“Dağlıq Qarabağ tənzimlənməsində aktiv dinamizmin 4 mənbəyi var"
“Dağlıq Qarabağ tənzimlənməsindəki yeni məzmunlu aktiv dinamizm keyfiyyət dəyişikliyinə gətirib çıxara bilər”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, bu keyfiyyət dəyişikliyinin istiqamətini müəyyənləşdirmək çətindir:
I. ATƏT MQ formal struktura çevrilə, hətta fəaliyyətini dayandıra bilər.
II. Avropa İttifaqı və ya bu quruma daxil olan dövlətlərdən biri (Almaniya və ya Fransa) təşəbbüsü ələ ala bilər.
III. Ermənistan və Azərbaycan liderləri arasında birbaşa vasitəçilərin iştirakı olmadan tənzimlənmə prosesinə başlaya bilər.
IV. Moskva sürətli addımlarla Dağlıq Qarabağ tənzimlənməsində ilkin mərhələni reallaşdıra bilər.
Dağlıq Qarabağ tənzimlənməsində aktiv dinamizmin 4 mənbəyi var:
I. Düşənbədə MDB sammiti çərçivəsində ER baş naziri N.Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında qeyri-formal şəraitdə bir neçə dəfə görüşün baş tutması, MDB icraiyyə komitəsinin katibi S.Lebedevin açıqlaması çox vacib mənbədir. İlham Əliyevlə N.Paşinyanın operativ əlaqənin qurulması ilə yanaşı, görünür, tənzimlənmənin strateji əsasları barədə ümumi fikirləri mübadiləsi olub. Bu işdə RF prezidenti V.Putinin müstəsna rolunu görürük. V.Putinin əsas məqsədi Ermənistanı Rusiyaya daha çox bağlamaqdır. Bunun üçün yeganə mümkün variant Mehri dəmir yolunun açılmasıdır. Beləliklə, V.Putin bir addımla iki uğur əldə etmiş olur: Ermənistanla sovet dövründə mövcud olan əlaqələri bərpa edib, özünə bağlayır. Bu Ermənistanın Rusiyanın təsirindən çıxması ilə bağlı Qərbin ümidlərinə də zərbədir. Bu addımla Azərbaycanı tərəfini özünə daha da yaxınlaşdırır: Mehri dəmir yolunun açılması 7 rayonun işğaldan azad olunması anlamındadır. RF-in belə aktivliyini həm də Qərbin aktivləşməsinə reaksiya kimi də görmək olar.
II. ABŞ Dağlıq Qarabağ tənzimlənməsində bəyanatlarının sayını xeyli artırıb. ABŞ-ın Ermənistandakı keçmiş səfiri R.Millz Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmadan sülhün mümkün olmayacağını bildirdi. R.Millz Ermənistan cəmiyyətinin bu məsələni müzakirə etməməsini ziyanlı hesab edir. R.Millzin bu bəyanatı Ermənistanda ciddi ajiotaj yaratdı. RF XİN R.Millzi başqa məsələlərdə Ermənistanın daxili işlərinə qarışmaqda ittiham etdi. RF XİN-nin bəyanatının dolayısı yolla həm də R.Millzin Dağlıq Qarabağla bağlı dedikləri ilə də əlaqəlidir. Belə ki, R.Millz ümumilikdə götürdükdə Ermənistanın daxili işlərinə qarışmaq kimi başa düşülən bəyanatlar verməmişdi. Onun bəyanatları ABŞ-ın Ermənistandakı maraq subyektləri və demokratiya üstündə qurulmuşdu. Diplomatik nöqteyi-nəzərdən RF XİN-nin Millzi suveren dövlətin daxili işlərinə qarışmaqda ittiham etməsi üçün əsaslar yox idi. İstər-istəməz RF XİN-nin R.Millzin Dağlıq Qarabağla əlaqəli dediklərinə də etiraz var idi. R.Millzin Dağlıq Qarabağla əlaqəli bəyanatını baş nazir N.Paşinyan “vəzifədən gedən səfirin bəyanatı” kimi qiymətləndirdi. Bu, N.Paşinyanın özünü aldatmasının və ya qısa yaddaşlığının əlamətidir. Amerikalı həmsədr C.Uorlik də həmsədrlikdən gedənə yaxın erməniləri qane etməyən bəyanatlar verdi. O zaman ki, xarici işlər naziri E.Nalbandyan və o cümlədən bütün Ermənistan C.Uorlikin bəyanatını istefa vermiş həmsədrin mövqeyi kimi təqdim etdilər və özünü aldatmaqdan ləzzət aldılar. C.Uorlikdən sonra həmsədr olmuş C.Hoqland dərhal Yenilənmiş Madrid Prinsiplərinin 6 maddəsinin izahını verdi. İzah sırf antierməni idi, ermənilər susdu. ABŞ-ın indiki səfiri E.Şefer vəzifəyə başlayan kimi Dağlıq Qarabağ tənzimlənməsi üçün nəzərdə tutulan Helsinki Yekun Aktının 3 prinsipinin izahını verdi. İzah tam ermənilərin arzuladığının əksinə idi. Ermənilər buna da susdu.
Dağlıq Qarabağda R.Millzin bəyanatlarını kürünün iyi ilə əlaqələndirdilər.
III. ABŞ Dövlət Katibinin Avrasiya məsələləri üzrə yardımçısı C.Kent də Ermənistanda olarkən Dağlıq Qarabağ məsələsini müzakirə etdi, Dağlıq Qarabağın danışıqlara tərəf kimi qatılması ilə bağlı suala cavabdan yayındı.
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri C.Boltonun Yerevandakı görüşlər zamanı Dağlıq Qarabağ tənzimlənməsi barədə verdiyi bəyanatlar yeni abı - hava yaratdı. C.Bolton münaqişə tərəflərinə yalnız bir dövlətin (RF-in) silah satmasını zərərli adlandırdı. Əgər regionda silah uğrunda yarışma başlayarsa, münaqişə tərəfləri ABŞ silahı alarsa, bu tənzimlənməyə kömək edəcəkdir. Boltonun digər fikrinə görə, N.Paşinyanın reytinqi yüksəkdir; növbədənkənar parlament seçkilərindən sonra onun yüksək reytinqi Dağlıq Qarabağ tənzimlənməsinə kömək edə bilər. Boltonun Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda üçüncü tezisi daha kəsərli və Ermənistana konkret yönəli idi: Ermənistan üçün xarici təzyiqi zəiflətməyin yaxşı yolu Dağlıq Qarabağ münaqişəsini həll etməkdir.
IV. A.Merkelin Yerevanda Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsinin məsuliyyətini üzərinə götürməyə hazır olduğunu bəyan etməsi də indiki aktivliyin əsas mənbələrindən biridir. Dağlıq Qarabağ tənzimlənməsi barədə Ermənistanda açıqlanan məlumatlar beynəlxalq aləmdə də rəyin formalaşmasına təsir etmək gücündədir. N.Paşinyan ərazilərin Azərbaycana qaytarılacağını ATƏT MQ-nin sənədində yazıldığını bildirdi. Eks-prezident R.Köçəryan da ərazilərin Azərbaycana qaytarılmasının gündəlikdə olduğunu etiraf etdi. Bütün bu bəyanatlardan Ermənistandakı xarici diplomatların xəbəri var. RF-in baş verənlərə münasibəti dinamizmlə bağlı qapalı dairə yaradıb. ABŞ və digər aktivliklərdən qıcıqlanan, narahat olan Rusiya özü müəyyən addımlar atır. Bu, nəticədə dinamizmin daha da məqsədyönlü formalaşmasına şərait yaradır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət