Slimfit
  1. İQTİSADİYYAT

COP29 Azərbaycana sərmayə çağırışları edilməsi üçün mühüm platformadır - ŞƏRH

COP29 Azərbaycana sərmayə çağırışları edilməsi üçün mühüm platformadır - ŞƏRH
Sakura

COP29 Azərbaycana sərmayə çağırışları edilməsi üçün mühüm platformadır - ŞƏRH

Qlobal enerji mühitinin dinamik dəyişiklikləri, iqlim dəyişikliyi ilə mübarizə və enerji müstəqilliyi kimi vacib məsələlər alternativ enerji mənbələrinə olan tələbatı artırır. Azərbaycanın günəş və külək enerjisi sahəsindəki təsdiqlənmiş böyük potensialı bu kontekstdə xüsusi önəm kəsb edir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 26 940 meqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23 040 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Bu potensialdan istifadə etmək üçün beynəlxalq sərmayələrin cəlb edilməsi və maliyyə kanallarının açılması mühüm addımdır. Bu, təkcə iqtisadi inkişafa deyil, eyni zamanda, enerji müstəqilliyinin artırılmasına və ekoloji davamlılığa da töhfə verəcək. Məhz buna görə də başlamasına sayılı günlər qalmış BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müvafiq təşviqlər və tərəfdaşlıqlar vasitəsilə bu sahədə irəliləyişlər əldə edə bilər. Bu, həm də regional enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynaya bilər. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun “Effektiv Enerji Keçidinin Təşviqi 2023” hesabatında deyilir ki, Azərbaycan tənzimləmə mühitini və infrastrukturu təkmilləşdirməklə keçidə hazırlıq istiqamətində 120 ölkə arasında 62 enerji keçidi indeksi ilə 32-ci yerə yüksəlib.

COP29 və Beynəlxalq Sərmayə Çağırışları

COP29 qlobal iqlim siyasətinin müzakirə edildiyi ən önəmli platformalardan biridir. Burada iştirak edən ölkələr arasında iqlim dəyişikliklərinin təsirlərini azaltmaq və enerji keçidini sürətləndirmək üçün müzakirələr aparılacaq. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirdə alternativ enerji sahəsindəki potensialının təqdim olunması beynəlxalq sərmayələri cəlb etmək üçün bir fürsət olacaq. Bu çərçivədə dövlətin müvafiq təşviqləri, investisiya mühitinin yaxşılaşdırılması və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq əhəmiyyətli rol oynayacaq.

Qeyd etmək lazımdır ki, COP29 “maliyyə COP-u” kimi təqdim olunur, çünki ölkələr üçün yeni qlobal iqlim maliyyəsi hədəfi müəyyən ediləcək. Böhranın güclənməsi ilə inkişaf etməkdə olan ölkələrin hazırda ehtiyac duyduğu iqlim maliyyəsinin faktiki məbləğinin ildə 500 milyard dollardan 1 trilyon dollara qədər olacağı təxmin edilir. COP29-un fəaliyyət gündəliyində yer alan əsas təşəbbüslərdən biri də İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılmasıdır. İqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında bu fondun mühüm rol oynayacağı gözlənilir.

COP29-da enerji istehsalını diversifikasiya etmək və xarici sərmayələri cəlb etmək üçün strateji addımlar atılacaq. Beynəlxalq maliyyə kanallarının açılması, investisiya mühitinin yaxşılaşdırılması və müasir texnologiyaların tətbiqi Azərbaycanın enerji sektorunun inkişafında həlledici rol oynaya bilər.

Qeyd edək ki, beynəlxalq maliyyə kanallarının açılması Azərbaycanın alternativ enerji sahəsindəki inkişafını sürətləndirə bilər. Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq maliyyə institutları müvafiq layihələrin maliyyələşdirilməsi üçün resurslarını ayıra bilərlər. Bu, yeni texnologiyaların tətbiqi, infrastrukturun modernləşdirilməsi və insan resurslarının inkişafı üçün vacibdir.

İqtisadçı ekspert Eldəniz Əmirov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan qeyri-neft sektoru istiqamətində bir çox strategiyalara sahibdir ki, bunlardan biri və daha uzunmüddətlisi alternativ enerji strategiyasıdır.

“Alternativ enerji strategiyası həm də enerji növünə görə üçüncü enerji strategiyasıdır. COP29 Azərbaycanın bu strategiyasının uğurla icra olunmasına, Azərbaycanda birmənalı olaraq bu sektorun inkişafına, eyni zamanda, investisiya cəlb edilməsinə öz müsbət töhfəsini verəcək”, - deyə E.Əmirov vurğulayıb.

Ekspertin sözlərinə görə, COP29 yaşıl istiqrazların buraxılmasına və bu istiqrazlardan əldə olunmuş vəsaitlərin ölkəmizdə iqtisadi səmərəsinin güclənməsinə imkan verəcək: “Eyni zamanda, 2011-ci ildən başlayaraq Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb. COP29 belə tədbirlər siyahısında həm nüfuzuna, həm miqyasına, həm də digər parametrlərinə görə birmənalı olaraq birinci olacaq. Həmçinin ölkə iqtisadiyyatına müsbət təsirlərinə görə də digər tədbirləri geridə qoyacaq. COP29 ən önəmlisi yeni iş yerlərinin açılmasına imkan verəcək. Təbii ki, investisiya mühitinin yaxşılaşması və cəlb edilən investisiyalar birmənalı buna imkan verir. Məşğulluğun təmin olunması, turizmin inkişafı, yeni texnologiyaların ölkəmizə gətirilməsi, yeni maliyyə kanallarının formalaşması, yaşıl maliyyə mexanizminin ölkəmizdə genişlənməsinə fürsətin yaradılması və s. kimi istiqamətləri də COP29-un edəcəyi töhfələr olaraq qeyd etməliyik”.

İqtisadçı ekspert Xalid Kərimli isə açıqlaması zamanı bildirib ki, COP29-la əlaqədar ölkədə iqtisadi aktivlik müşahidə olunur.

“Noyabrda turizm, iaşə, nəqliyyat və digər xidmət sektorları bu prosesdən ciddi faydalanacaqlar. Digər mühüm məqamlardan biri də COP29-da qurulacaq əlaqələrdir. Çünki COP29 çox sayda ali hökumət nümayəndələrinin, eyni zamanda, şirkətlərin nüfuzlu şəxslərinin iştirak edəcəyi tədbirdir. Bu baxımdan biznes strukturlarının, həmçinin ölkənin xarici partnyorlarla əlaqələrinin inkişaf etdirilməsi üçün əlverişli platformadır”, - deyə X.Kərimli bildirib.

Ekspert vurğulayıb ki, Azərbaycanın postneft dövründə əsas diqqət etdiyi məqamlardan biri yaşıl enerji ixracı üzrə ixtisaslaşmaqdır və məhz buna görə, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın bp, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb: “Bundan əlavə, Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. Əsas məqsədlərdən biri elektrik enerjisinin ixracı üçün lazım olan kabel xətlərinin çəkilməsi üzrə investisiyanı maliyyələşdirəcək qurumların cəlbi prosesidir. Həmçinin enerjinin dayanıqlı kanallar vasitəsilə Avropaya ixracı məsələləri də gündəmdədir. Hesab edirəm ki, COP29 bir çox məsələnin həllində mühüm rol oynayacaq”.

Nəticə etibarilə Azərbaycanın alternativ enerji mənbələri üzrə böyük potensialı COP29-da beynəlxalq sərmayələrin cəlb edilməsi və maliyyə kanallarının açılması ilə birlikdə ölkənin enerji sektorunun inkişafında həlledici rol oynaya bilər. Bu, yalnız iqtisadi inkişafa deyil, eyni zamanda, enerji müstəqilliyinin artırılmasına və ekoloji davamlılığın təmin edilməsinə də töhfə verəcək. Azərbaycanın alternativ enerji potensialını maksimum dərəcədə istifadə etmək üçün atılacaq addımlar gələcəkdə regionda enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq. COP29-un bu məqsədlərə nail olmaq üçün bir platforma kimi istifadə edilməsi Azərbaycanın beynəlxalq enerji arenasında daha da irəliləməsinə imkan yaradacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR