraq, Ermənistan hökumətinin və rəhbərliyinin sülh danışıqlarını təhlükəyə atan və status-kvonu qoruyub saxlamağa çalışan addımlar atdığını təəssüflə qeyd edib. O həmçinin bildirib ki, işğalçı Ermənistan rəhbərliyinin birbaşa dəstəyi və iştirakı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı və qondarma rejim rəhbərinin dünənki “inaqurasiya mərasimi” qəbuledilməzdir və Ermənistan rəhbərliyinin destruktiv mövqeyini bariz şəkildə göstərir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələlərinin “qırmızı xətt” olduğunu xüsusi vurğulayan T. Gəncəliyev həmçinin bəzi erməni sosial media istifadəçilərinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini icmanın nəzərinə çatdırdıqlarını qeyd edib. T.Gəncəliyev eləcə də doğulduğu və on iki yaşına qədər yaşadığı, hal-hazırda işğal altında olan Şuşa şəhəri, onun dağıntılara məruz qalmış mədəni irsi haqda danışıb, bu şəhərdə keçirdiyi uşaqlıq xatirələrini beynəlxalq iştirakçılarla bölüşüb. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.Qeyd edək ki, bu il onlayn qaydada həyata keçirilən layihənin son 5 həftədəki mühazirələrini ümumilikdə 50 mindən artıq insan izləyib. Ötən həftələr ərzində bu prorqam çərçivəsində Böyük Britaniyanın Leeds Universitetinin professoru Salman Sayyid, Vaşinqtondakı Global Siyasət Mərkəzinin Direktoru Dr. Azeem İbrahim, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyatçı alim Aqil Şirinov, Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri, səfir Fərid Şəfiyev müxtəlif mövzularda mühazirə ilə çıxış ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət