Çox şadam ki, Azərbaycan lideri ilə danışa bildim - Paşinyan
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə ölkələrarası 3 məqamı müzakirə etdik.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan MDB ölkələrinin Düşənbədə keçirilən iclasında Prezident İlham Əliyevlə ayaqüstü görüşü haqda öz Feysbuk səhifəsində yazıb.
“Görüş rəsmi deyildi və biz ilk dəfə danışırdıq”, - qeyd edən Paşinyan vurğulayıb ki, Rusiya lideri Putinin futbol üsrə dünya çempionatı zamanı onları tanış etməsinə baxmayaraq, həmin vaxt Azərbaycan lideri ilə danışmaq fürsəti olmamışdı.
“Azərbaycan və Ermənistan müdafiə nazirlərinin cəbhədə insidentin qarşısını almaq üçün danışmalı olduğunu bildirdik”, - Paşinyan yazıb.
O, həmçinin bildirib ki, danışıqla bağlı dərhal Qarabağ separatçılarının lideri Bako Saakyana məlumat verib. Saakyana deyib ki, cəbhədə hər hansı insidentə yol verməmək üçün dərhal addım atılmalıdır.
“Bu gecə son 4 ayda ilk dəfə cəbhədə hər hansı insident yaşanmadı. Bu, mənim hakimiyyətə gəlişimdən sonra ilk sakit gecədir”, - Paşinyan bildirib.
İkinci məqamla bağlı yazan Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti ilə dialoq və danışıqlara açıq olmaq barədə danışıblar. Hər iki tərəf Qarabağ konfliktinin sülhlə həllinin vacibliyini vurğulayıb.
“Üçüncü vacib məqam bizim aramızda operativ əlaqənin yaranması ilə bağlıdır. Biz bu barədə öz ölkələrimizin əlaqədar qurumlarına tapşırıq verəcəyik”, - Paşinyan yazıb.
Onun sözlərinə görə, bu əlaqə atəşkəs rejiminin saxlanılması üçün olduqca vacibdir.
Onun sözlərinə görə, bu ayaqüstü söhbət istisna olmaqla, onlar sentyabrın 27-si axşam və bu gün bir yerdə olmalarına rəğmən, heç bir konkret mövzu ilə bağlı danışmayıblar:
“Əsas problem bizim üçün atəşkəs rejiminin pozulmasıdır. Açıq deyirəm, mən çox şadam ki, Azərbaycan lideri ilə danışa bildim”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət