Slimfit
  1. MEDİA

DAĞ ŞƏLALƏSİ

DAĞ ŞƏLALƏSİ
Sakura

DAĞ ŞƏLALƏSİ

“Ömür əbədi yuxudan öncə kiçik bir gəzintidir...” 

L.N.Tolstoy

Payızın oğlan çağında, gecə saat dörddə əlinə qələm alıb bir şair eloğlun haqqında ürək sözlərini yazmaqdan gözəl nə ola bilər ki? Şair! Bu dörd hərfdən ibarət sözün məsuliyyətinin fərqinə varmayıb, bu sözü öz adıyla yanaşı eşitmək istəyən çox şeir yazanları görmüşük. Amma əlahəzrət Zamana sınaqlarından o tərəfə keçə bilmədiklərindən şeir kitablarından başqa təsəlli yerləri qalmayıb. Şeir qəlibindən yetərincə istifadə etsələr də şeirin müqəddəsliyindən pay ala bilməyiblər. Şairlik nə peşə, nə də ki sənət deyil. Şair olmaqçın anadan şair doğulmalısan. Əbəs yerə Qurani Kərimin ən böyük surələrindən biri “Şairlər” surəsi adlanmır axı. Şairlik bəlkə də İlahinin ən çox sevdiyi bəndələrinə bəxş etdiyi bir ənamdır. Elə bir ənam ki, kimə nəsib olarsa hər iki dünyanın gözəlliklərini tərənnüm etmək xoşbəxtliyini yaşaya bilir. Şair həm də carçı, haqdan xəbər verən bir haqq yolçusudur və hər bir şairin son ünvanı rəhmətlər adasıdır...

Ömrünün qızmar yay fəslini yaşayıb, payızına doğru addımlayan, Yardımlının “yalçın qayalarını daş-daş əmib” daşdan da sərt addımlarla çağdaş poeziyamızda özünəməxsus cığır açan Sakit İlkin! Şairliyinə zərrəcə şübhə etmədiyim şair eloğlum. Harada oluramsa, poeziyadan söhbət düşəndə sənin adını iftixarla çəkir, səni Yardımlının ən parlaq istedadlı şair övladlarından biri kimi nümunə göstərirəm. Amma çox heyfsilənirəm ki, dağ şəlaləsitək sal daşları yarıb keçən istedadından hələ də çoxlarının xəbəri yoxdur. Heyfsilənirəm ki, bu dağ şəlaləsinin əzəmətini hər kəs görməyib, möhtəşəmliyindən hamının xəbəri yoxdur...

Əziz qardaşım! Sən elə bir şairsən ki, ən mötəbər söz xiridarlarını belə sehirli sözlərinlə ovsunlaya bilərsən. Sən elə bir şairsən ki, doğulduğun gündə göylərdən qopub, yaşadığın Yardımlıya düşən metoroitin şöhrəti kimi öz istedadınla hər yana səs sala bilərsən. Bununçün nə çox, nə az “sehirli qutuda” tez-tez görünmək lazımdır. 

Nə isə, adət etdiyimiz kimi səbəbi taleydə görüb, Sənə haqq qazandırıram. Deyirəm, nə yaxşı ki Yardımlının Sakit İlkini var, Sakit İlkinin şeir dünyası olduğu kimi...

Və mən varlığından qürur duyan bir eloğlun kimi Səni ad günün münasibəti ilə təbrik edir, uzun ömür, eləcə də əbədiyyətə gedən yolda hər iki dünyanın səfasını arzulayıram...

Elman Eldaroğlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR