Cümşüd Nuriyev məhkəməyə verildi
Vaxtilə bir sıra yüksək vəzifələrdə çalışmış politoloq Cümşüd Nuriyev məhkəməyə verilib.
Ens.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu açıqlamasında vəkil Elvin Əliyev deyib.
Onun sözlərinə görə, politoloq Cümşüd Nuriyev son günlər bəzi onlayn media səhifələrində əhalidə çaşqınlıq və dövlət qurumlarına qarşı inamsızlıq yaratmaq məqsədilə qərəzli, təxribat xarakterli çıxışlar edib:
“Bütövlükdə bir bölgənin icra hakimiyyəti başçılarını və məmurlarını, o cümlədən Şamaxı rayon icra hakimiyyətinin rəhbər vəzifəli şəxslərini digər ölkələrə xidmət etməkdə və bir sıra ağır cinayətlərdə ittiham edir.
Cümşüd Nuriyevin və bəzi internet səhifələrinin yaydığı əsassız, heç bir fakta söykənməyən və böhtan xarakterli dezinformasiyalar cəmiyyətin hakimiyyət nümayəndələrinə qarşı olan inamını azaltmağa bir cəhddir.
Qeyd etməliyik ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə hər kəsin fikir və ifadə azadlığı qanunla qorunur. Ancaq fikir və söz azadlığından sui-istifadə edərək insanların təhqir edilməsi, onlara böhtan atılması yolverilməzdir və bu cür hallara görə hüquqi məsuliyyət qaçılmazdır.
Bütün bunlar nəzərə alınaraq Nuriyev Cümşüd Qurban oğlunun bu əməlləri ilə bağlı Şamaxı rayon icra hakimiyyətinin şöbə müdiri Mərdan Nəhmətov tərəfindən Bakı şəhər Səbail Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət olunub”.
Qeyd edək ki, Cümşüd Nuriyev bir neçə gün əvvəl mətbuata açıqlamasında Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədovu və şöbə müdiri Mərdan Nəhmətovu yeyintidə, rüşvətlə vəzifəyə təyin etməkdə ittiham etmişdi.
Xatırladaq edək ki, C.Nuriyev 1990-cı illərin əvvəllərində Gömrük Komitəsi sədrinin birinci müavini, Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri, eləcə də Kənd təsərrüfatı və ərzaq nazirinin müavini vəzifələrində çalışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət